“Azərbaycan”da yenidən etiraz

“Azərbaycan” Universitetində imtahanların test üsuluna keçirilməsi ilə əlaqədar tələbələr dünən də etiraz aksiyası keçirdilər. Səbəb isə rektorla görüşdən razı qalmamaları olub. Tələbələrin “Azadlıq”a verdiyi məlumata görə, səsləndirdikləri təklifə müsbət cavab verilməyib.
“Biz imtahanların test üsulu ilə keçirilməsini istəyirik. Açıq imtahan bizi məzun olmağa imkan vermir. Hər il burada 5-6 tələbə məzun ola bilir. Ən yaxşı oxuyan tələbənin belə 7-8 kəsiri olur. Bütün bunlar açıq imtahana görədir. Adını Boloniya sistemi qoyublar. Ancaq Azərbaycansayağı sistemdir”.
Məsələ ilə bağlı “qafqazinfo.az”-a açıqlama verən universitetin Iqtisadiyyat və Idarəetmə fakültəsinin dekanı Akif Əlizadə tələbələrlə akt zalında görüşdüklərini söyləyib: “Bu gün (dünən – red.) tələbələrlə akt zalında görüşdük. Tələblərini qeydə aldıq. Indi bununla bağlı rəhbərliklə bərabər təkliflər üzərində müzakirə aparacağıq və tələbələrlə ortaq məxrəcə gələcəyik”.
Qeyd edək ki, oktyabrın 21-də imtahanların test üsulu ilə keçirilməsi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də aksiya keçirmişdilər və sonda tələbləri yerinə yetirildi.

Ramin DEKO