Məhkəmələrdə ictimai fəallara yüksək cəza istənilməsi bu sayın daha da artacağını göstərir
Arzu Abdullayeva: «Siyasi motivlərlə həbs olunanların sayı 142 nəfərdi»
Ölkədə baş verənlər hakimiyyətin repressiya siyasətini davam etdirdiyini və bu yolla müxalif fikri, alternativ düşüncəni boğmağa çalışdığını göstərir. Uzun illərdir ki, oyuncaq məhkəmələr vasitəsilə hakimiyyət rəqiblərindən qisas alır və cəmiyyətdə qorxu mühiti yaratmaq istəyir.
Son günlər baş verənlər də bu repressiya dalğasının tərkib hissəsidir və Azərbaycanda siyasi məhbusların sırasının genişlənməsinə xidmət edir.
Seçkidən sonra ictimaiyyətin diqqətində olan məhkəmə proseslərində çıxarılan hökmlər, prokurorların həbsdəki fəallara uzunmüddətli həbs cəzası istəməsi onu göstərir ki, qarşıdakı dövrdə xeyli sayda ictimai fəal həbs olunacaq.
AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov qondarma ittihamlarla 7 il yarım həbs cəzası aldı. Bloger Rəşad Ramazanova prokuror 10 il iş istədi, “Eurovision-2012″ zamanı həbs edilən Nicat Əliyevə, Elvin Nəsirova, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalova, Valeh Abdullayeva 9 il, Samir Hüseynova 8 il, Elimxan Hüseynova 7 il, Emin Tofidi ilə Əli Əliyevə 6 il, Səfər Məmmədova isə 5 il iş istənildi. Ilahiyyatçı Tale Bağırzadənin məhkəməsində iştirak edən 4 dindara cinayət işi açıldı. Və onlarla ictimai fəalın məhkəmə prosesləri hələ də davam edir.
Bütün bunlar Azərbaycan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Ötən gün Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks “Azadlıq” radiosuna müsahibəsində bu məsələyə münasibət bildirib: “Adamları həbsə atıb, beynəlxalq tənqidlərdən sonra buraxmaq dövriyyəsi illərdi ənənəyə çevrilib və nəhayət onun durdurmağın vaxtıdır”.
Göründüyü kimi, hakimiyyət nə qədər gizlətməyə çalışsa da beynəlxalq aləm ölkədəki vəziyyətdən xəbərdardı və ölkədə siyasi məhbusların sayının artmasını yolverilməz hesab edir.
Hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, Azərbaycan siyasi məhbusların sayına görə ön sıralarda yer tutur və hakimiyyət imicinin korlanmasına görə narahat deyil: “Vətəndaş cəmiyyətinin fəalaşması hakimiyyəti narahat edir və hakimiyyət müxtəlif vasitələrlə insanlara təzyiq göstərir, qorxu yaratmaq istəyir. Nəticədə isə qondarma ittihamlarla həbs edirlər. Azərbaycanda siyasi məhbusların dairəsi genişlənir və beynəlxalq təşkilatların hesabatlarında bu faktlar yer alır. Hətta siyasi məhbus adlandırılan insanların tədricən azad edilməsi də hakimiyyətin imicinə müsbət təsir göstərmir. Çünki tendensiya davam edir və növbəti həbslərə start verilir. Hazırda məhkəmə prosesləri gedən, yaxud barəsində hökm çıxarılmış ictimai fəallar da tezliklə beynəlxalq aləmdə siyasi məhbus kimi tanınacaq. Siyasi məhbuslar bir neçə meyara görə müəyyən edilir. Birinci meyar siyasi motivlərlə həbs olunanlardı ki, bunların da sayı 142 nəfərdi. Digər kateqoriya o adamlardı ki, siyasi motivlərlə həbs edilməyib, ancaq ictimaiyyət bu adamları siyasi məhbus kimi qiymətləndirir və bu insanların siyasi fəaliyyətinə görə həbs edildiyini təsdiqləyən kifayət qədər faktlar var. Üçüncü meyar isə vicdan məhbuslarıdı və bunları yalnız ”Amnesty Internatioanal” təşkilatı tanıyır. Xeyli sayda siyasi fəaliyyətinə görə həbs olunmuş adamlar var ki, onların barəsində istintaq işi gedir və beynəlxalq təşkilatlar hələ ki, onlar haqqında fikir bildirmir. Istənilən halda bunlar ölkəmizin imicinə mənfi təsir göstərir. Azərbaycan hakimiyyəti isə onun haqqında dünyanın nə düşünməsindən narahat deyil”.
İlham Hüseyn


