İlahiyyatçını qandallayıb, QATILə toy edən hakimiyyətə ar olsun!

Hakimiyyətin illərdir azad düşüncəli insanlara qarşı etdiyi repressiyanı və oktyabrın 9-u seçkidə törətdikləri açıq-aşkar saxtakarlığı ört-basdır etmək üçün hiyləgər layihələrə start verilib. Məsələn, oktyabrın 30-u göbələk kimi artan saytların, telekanalların əsas baş xəbəri belə idi:”Azərbaycanda ilk dəfə: ömürlük məhkum həbsxanada evləndi – eksklüziv reportaj”.

Yeri gəlmişkən, PKK lideri Abdulla Öcalan ömürlük həbs olunub Imralı həbsxanasına salınanda bir müdrik qoca demişdi ki, gəlin yığışıb, Öcalanı çox danışan bir arvadla evləndirək, darıxmasın. O zaman müdrik qocanın nə demək istədiyini heç kim anlamadı: çünki bir kişini çərlədib, axırına çıxmaq üçün onu bircə günlüyə deyingən arvadla qapalı yerdə saxlamaq yetərlidir. Əgər o vaxtlar müdrik qocanın məsləhətinə ciddi yanaşan olsaydı, indi Öcalanın da, PKK-nın da sümükləri çoxdan çürümüşdü… 

Nə isə, mövzudan uzaqlaşmayım, hakimiyyətin qatil məhkuma təşkil etdiyi toya qayıdım: oktyabrın 30-u günün qəhrəmanlarına çevrilən Sergey Strelyayevlə Lüdmila Alenikovanın toyuna Xəzər TV-də baxdım. Çünki onlar “toy kaseti”nə qəşəng musiqilər, maraqlı reklamlar yerləşdirmişdilər. Sağ olsunlar, çox təsirli kadrlar idi: Sergey həyəcanla zindanın həyətində azadlıqda olan gəlinin yolunu gözləyir, jurnalistlərə müsahibə verir, nəhayət gəlin uzaqdan görünür, iki aşiq bir-birinin barmağına üzük taxır, tort kəsilir, xeyir-dua verilir… və Kayahan oxuyur: “Seninle her şeye varım ben, sen benim uğurlu yolumsun. Yıldızlara yürürüm senle, sen iste canım senin olsun…”.

Toyda çıxış edənlərin ürək sözlərinin yanında Kayahanın mahnısı heç nə idi: Qaradağ Rayon Qeydiyyat Idarəsinin rəisi Tamella Babayeva yeni ailə quranlara dedi ki, “qoşa qarıyın, həmişə can deyib, can eşidin…”. Lüdmilanın qayınanası isə “mən onların sevgilərinə inanıram, onlar bu sevgi ilə çox xoşbəxtdirlər, xoşbəxtlik isə məhdudiyyət tanımır” deyib, oğlunu, gəlnini təbrik etdi. Insafən, ən yaddaqalan “tost”u  Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Işinin Təşkili üzrə Idarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov dedi. Rəis üzünü təzə gəlinə tutub, gülə-gülə ürək sözlərini belə ərz etdi: “Belə qəşəng qızın ömürlük məhkumu özünə həyat yoldaşı seçməsi ən böyük qəhrəmanlıqdır!”. Amma yoldaş Ramazanov iki yerdə milli adət-ənənəmizi kobud şəkildə pozdu: yad kişi təzə gəlinə gülə-gülə baxmaz,  “qəşəng qız” deməmişdən öncə “ayıb olmasın, üzüm ayağınızın altına” deməli idi. Nə isə, sözün düzü, belə xətaların cəzasının o dünyada necə, nə cür olduğunu mən də bilmirəm, amma analoqu olmayan toyun təşkilatçılarından soruşmaq istəyirəm: necə olur ki, iki dəfə qətl törədən qatil Sergeyi matah edib, əzizləyirsiniz, ona dünyaya səs salan toy təşkil edirsiniz, amma haqq-ədalət uğrunda canlarını fəda edənləri həbs edib, hətta doğmaları ilə görüşə icazə vermirsiniz?!

Hakimiyyətin qələmə aldığı “Sergey və Lüdmila” sevgi dastanının ancaq bir adı var: vicdan məhbuslarının noyabrda başlanan məhkəmələrindən ictimaiyyətin diqqətini yayındırıb, “Sergey və Lüdmila” tamaşasına yönəltmək. Çünki bilirlər, bizim camaat “toy kaseti”nə baxanda nəinki vicdan məhbusunu, hətta ağlayan körpəsini beşikdə unudur. Elə toydan bəhs edən məqalələrin altına yazılan şərhlər də bunu sübut edir…

Ilahiyyatçı Hacı Tale Bağırzadəni məhkəməyə ən qorxulu cani kimi gətirən polislər, iki gün sonra qatil Sergey Strelyayevə təmtəraqlı toy edib, az qalmışdı onu başlarında gəzdirsinlər. 

Heç şübhəsiz, 28 oktyabrda Hacı Tale Bağırzadənin məhkəməsini izləmək üçün toplaşan dinc insanlara, peşə borcunu yerinə yetirən jurnalistlərə zorakılıq edən polislər, oktyabrın 30-u qatil Sergeyin toyuna yeyib-içməyə dəvət olunmuşdular. Bəs, nə əcəb analoqu olmayan toyda saxta prezident iştirak etmədi, təzə bəyə ev, maşın bağışlamadı? Axı o, qatillərə, quldurlara hədiyyə, mükafat verməkdən, günahsızları incitməkdən böyük həzz alır. Ilahiyyatçının,  vicdanlı insanların qollarını qandallayıb, QATILə toy edən quldurlar! Hazırlaşın, Ilahinin sizə “toy” edəcəyi günə çox qalmayıb…