«Frans-press» Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ətrafında baş verənləri dünyaya yaydı
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə qarşı təzyiqlər, o cümlədən bu təşkilatla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində cinayət işi başlanması xəbəri artıq beynəlxalq mediada yayılıb. Dünyaca məşhur “Frans-press” agentliyinin bu barədə hazırladığı xəbəri xeyli xarici media orqanları tirajlayıb.
Məlumatda bildirilir ki, müstəqil şəkildə seçkinin monitorinqini aparan və yekun rəyində bu seçkidə yol verilmiş pozuntuları tənqid edən təşkilatla bağlı cinayət işi başlanıb.
“Heç bir partiyaya yaxın olmayan, müəyyən qədər ABŞ və Avropa Birliyi tərəfindən maliyyələşən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri zamanı yol verilmiş çoxsaylı qanun pozuntuları, o cümlədən qutulara topa-topa bülletenlərin atıldığı barədə məlumatlar yayıb. Təşkilat müşahidələr nəticəsində belə nəticəyə gəlib ki, bu seçki azad və demokratik hesab oluna bilməz”, – deyə “Frans-press” təşkilatın fəaliyyəti barədə də məlumat verir.
Həmçinin qeyd olunur ki, uzun illərdir Əliyevlər ailəsi Azərbaycanda hakimiyyəti zəbt edib. Ilham Əliyev budəfəki seçkidə 85 faiz səslə üçüncü müddətə prezidentliyini təmin etdi: “51 yaşlı Ilham Əliyev 2003-cü ildə keçmiş KQB generalı və kommunist dövrünün bosslarından olmuş atası Heydər Əliyevin ölümündən sonra mübahisəli seçki nəticəsində hakimiyyətə gəlib. Bu ölkədə hakimiyyətə qarşı azacıq tənqid repressiyalarla nəticələnir. Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini seçki öncəsi onlarla müxalifətçini həbsxanaya salmaqda ittiham edib”.
Bundan başqa, “Frans-press” yada salır ki, Azərbaycan hakimiyyəti bu seçkidə pozuntulara yol verildiyini bəyan edən ATƏT müşahidəçilərini tənqid atəşinə tutub.
Informasiya şöbəsi