Bakı Beynəlxalq Fəlakət Forumu

Qədimdə padşahlar öz saraylarında idarə etdiyi xalqların taleyinə dəxli olmayan, sadəcə, özünün əylənməsi, gücünü və səxavətini göstərməsi üçün məclislər və yarışlar keçirər, hətta xalqların ən ac vaxtında belə tədbirlərdə sanballı ənamlar paylayardı. Ilham Əliyev qədimliyi bizə ən müasir və gurultulu adlarla gətirdi. Saqqal darağı təsiri bağışlayan festivallar, idman yarışları, beynəlxalq konfranslar ölkənin sərvətlərinə zəli kimi daraşıb. Nəyə gəldi pul xərcləyirlər. Mürəbbə festivalından tutmuş beynəlxalq forumlara qədər hər cür qəribə və dəxli olmayan tədbirlər haqda eşidirik.

Bu günlərdə (tarixi bilərəkdən yazmıram və əhəmiyyəti də yoxdur) III Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Guya ikisinin bəhrəsini tək biz yox, bütün dünya görüb, dadı damaqlardan getmir, faydası da yeni əsrin qaydasına çevrilib, odur ki, birini də keçiriblər. Kimlərisə yığıb neft pullarının qüdrətini nümayiş etdirib, kürüdən və kababdan yedirib böyük dəyərlərdən danışıblar. Tolerantlıq, müasirlik, insanpərvərlik. Gül kimi gənclərin şərlənib türmədə çürüdüldüyü bir ölkədə belə bir foruma gələn alim və ictimai xadim gərək utana və bunu öz bioqrafiyasından gizlədə.

Budəfəki forumda Ilham Əliyev çıxış edib və hətta dünya mediasına iradlarını bildirib: “Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir və medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları”.

Ilham Əliyev söyləyib ki, halbuki dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir…  

Bu yerdə yəqin prezidentin məsləhətçiləri düşünüb ki, görünür, dünya mediasında çalışan jurnalistlərin də ciddi mənzil problemləri var. Təcili onlara mənzil paylamaq lazımdır ki, dünyanı bir rəngdə, yalnız qara-qura görməsinlər, yeni mənzil alıb dərk etsinlər ki, otaqlarındakı divar kağızları nə qədər rəngarəngdir. Yəqin bundan sonra bütün dünya jurnalistlərinə ev paylanacaq ki, onlar həmin iradları diqqətlə öyrənib dərhal aradan qaldırsınlar. Bəlkə də Əflatun Amaşov hazırda təcili tədbirlər planı hazırlayıb təklifi Prezident Administrasiyasına çatdırmağa tələsir…

Indi dünya mediası nə etsin? Fəlakət olanda bunu yazmasın?

Zəlzələ olanda yazsın ki, hər şey yaxşıdır, haradasa torpaq rəqs edib?

Çay daşıb kəndləri basanda şərh versin ki, obalarımız çimərlik olub?

Işıq olmayanda bunu təbii romantika saatları, aclıq olanda yoqa təmrinləri saysınlar?

Bəlkə qəzetlər profilini dəyişsinlər, verilişlər və xəbər bülletenləri kontentini filtrasiya eləsinlər, nəticədə pozitiv qəzetlər, müsbət xəbərlər, gözəl kriminal olayları verilişləri yaransın?

Hətta o “Səni axtarıram” adını dəyişib “Sənsiz də xoşdur”a çevrilsin?

Bəlkə bizim mediada intiharları cəsarət, haqsız məhkəmə qərarlarını maraqlı xəbərlər kimi versinlər?

Deyəsən, Ilham Əliyev undur, bu cəmiyyətdə artıq hər kəs gözəl anlayır ki, onun danışdığı həmin forumun keçirilməsi belə bir fəlakətdir və yaxud bir ictimai fəlakətin təzahürüdür. Ölkə türmələri siyasi məhbuslarla dolub, rüşvət boğaza çıxıb, insan haqları hər addımda tapdanır və uca tribunalardan humanizmdən danışılır. Elə bu özü fəlakət deməkdir. Elə dünya mediası da onun və məmurlarının əməllərindən, sərvətlərindən yazanda bunu Azərbaycan xalqının fəlakəti kimi yazır və belə də var.

Xalqın fikri ayaqlar altına atıldı. Qondarma və heç bir humanizmə sığmayan, standartlara zidd bir seçki keçirildi.  Belə bir seçki fəlakət deyilmi? 

Ona görə də bütün dünyada Ilham Əliyevin üçüncü dəfə hakimiyyətdə qalmasını bizə və dünyaya bir fəlakət sayırlar və bunu da öz adı ilə yazırlar. Zəlzələni zəlzələ yazdıqları kimi, bunu da öz adı ilə deyirlər. Amma o da var ki, bütöv bir xalqın həyatını fəlakətə çevirənlər fəlakət haqda oxumağı bəyənməz.