Avropalı komissarın dediyi bununla izah olunur
Gültəkin Hacıbəyli: “Bu gün Azərbaycan Avropa Məhkəməsində şikayətlərin və qəbul olunan qərarların sayına görə liderdir”
Avropa Məhkəməsinin bəzi qətnamələrinin Azərbaycanda yerinə yetirilməməsi ölkəmiz üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Çünki belə durumun yaranması müvafiq beynəlxalq strukturların da narazılığına səbəb olub.
Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks “Azadlıq” radiosuna müsahibəsində də bu məsələyə toxunaraq Avropa Məhkəməsinin Azərbaycana qarşı 11 qətnaməsində azad seçki hüququnun pozulduğunu üzə çıxardığını xatırladıb. Eyni zamanda 2010-cu il parlament seçkiləri ilə bağlı bir neçə iş baxılmasını gözləyir. Bu qətnamələrin dərhal yerinə yetirilməsinə çağıran avropalı komissar əks halda Nazirlər Komitəsinin ölkələrin məhkəmə qətnamələrini yerinə yetirməsi üçün təzyiq vasitələrini nəzərdən keçirə biləcəyini deyir.
Azərbaycanın Avropa Məhkəməsinin qətnamələrinə sayğısız münasibəti ölkəmiz üçün nə ilə nəticələnə bilər?
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olmuş, Milli Şura üzvü Gültəkin Hacıbəyli Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların icra vəziyyətinin çox acınacaqlı olduğunu deyir. Bu günə qədər 20-dən artıq işin yerinə yetirilməməsi ilə bağlı Avropa Şurası Nazirlər Kabinetində təkrar müzakirələr aparılıb və qərarlar qəbul edilib.
G.Hacıbəyli bir çox qətnamələrin qəbul olunmasına baxmayaraq bu günə qədər icra edilmədiyini vurğuladı. Məsələn, Əli Insanovla bağlı qərarın icra olunmaması bir neçə dəfə Avropa Şurasında müzakirə predmetinə çevrilib. Bu baxımdan vəziyyət kritikdir: “Bu gün Azərbaycan Avropa Məhkəməsində şikayətlərin və qəbul olunan qərarların sayına görə liderdir. Bu çox mənfi bir statistikadır və Azərbaycanda əslində məhkəmə sisteminin durumunu bütün çılpaqlığı ilə ortaya qoyur”.
Fizzə


