İkiüzlülüyün bir üzü

(Üç “Q” silsiləsindən)

Müəllifdən: bu günlərdə müxtəlif dövrlərə aid qeyd dəftərçələrimi yenidən gözdən keçirdikdə onların bir hissəsini kiçik esselərə (əgər belə demək mümkünsə!) çevirmək arzusu və həvəsi yarandı. Əksəriyyəti ədəbiyyat, qadın, içki mövzusunda olan həmin qeydlər əsasında yazdığım parçaları qəzetimizin hər bazar günü sayında “Üç ”Q”” (qələm, qədəh, qadın) ümumi başlığı altında sizlərlə paylaşmaq istəyirəm.

Inanıram ki, həftədə bir gün siyasətsiz yazılar yazmağımı anlayışla qarşılayacaqsınız, baxmayaraq ki, bu kiçik esselərin bir çoxunda günümüzün ağrılarının, acılarının, qayğılarının da izləri olduğunu zamanla görəcəksiniz.

Ikiüzlülüyün bir üzü 

Bəziləri yazıçının yeganə vəzifəsinin sadəcə, öz sakit hücrəsinə çəkilib yazmaqdan ibarət olduğunu iddia edərkən, onu ictimai məsuliyyətdən, vətəndaş mövqeyindən azad etməyə çalışarkən çox sadə bir gerçəkliyi unudurlar: axı heç də həmişə yazıçı özü ictimai-siyasi həyata soxulmur, əksər vaxtlarda o lap sakit hücrəsinə çəkildikdə belə, amansız siyasi idarəçilər özləri yazıçının həyatına burnunu soxur, ondan mütləq qaydada hansısa itaətkarlıq, mirzəlik, yandaşlıq, yaltaqlıq tələb edirlər. Yazıçını daim ödülləndirilməklə cəzalandırılmaq arasında seçim etmək məcburiyyəti qarşısında qoyurlar. 

Bu cür axmaq ənənə, iylənmiş yanaşma bu gün dünyada daha çox bizim kimi üçüncü dünya ölkələrində qalıb. Ən qəribəsi, gülməlisi isə odur ki, yazıçı yaltaqlıq edəndə heç kimin yadına yazıçının borcunun sadəcə oturub əsərlərini yazmaq olduğu düşmür.

Elə ki, yazıçı etiraz edir, hesab istəyir, təpki göstərir, yumruq qaldırır, bax o zaman “yazıçının siyasətdən kənarda dayanmalı olduğu” barədə moizələr başlayır.

Yazıçı sarayın yanındadırsa – yaxşıdır, hətta bundan sonra heç nə yazmasa belə, dahidir, kitablarına əl basıb and içmək belə olar, hər cür iltifata, imtiyaza layiqdir.

Yox, əgər o, xalqın yanındadırsa, əks qütbdədirsə – deməli, “siyasətdən başı çıxmır, ona görə də gedib ədəbiyyatla, yazı-pozuları ilə məşğul olması məsləhətdir”, bir az da uzağa getsək, “vətən xainidir”, “xalq düşmənidir”, aqibəti isə “ya Sibir, ya qəbir olmalıdır”. 

Məni bu ikiüzlülük həmişə düşündürüb və düşündürür: niyə yazıçının yaltaqlanması onun “siyasiləşməsi” demək deyil və qəbulolunandır, təqdirediləndir, amma tənqid və etiraz etməsi “siyasiləşməsi”dir və qəbulolunmazdır, bağışlanmazdır…

Niyə yazıçının hökmdarı mədh etməsi “siyasətə qarışmaq” deyil, amma tənqid etməsi “siyasətə bulaşmasıdır?”

Açığı, hər dəfə bu haqda düşünəndə belə bir ikiüzlülüyün səbəbini izah etməkdə çətinlik çəkirəm. 

Amma bir şeyin ki, adı ikiüzlülükdür, zatən onun heç izaha da ehtiyacı qalmır.

Poçtalyon ağrısı

Bir az təbiətin, bir az da zamanın qaydasıdır bu: illər keçdikcə, həyatımızda birilərinin yeri boşalır; başqaları daxil olur həyatımıza, amma o yer yenə də boş olaraq qalır. 

Yeni tanışlıqlar, dostluqlar, doğmalıqlar həyatımızdan gedənlərin yerini əsla doldura bilmir.

Doldura bilsəydi, xatirələrə ehtiyac da qalmazdı zatən.

Kimisə xatırlayırıqsa, deməli, onun yeri boşdur həyatımızda. 

Fərqli çağda yaşayırıq, sürət əsrində yaşayırıq. Dünyanın kiçildiyi, uzaq məsafələrin qısaldığı, az qala uzaqlıq deyə bir şeyin qalmadığı zamanda yaşayırıq.

