və yaxud xoşbəxt olmaq qadağandır
Rüstəm Behrudi
Məsumların, təmizlərin axmaq və abdal hiyləgərlərin və işbazların ağıllı adlandırıldığı bir məmləkətdə yaşayırıq. Əziz, sayğıdəyər və güvəndiyim dost! Iblis sevə bilsəydi Tanrıya qardaş olardı. Ancaq o, lənətlənib, o sevə bilməz! Içimizdəki şeytanı mələyə çevirməyə gücümüz çatmayanda onu qovmaqdan başqa yol qalmır. Mən də bu cür elədim.
Vüsallarından ayrılığı, yaxınlarından uzaqları gözəl, dilənçisi ilə hökmdarının, şairi ilə döyüşçüsünün, çadırı ilə sarayının, alimi ilə nadanın fərqlənmədiyi bir məmləkətdə kiməsə söz demək, ürəyini açmaq zor bir işdir, qardaş!
Danışsam, söhbətim,
sözüm bu ellər,
Duman içindədir
bizim bu ellər.
Oturub ağlasam, dəli
deyərlər,
Oturum kədərli bir
yazı yazım.
I
Getmək
Xoşbəxt olmaq bir yana, yaşamağı belə qadağan eləyən həyat şərtlərinin at oynatdığı sevgili bir şəhərdən baş götürüb getmək sirli bir şeyin əlaməti olmalıdır, məncə. Çıxıb getmək qoyub getdiyin şeyləri kiməsə tapşırmaqdı, əmanət eləməkdi. Bu sevgili şəhərdə sənin olan şeyləri əmanət eləməyə, tapşırmağa adam yoxdusa, qəbiristanlığında yovşan kollarının boş bir məzara sənnən danışdığı kəndə dönməyin zamanı gəldi:
Yaman kövrəlmişəm
yenə bu axşam,
Gözlərim dolubdu bir
himə bənddi.
Bağışla yurd yeri, indi
bilmişəm,
Bütün yollarının sonu
bu kənddi.
Bu şəhərdə sənin olan sənin deyil. O uzaq kənddəsə sənin olmayanlar belə (çay, dağ-daş, düz-dərə, ot-yarpaq, ağaclar) hamının olduğu qədər elə həm də sənindi. Bu şəhərdə xoşbəxt olmaq qadağandır, orda səni bədbəxt olmağa qoymazlar. Bütün bunlara baxmayaraq, Ordubad qoynundakı min illik çinarların yarpaq gözləriynən Bakıya boylanır. Axı o bizim son ümid yerimiz, hər şeyimizdi. Ancaq dağlar bir tərəfdən, yağılar bir tərəfdən kəsib qabağı. Ordubaddan Bakı görsənmir daha.
Kənddən dönəndən sonra ağır əməliyyata gedəcəyim üçün içimdə bir hüzün və kədər var..
Bu sonuncu gəlişimdi,
Getməyə gəlmişəm
daha.
Qovma qapından,
gedirəm
Bu gündən dərvişəm
daha.
Kənddə dağın döşündə bir ağaca yaslanıb Bakını düşünürəm. Ruhumda bir ağrı, içimdə bir Bakı var. Axı bu məmləkətdəki bütün yollar ruhumuzun paytaxtı Bakıya gedir. Dağ döşündə yaslanıb oturduğum ağac Bakının, Bakı nigarançılığımın, nigarançılığın arzu və ümidlərimizin üstünə düşən kölgənin əlamətidir. Içimizdəki qara kölgəni adlayıb keçməyin zamanı gəldi. Mən getmək istədiyim bütün yolların sonunda özümün dayandığımı gördüm. Getmək istədiyim yer durduğum yerdi bəlkə də.
II
Əlamət
Yer üzündə hər şey başqa bir şeyin əlamətidir. Çiçəklər ilk baharın, xəzəllər payızın əlamətidir. Ağrılı olan odur ki, ruhumuzu soyan fədakarlıq sonda zəifliyin əlamətidir. Güclü adam fədakarlıq eləyə bilməz!
Yer üzündə hər şey başqa bir şeyin əlamətidir. Olanlar olanın, olmayanlar olmayanın əlamətidir. Bütün zamanlarda müxalifət zəifliyin, iqtidar zorun və gücün əlamətidir. Əlamət olanların ifadə vasitəsidir. Yer üzündəki otlar, çiçəklər, ağaclar, çaylar, dənizlər, dağlar və adamlar Tanrının əlamətidir. Tanrını göstər deyən adamlar, görməyə gözünüz varmı?
