Avropa strukturlarının seçki pozuntuları ilə bağlı qəti tələbləri MSK sədrinin «vurulması»nı zərurətə çevirib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 9 oktyabrda keçirilən prezident seçkisinin qurbanına çevrilə bilər. Hələ 9 oktyabrdan az əvvəl belə məlumatlar yayılmışdı ki, seçkidən sonra MSK-nın rəhbəri dəyişəcək. Həmin məlumatlarda deyilirdi ki, Məzahir Pənahov Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla əvəzlənəcək.
Artıq hakimiyyətin Məzahir Pənahovla vidalaşması zərurətə çevrilib. Hətta onun həbsi də mümkündür. Səbəb isə Avropa strukturlarının seçki saxtakarlığı ilə bağlı tədbirlərin görülməsi barədə tələbləridir.
Azərbaycan hakimiyyəti Avropa strukturlarını, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunu və Avropa Parlamentini Azərbaycana qarşı qərəzdə ittiham edir. Bunun qarşılığında isə Avropa Məhkəməsinin seçki saxtakarlığı ilə bağlı qərarları gündəmə gətirilir. Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin AzadlıqRadiosuna verdiyi müsahibədə səsləndirdiyi fikirlərə diqqət edək: “Avropa Məhkəməsinin Azərbaycana qarşı 11 qətnaməsi azad seçki hüququnun pozulduğunu üzə çıxarıb, xüsusən 2005-ci ilin parlament seçkiləri ilə bağlı. 2010-cu il parlament seçkiləri ilə bağlı bir neçə iş də baxılmasını gözləyir. Bu qətnamələrin dərhal yerinə yetirilməsinə çağırıram. Yekunda Nazirlər Komitəsi ölkələrin məhkəmə qətnamələrini yerinə yetirməsi üçün təzyiq vasitələrini nəzərdən keçirə bilər. Nazirlər Komitəsində təmsil olunan bütün ölkələri bu işlərə xüsusi diqqət ayırmağa çağırıram. Bu böhranlı duruma yaxından baxaraq, Azərbaycana öhdəliklərinin yerinə yetirilməsində necə yardım etmək barədə düşünməliyik”.
Beləliklə, 9 oktyabrda keçirilən prezident seçkisinə mənfi rəy verdiyinə görə Avropa strukturlarını topa tutan hakimiyyət əvvəlki seçkilərin izahatını verməyə və Avropa Məhkəməsinin qətnamələrini yerinə yetirməyə məcbur edilir. Avropa Məhkəməsinin seçki pozuntuları ilə bağlı qətnamələrinin icrası isə yalnız namizədə kompensasiya ödənilməsi ilə bitmir. Seçki saxtakarlığında iştirakçı olan məsul şəxslər də cəzalandırılmalıdır. Nəzərə alsaq ki, Avropa Şurasının rəsmisi qətnamələrin icrası üçün təzyiq vasitələrinin nəzərdən keçirilə biləcəyini vurğulayır, deməli, məsələ kifayət qədər ciddidir və hakimiyyət təxirəsalınmaz tədbirlər görməlidir. Ilk növbədə isə əlbəttə ki, MSK-da və aşağı komissiyalarda dəyişiklik edilməlidir.
Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət Məzahir Pənahovu və aşağı seçki komissiyalarının sədrlərini qorumağı uğurlu variant hesab etmir. Deməli, yaxın vaxtlarda Məzahir Pənahov qurban verilə bilər.
Azad


