Təmir adı ilə evdən çıxarılan ailə 8 ildir kirayədə qalır
Sabirabad rayon sakini Mövsüm İbrahimov qardaşı Mehdi İbrahimovun 1993-cü ildə şəhid olmasından sonra rayonda 3 otaqlı evlə təmin edilib. Şəhid ailəsinə verilən evdə İbrahimovlar 2005-ci ilə qədər yaşayıblar. Mehdi İbrahimov küçəsində yaşayan ailə 2005-ci ildə otaqların təmir edilməsi adı ilə evdən çıxarılıb. Mövsüm İbrahimov deyir ki, Sabirabad rayon İcra Hakimiyyətinin işçiləri evin sənədlərini də alıblar ki, təmirdən sonra onlara təntənəli şəkildə təqdim ediləcək. “Həmin evdə şəhidin anası, atası, qardaşı yaşayıb. 2003-də anam, 2005-ci ildə atam rəhmətə getdi. İcra Hakimiyyəti elə bil valideynlərimin vəfatın gözləyirdi ki, bizi evdən çıxarsınlar. Dedilər ki, bu, prezidentin qərarıdır. Biz evdən çıxarmaq istəmirdik”-Mövsüm İbrahimov deyir.
Ailə evin verilmədiyini görüncə İcra Hakimiyyətinə şikayət edib. M.İbrahimov deyir ki, qəbulda evinin sənədlərini zibil yeşiyində görüb. “İşçilər dedilər ki, səhvən atılıb. Bundan sonra mən neçə dəfə İcra Hakimiyyətinə getsəm də evimi qaytarmadılar. Daha sonra o evi bir ailəyə satdılar. İndi də qapıya gedəndə deyirlər ki, biz pul verib bu evi almışıq”.
İcra Hakimiyyəti İbrahimovlar ailəsinə torpaq sahəsi verib ki, burada ev tikib yaşasınlar. Amma M.İbrahimov deyir ki, onun ev tikməyə imkanı yoxdur. O, 8 ildir kirayədə yaşayır. “5 nəfər ailə üzvü ilə kirayələrdə qalmışıq. Biz evimizi tələb edirik. Ölkə başçısı İlham Əliyevə də şikayət məktubu yazmışam, cavab gəlməyib”.
Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənov “Azadlıq” a deyib ki, Mövsüm İbrahimova şəhidlik statusu verilməyib. “ O ailə qanunsuz tikiliyə girib. Orada 14 il qeyri -qanuni yaşayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin ərazini təmir edəndə ailəni oradan çıxarıb. Onlar ev verilmə növbəsində olmayıblar. Ev təmirdən sonra şəhid ailələrinə verilib”.
Həsən Həsənov deyib ki, problemlə bağlı məhkəmə araşdırması olub. “Məhkəmədə sübut olunub ki, onların tələbləri qanunsuzdur. Biz onlara torpaq, tikinti materialı vermişik ki, özlərinə ev tiksinlər”.
Şikayətçi Mövsüm İbrahimov deyir ki, icra başçısının birinci müavini yalan danışır. “Qardaşıma necə şəhidlik statusu verilməyib ki, onun adına küçə var. İcra Hakimiyyəti yalan məlumat verir. O ev bizim haqqımızdır”.
Sevinc Vaqifqızı