Əsa Musanın, çarmıx Isanın, quran Məhəmmədin əlamətidir.
Tövrat Musanın, Incil Isanın, Quran Məhəmmədin tənhalığıdır. Tənhalıq allahın, allah tənhalığın əlamətidir.
Günah savabın, savab günahın əlamətidir. Şuşada minarəsi uçmuş sahibsiz allah evi dindarın, dindar sahibsiz allah evinin əlamətidir. Allah evi sahibsiz qalanda cihad yoxdusa, allah da yoxdu.
Pəncərə hücrənin, hücrə pəncərənin əlamətidir. Hücrədən imana açılan toz basmış pəncərələri açmağın zamanı gəldi.
Yer üzündə hər şey başqa bir şeyin əlamətidirsə, Qarabağ da məğlubiyyətimizin əlamətidir. Uduzan adamın barışıq istəyi qorxaqlığın, qorxaqlıq yaltaqlığın əlamətidir. Yaltaq kişi fahişə qadından fərqli bir şey deyil.
Qələbə ölmədən öldürə bilməyin əlamətidir. Biz torpaq itirmişik Vətəni yox, döyüşü uduzmuşuq, müharibəni yox.
Döyüşsüz barışıq gələcək mühairbənin əlamətidir. Bizə döyüşdən əvvəlki barışıq yox, döyüşdən sonrakı sülh gərəkdir. Bütün barışıqlar gələcək müharibənin, bütün müharibələr sülhün əlamətidir.
Yer üzü göy üzünün əlamətidir. Yer üzü görünən göy üzüdü əslində. Bir vaxt yer üzü göy üzündə necə itəcəksə, yer üzünün günahlarını da göy üzü eləcə udacaq.
Bizim günahlarımızı döyüşdən başqa nə yuya bilər ki?
Döyüş (özü də son döyüş) bizim var olmağımızın əlamətidir. Olmaq istərmisinizmi, zalım dostlar?
Mənə ölməyi bacaracaq gücü ver Tanrım! Para yoxsulluğun, sevda dəliliyin, ölüm var olmağın əlamətidir. Ölüm yox olmaqdı. Olmayan şey yox ola bilməz ki!
Nəticəsi olmayan siyasət. Sentimental boşboğazlığın, dumanlı xatirələr yaşanmış iqtidarın əlamətidir.
Əxlaq – bədənin can atdığı, ruhun əzab çəkdiyi şeylərdən imtina eləmək bacarığıdı insanın. Imtina eləmək bacarığı əxlaqın, əxlaq heç kimdən, heç nə ummadan yaşa bilməyin əlamətidir. Əxlaq ləyaqətin əlamətidir. Şərəf hissinə qul olanın ləyaqəti olmur. Bizdə hamı şərəfini qorumağa çalışır. Ləyaqətini qorumaq heç kimin yadına düşmür.
“Mən gündə yüz dəfə ərə gedə bilərəm” deyən ulduz müğənninin televiziya ekranından Azərbaycan xalqına əxlaq dərsi oxumağı, qiyamətin, qiyamət allahın gücsüzlüyünün əlamətidir. Yaratdığını tərbiyə eləyə bilməyən allah gücsüzdür.
Allahın gücsüz olduğu ölkədə fahişələrin və şairlərin çoxluğu cəhənnəmin, cəhənnəm iblisin əlamətidir. Məmləkətdə şairlər fahişələrdən çoxdu indi. Şairlər fahişələrə əl açır. Bu nə əl çağıdı belə?
“Maç-Maç, quc-quc” və “Cancanadır”la tamaşaçı qarşısına çıxan müğənni alverin, alver bazarın əlamətidir. Bazar yeri başlanır bu “mahnı”lardan sonra. Ruhu sözlərimdə çırpınan bir ölkənin, qanı ürəyimdən içimə axan məmləkətin yaralardı bu sərsəmləmələr. Bir azdan özəl telekanallardan “mavilər”in üsyanını Qarabağ uğrunda döyüş kimi təqdim eləsələr heç təəccüb eləməyin.