Və bu çağın qazanclarını, üstünlüklərini saymaqla bitməz.

Mən isə onun bir itkisindən yazmaq istəyirəm. Bu, poçtalyon itkisidir. Bildiyimiz poçtalyon – qucağı qəzet, jurnal dolu, çiynindən məktub çantası asılı…

Ən azı mənim uşaqlıq xatirələrimdə ilişib qalan poçtalyon obrazı belə idi.

Hər gün günortadan sonra həsrətlə dəmir darvazamızın qarşısında dayanıb onun gəlişini gözləyərdim. Gülərüz, nurani bir qadındı. 

Gətirdiyi qəzetləri, jurnalları, məktubları necə sevinərək alıb evə qaçdığımı xatırlayıram. 

Olardı bəzən, xəstələnər və gəlməzdi. 

Ertəsi gün iki günün qəzetlərini, jurnallarını, poçt göndərişlərini gətirər və hər dəfəkindən fərqli olaraq, o gün qaş-qabaqla, incimişcəsinə alardım bizə çatmalı olan qəzetləri, jurnalları, məktub vardısa – məktubları.

Səbəbini özü də bilirdi. Bildiyi üçün də həmişəkindən daha çox gülümsərdi.

Mənimsə heç ağlıma gəlməzdi, gəlməzdi ki, gün olacaq, poçtalyonlar bir də heç vaxt gəlməyəcəklər. 

Həyatımızdan biryolluq çıxıb gedəcəklər.

Mənim üçün onların yeri hələ də boşdur. Mobil telefon, internet – hər nə qədər onlardan daha çevik, sürətli olsalar da, o boşluğu doldura bilmirlər.

Onların yeri bir ayrıdır məndə.

Onların işığı, istiliyi, doğmalığı bir başqadır.

…Mən poçtalyonlar üçün darıxıram. 

Yesenini 25 ildir öldürürlər

Bu yaxınlarda Sergey Yeseninin intihar etdiyinə inanmayanların bir arqumentini oxudum.

Yesenin Peterburqa gələrkən özü ilə bir çanta dolusu kitab da gətiribmiş.

Indi bəzilərini bu sual maraqlandırır, ya da başqalarını bu sualla maraqlanmağa məcbur edirlər: “Əgər o, intihar edəcəkdisə, həmin kitabları özü ilə niyə gətirmişdi?”.

Bununla da sonda şairin özünü öldürdüyü yox, öldürüldüyü iddiası müdafiə edilir.

Ilk baxışda ağlabatandır. Amma yenə suallar yaranır: 

1.Intihar daha çox ani qərardır. Kim özünü öldürəcəyini aylar, həftələr əvvəldən planlaya bilər ki? 

2.Yesenin özü ilə gətirdiyi kitablardan hansınısa oxuduqdan sonra da ruhi sarsıntı keçirə və intihar qərarı verə bilməzdimi?

3.Axı Yesenin öldürüləcəyini hardan bilirdi ki, ölümündən əvvəl, həm də öz qanı ilə “Do svidaniya, druq moy, do svidaniya” şeirini yazsın? Doğrudanmı, bu sadəcə, bir təsadüf idi? Belə bir təsadüfü dərk etməyə çalışmaq insan zəkasının sərhədlərindən kənar deyilmi?

Amma o da başqa bir müzakirə mövzusudur ki, “Do svidaniya, druq moy, do svidaniya” şeirini öz qanı ilə yazan şair, üstəlik niyə özünü asaraq intihar etməli idi? Damarlarını doğraması gözlərini həyata yummaq üçün kifayət etdiyi halda, bir də özünü asmasına nə ehtiyac vardı?

Hə, suallar çoxdur. Və nə yazıq ki, artıq az qala 25 ildir (məlum polemika – intihar, yoxsa qətl? – Sovet hakimiyyətinin qürubuna doğru, 80-ci illərin sonlarında başlamışdı) Yesenindən söz düşərkən ən çox məhz buna bənzər suallar, müəmmalar, şüğhələr müzakirə olunur. Elmi-elmsiz araşdırmalar, sənədli filmlər, televerilişlər, radiodiskussiyalar hazırlanır. 

Çoxları fərqində deyil: ölməz şairin ölüm faktı yaradıcılığından önə çıxdıqca – çıxarıldıqca, şeirləri hər şeyin yalnız ucuz sensasiya, maqazin tərəfi ilə maraqlananların boşboğazlığının, avaragorluğunun kölgəsində qaldıqca, Yesenin həqiqətən ölür, öldürülür. Ruhən, mənən.

Çünki Yesenin, bəşəriyyətin şeirlərindən başqa heç nə ilə xatırlanmamalı olan nadir şairlərindəndir. 

Hətta, Yesenin – elə şeir deməkdir.

ardı növbəti bazar sayımızda