Bizim ellərdə bir məsəl var; “şah məni dindirdi” adlanır. Yəqin, bu məsəli bir çoxunuz da eşitmisiz, bir kişi öz varlığını sübut etmək üçün arvadına deyir ki, mən padşahla həmsöhbət ola bilərəm. Arvad da deyir ki, a kişi, etmə, eləmə.
Kişi isə inad edir və bir gün sevincək evə dönüb deyir:
– Arvad, şah mənimlə danışdı!
– Nə danışdı, ay kişi?
– Gedib durdum şahın atla keçdiyi yolun üstündə, o da məni görüb dedi: “Yoldan kənara çəkil, ay qanmaz”…
Bu məsəl avam adamın şahın bir kəlmə, hətta həqarətli sözdən ötrü necə təşnə oluduğuna aiddir. Bizim ölkədə belələri, əlbəttə ki, var. Ancaq ən dəhşətlisi budur ki, indi bizim Şahımız özünün dindirilməsinə möhtac qalıb.
Bu prezident seçkisi, obrazlı desək, Ilham Əliyevin güllərini soldurub. Azərbaycan diplomatiyası dünyanın dörd bir yanından təbrik qoparmaq üçün əldən-ayaqdan düşüb. O gün AzTV Seyşel adalarından gələn təbriki elə həvəslə oxudu ki, qibleyi-aləmə lap yazığım gəldi. Olmaz olaydı bu seçki…
Seyşel təxminən bizim Şirvan şəhərinin sakinləri qədər (91 min) əhalisi olan adalar qrupudur. Hakimiyyət, hətta bu cırtdanların da təbrikindən şad-xürrəm olursa, onların halına acımaq lazımdır.
Hə, siz bu yerdə deyə bilərsiniz ki, axı o cırtdanlarla yanaşı, Fransa, Böyük Britaniya, Almaniya kimi nəhənglər də var.
Var!
Lakin o nəhənglərin əsas sözünü ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu deyib. Deyib ki, Ilham müəllim, seçkini saxta keçirmisən, özün də saxta prezidentsən. Ancaq nə etməli, post səndədir, iş belədir ki, bu xalqın sərvətinə sərəncam vermək ixtiyarı da sənin əlindədir. Ona görə səninlə alverimiz davam edəcək.
Bunu təxminən ona oxşadın ki, bir nəfər əlinə dəhrə götürüb girib zəngin bir muzeyə, indi xilasetmə orqanları onu zərərsizləşdirmək üçün dilətutma işi aparırlar. Neynəyəsən, durub üstünə çığıracaqsan, tarixi və qiymətli eksponatları qırıb dağıdacaq.
Buna görədir ki, hakimiyyət Avropa ölkələrindən, mədəni dünyadan gələn təbriklərə ürəkdolusu sevinə bilmir, ona indi Seyşellərdən gələn təbriklər əzizdir.
Dostumuzun biri bu mənzərəyə dünən yaxşı qiymət vermişdi: “Seyşel adalarından təbrik geldi! Vəssalam! Əl çəkin! Legitimdi! Nöbbəti təbriki Vircin və Panama adalarından gözləyirik!”
Humanizmin qıcqırması
Bakıda iki günlük III Beynəlxalq Humanitar Forum keçirildi. Forumun həmsədrləri Vladimir Putin və Ilham Əliyevdir. Forumda müzakirə edilən bir neçə mövzuya baxaq:
* Multikulturalizm və cəmiyyətdə inteqrasiya problemləri;
* Mədəniyyətlərarası dialoq (interkulturalizm) dəyərlər konsensusu məkanı kimi;
* KIV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru;
* Ənənəvi jurnalistika və sosial şəbəkələr.
Mövzuları unutmadan, forum gedən günlərdə Azərbaycanda yaşananlara baxaq:
– 5 nəfər etirazçı şərlənərək həbsə atıldı;
– Ənənəvi jurnalistikanın ölkəmizdəki əsas qalası olan “Azadlıq” qəzeti növbəti dəfə 3 min manat cərimələndi, hesabına həbs qoyuldu;
– Sosial şəbəkə fəalı Rəşad Ramazanlıya prokuror Eldar Həmzəyev 10 il azadlıqdan məhrumetmə cəzası istədi. Prokuror “azadxeber” saytının baş redaktoru Nicat Əliyevə də 10 il həbs cəzası istəyib;
– AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov məhz onunla qohumluq əlaqələrinə görə 7 il yarım azadlıqdan məhrum edildi;
– Mədəniyyət, mənəviyyat adamı Hacı Tale Bağırzadəyə heç bir əsas olmadan iki il həbs cəzası kəsildi.
Bunlar hələ hamısı deyil. Fəqət, təkcə bunlar əsas verir deyək ki, “çox humanist dövlətimiz var”!
Əlvida Əfqanıstan!
Əfqanıstan qəribə ölkədir.
Onunla nə sovetlərin qızıl ordusu bacardı, nə də ABŞ, NATO qoşunları…
Buddanın heykəlini çıxmaq şərtilə, heç “Taliban” da o dövləti dağıda bilmədi.
Ancaq artıq Əfqanıstanın gələcəyilə bağlı optimizmi dəfn etmək olar.
Indicə xəbər oxudum ki, bizim Diplomatik Akademiyada 40 əfqana “keçid dövründə dövlət quruculuğu” kursu keçiblər.
Vəssalam, Azərbaycanda dövlət quruculuğu öyrənən o 40 əfqan öz ölkələri üçün 40 atom bombasından da betər olacaq.
Bəşəriyyətə Əfqanıstanı itirmək münasibətilə baş sağlığı verirəm.
“Şübhəsiz, bütün canlar ölümü dadacaq…”