Səhərdən axşamacan oxuynan fala baxanları, şizofrenik “baxıcıları”, nə cür yatıb durduğunu xalqı təhqir eliyərək açıqlayan fahişələr sürüsünü reklam eləyən televiziyalar əxlaqsızlığın, əxlaqsızlıq da cəhalətin əlamətidir.
Biz hara gedirik, zalım dost?! Əvvəli və sonu olan bir yolun özü yoxdu. Yolun özü yoxdursa, əvvəl də yoxdu, son mənzil də.
Türk olduğumuzu unutduqmu, zalım dostlar.
Son baharda öləcək yarpaq soyuq ay işığında necə yuyunursa, günahlarımızdan eləcə soyunmağımız gərəkdi daha. Ölüm gəlib tapacaq bizi, günahlarımızdan soyunmağa vaxtımız olmayacaq.
An əbədiyyətin, əbədiyyət anın əlamətidir. Vaxt zaman ölçüsü olmaqdan çıxdı daha. Vaxt vaxt deyil daha. Vaxt olub olmamağın əlamətidi indi.
Bakı! Ruhumun paytaxtı, azadlığımın və əsirliyimin şəhəri. Səndən Şuşaya yol öldü, görmədinmi? Təslim olan Şuşa inildəyə-inildəyə gözəlləşən Bakının əlamətidir.
Vaxtı gələndə hakimiyyətdən getməyən iqtidar zorbalıq mücəssəməsi, vaxtı gələndə hakimiyyətə gələ bilməyən müxalifət pozğun qadın kimidi. Zorba kişi pozğun qadının, pozğun qadın zorba kişinin əlamətidir.
Iqtidar bütün hallarda qələbənin, müxalifət məğlubiyyətin əlamətidir.
Yaltaqlıq qorxaqlığın, qorxaqlıq əclaflığın əlamətidir. Yaltaqlıq qorxaqlıqla əclaflığın arasındakı yolun əlamətidir.
Yanan cəhənnəmə od vurmaq, dağa da daşımaq, dənizə su aparmaq dəlilik əlamətidir. Biz cəhənnəmi yandırmağa can atıb, dağa daş daşıyan, dənizə su aparan adamlarıq. Ancaq dəliliyi boynumuza almağa gücümüz çatmır bizim.
Əgər bu yaltaqlar və məddahlar sürüsü türkdürsə, mən türk olmaqdan utanıram.
Utanmaq həya əlamətidir.
Alçaq da sən,
uca da sən,
Cavan da sən,
qoca da sən.
Sən hər şeydən
ucadasan.
Ölüm xoş gəldin,
xoş gəldin.
Bu gün türk olmaqdan utanıram.
Türk olmaq zor bir işdi.
Ölümə xoş gəldin deməyin zamanı gəldi.
Bitdim, yoruldum,
Tanrım,
Sənnən şeytan arası.
Önümdə durub artıq,
Şeytanın arabası.
Getməliyəm onunla,
Qala bilmərəm daha.
Ya ona yenməliyəm,
Ya da gücsüz Allaha.
Gücsüz allahla bərbəzəkli arabası ilə göz qamaşdıran Iblis arasında seçim eləyə bilməyən adsız bəndələrin günahını kim yuyacaq?
Can verirəm
nə vaxtdır,
Dibçəkdə bir
çiçək tək.
Ya bu gün, ya da
sabah,
Başım yerə düşəcək.
Qoy əyilmədən yerə düşən başlar sağ olsun!
III
Ordubad bir qərib bayatı kimi
Ordubad yenə əvvəlki kimi sirli və qaradinməzdi.
Ordubadda kitab evini şadlıq sarayına çeviriblər. Cahələtimiz, nadanlığımız burdan doğur yəqin. Ordubad yazıq-yazıq qoynundakı min illik çinarların yarpaq gözləriynən ümid yeri kimi Bakıya boylanır. Ancaq dağlar bir tərəfdən, yağılar bir tərəfdən kəsib qabağı. Ordubaddan Bakı görsənmir daha.
Əcnöhür, Savalan
durub üz-üzə,
Bəlkə dərdləşirlər
dağlar dilində.
Ordubad bir qərib
bayatı kimi
Ağlıyar Arazın
ağlar dilində.
P.S. İçindəki iblisi mələyə çevirməyə bacarmayanda onu qovmaqdan başqa əlac qalmır.