Hara gedirik?

Bu, qanuna və məntiqəuyğunluqdur: əgər bir ölkədə uzun müddət heç nə dəyişmirsə, sonra hər şey yalnız pisə doğru dəyişir. Elə ona görə də, indi bizdə bir çoxları hətta 90-cı illərin sonu, 2000-ci illərin əvvəlini belə həsədlə xatırlayırlar.

Bəli, həmin illərdə də avtoritarizmin sərt küləkləri dayanmadan əsirdi, azadlıqlara qarşı böyük basqılar vardı, hakimiyyətin ədalət duyğusu yox idi. Mübarizənin şərtləri çox ağır və amansız idi. Amma eyni zamanda mübarizə meydanı bu qədər daralmamışdı. Həqiqəti yazan qəzetlər, qələmlər barmaqla sayılacaq qədər azalmamışdı. Mitinqlər üçün ucqarlara göndərmirdilər. Bütün bunları onda demokratiya görüntüsü və imitasiyası ilə izah edirdik.

Indi isə artıq imitasiyadan da imtina olunub. Hər addım repressiya qoxuyur. Bəli, son 10 ildə Azərbaycan ondan əvvəlki 10 ilə nisbətən çox dəyişib, amma yalnız pisə doğru. Həyatımızdakı qara rənglər daha da tündləşib. Öləziyən işıqlar tamamilə sönüb.

Yox, mən pessimist deyiləm. Heç bu yazdıqlarım da pessimist ovqatın məhsulu deyil. Reallıq budur və bəlkə də bu, heç də pis deyil, əksinə, çox yaxşıdır. Demokratiyanı imitasiya edən idarəetmədənsə öz məqsəd və hədəflərini səmimi şəkildə gözlər önünə sərən, repressiyaları, qorxunu, yalanı özlərinin vazkeçilməz şərtləri kimi qəbul edən bir idarəetmə daha məqbuldur. Əlbəttə, bunun əziyyətləri, məhrumiyyətləri daha çox olur, amma ən azından sistemin mahiyyətini anlamaq və anlatmaq üçün daha az zəhmətə qatlaşırsan. Hər şey göz qabağındadır. Hamı hər şeyi görür. Hamıya hər şey aydındır. Əlavə sözə ehtiyac yoxdur.

Azərbaycan Türkmənistan ola bilərmi?

Indi toplumun duyarrlı, vicdanlı, vətəndaş məsuliyyətini hiss edən kəsimini düşündürən sual budur.

Bəli, biz hətta demokratiyanın imitasiyasından belə, imtina etmiş bir sistemin idarəçiliyi altında haracan gedəcəyik? Bu pis gedişatın sonunda Azərbaycanın Türkmənistana çevrilmək qorxusu varmı?

Keçənlərdə tarixçi alim Altay Göyüşovla “Azadlıq” radiosunda bir proqrama qatılmışdıq. Verilişin gedişində də söhbət elə bu məqamın üzərinə gəldi və Altay bəy mənim yuxarıdakı sualla bağlı nə düşündüyümü soruşdu. Orada da dedim və yenidən söyləməyi doğru sayıram: Azərbaycanın Türkmənistana çevrilməsi üçün artıq çox gecdir. Rejimin əlində hər nə qədər nəhəng resurslar olsa belə, artıq bunu istəsə belə, reallaşdıra bilməyəcək. Bəlkə daha dözülməz qorxu mühiti yaradacaq, vintləri daha da bərkidəcək, etirazçı ruhu daha da boğacaq, amma bütün bunların sonunda Azərbaycanın çağdaş dünyadan tamamilə təcrid edilmək təhlükəsi görünmür. Bunu qiyam yolu ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Heydər Əliyev edə bilərdi. Həm dövr, həm də yapçıların dahi rəhbərinin şəxsi gücü bunun üçün uyğun idi.

Amma indi çox gecdir. Internet əsrində, dünyada azadlıqların coğrafiyasının əhəmiyyətli şəkildə genişləndiyi, yüzillərdir susqunluğa çevrilmiş toplumların belə qəflət yuxusundan silkinib ayıldığı bir vaxtda Azərbaycandakı vəziyyəti Türkmənistanda, Özbəkistanda olduğu qədər pisləşdirmək, ağırlaşdırmaq mümkünsüz görünür.

Altay bəy də veriliş zamanı bu fikirləri bölüşdü, inanıram, dərindən düşündükdə çoxunuzla da bu nöqtədə birləşəcəyik.

Amma, ancaq, lakin…

Son həftələrdə basqıların, repressiyaların yeni dalğasının başlaması əlbəttə, bizim bu optimist yanaşmamıza skeptik baxmaq üçün əsas yaradır. Kimlərsə deyə bilər ki, seçkisonrası daha da kəskinləşən siyasi hücumlar, təzyiqlər, təhdidlərdən sonra belə düşünmək hansı sağlam məntiqin məhsulu ola bilər?

Amma məsələ burasındadır ki, bu cür repressiv siyasət 20 ildir dayanmadan işləyir. 20 ildir həbslər, döyülmələr, oğurlamalar, saxta cinayət işləri, xəyal məhsulu olan ittihamlar bir an olsun belə, fasilə vermir. Indi isə seçkidən sonra bu ona görə vacib olub ki, seçki kampaniyası dövründə xeyli dərəcədə əriyən qorxu buzlarını yenidən bərkitmək, möhkəmləndirmək ehtiyacı var. Üstəlik, seçki saxtakarlığına Qərbdən bu dəfə nisbətən sərt mövqeni yumşaltmaq adına bazarlıqlara gedə bilmək üçün repressiyalar ənənəvi vasitədir.

Ancaq eyni zamanda vaxtı keçmiş, köhnəlmiş vasitədir. Işləkliyini xeyli dərəcədə itirib. Hətta tam əksinə, Əliyevçi rejimi bir az da tupikə dirəyən, bir az da çıxılmaza salan metoda çevrilib.

Repressiv addımlar Azərbaycanı Türkmənistan olmağa doğru aparmır, amma hətta ərəb ölkələrinin timsalında belə görürük ki, hakim rejimi intihara apara bilir.

Geriyə baxmaq qadağandır?!

Nağıllarımızda tez-tez rastlaşdığımız bir söz var: “Nəbadə geriyə baxasan, yoxsa daşa dönərsən”.

Bu, artıq bir nağıl məntiqindən çıxıb, Azərbaycan reallıqlarının inikasına çevrilib. Biz sadəcə, geriyə baxan, üzünü geriyə – keçmişə tutan və önü – gələcək haqqında düşünməyən bir idarəetmədən əziyyət çəkirik. Belə bir idarəetmə isə, tədricən ölkəni daşlaşdırır, tərpənməz, hərəkətsiz bir vəziyyətə salır. Lap indi olduğu kimi.

Amma unutmayaq: illər hər bir halda irəliyə doğru axır. Zaman çay kimidir və onu geriyə axmağa məcbur etmək mümkünsüzdür.

Nəinki bir daş parçası, hətta daş qayalar isə illərin gətirdiyi reallıqlar, əsdirdiyi sərt küləklər qarşısında ovxalana, yuyula bilir.

Məncə, indi bu, gələcəyə baxdıqları üçün qorxudulmağa, sindirilməyə, yox edilməyə çalışılanları deyil, geriyə baxaraq qorxutmaq, yox etmək istəyənləri düşündürməlidir.

Keçmişmi, gələcəkmi?

Dünənmi, sabahmı?

Seçim haqqı onlarındır, əgər belə bir seçim üçün hələ də gec deyilsə!