Və ya Aynur Mehdiyeva niyə cinayət məsuliyyətindən yayındırılır?
13 iyun 2013-cü il tarixində DIN-in rəsmi saytı belə bir informasiya yaymışdı: “2013-cü il iyun ayının 13-də Insan Alverinə Qarşı Mübarizə Idarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 13.12.1974-cü il təvəllüdlü, Bakı şəhər sakini Mehdiyeva Aynurə Lətif qızı tərəfindən Filippin Respublikası vətəndaşının pasportunun götürülərək, əməyinin bir ildən artıq müddətə ev qulluğu şəraitində zor tətbiq etməklə istismar olunması faktı müəyyən edilmişdir”.
Həmin tarixdə bir çox KIV-lərdə DIN-in mətbuat xidmətinə istinadən Aynur Mehdiyevanın tutulması, saxlanılması, eləcə də onun filippinli qadını qul kimi işlətməsi haqqında xəbərlər yayımlanmışdı. Məsələn, “Filippin vətəndaşı olan qadını zor gücünə əməyə cəlb edən Bakı sakini saxlanılıb. Bu barədə Gün.Az-a Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib”. “Bakıda Filippin vətəndaşını qul kimi işlədən qadın saxlanıldı”(Gündəlik teleqraf, 14.06.2013). 21.08.2013-cü il tarixdə “Moderator.az” yazır: “Daxili Işlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov saytımıza açıqlamasında bildirib ki, istintaq davam etdirilir. Mətbuat katibinin sözlərinə görə, Aynurə Mehdiyevanın əməllərinə hüquqi qiymət veriləcək və o törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verəcək”. 18.10.2013-cü il tarixində “Zerkalo” qəzetinin sorğusuna cavab olaraq DIN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə növbəti dəfə Aynur Mehdiyevaya qarşı cinayət işinin açılması faktını təsdiqləyib. Filippinli qadına hüquqi yardım göstərən “Miqrasiya Mərkəzi” Ictimai Birliyinin sədri Əlövsət Əliyev isə bu qadının artıq hüquq-mühafizə orqanları tərəfindən zərərçəkmiş kimi tanındığını bildirib: “Artıq üzləşmə aparılıb və üzləşmədə zərərçəkən Aynur Mehdiyevanın ona işgəncə verdiyini bildirib. Iş tez bir zamanda məhkəməyə göndəriləcək. Mən çox ümid edirəm ki, biz bu iş üzrə ədalətli hökmün çıxarılmasına nail olacağıq”.
24.09.2013-cü il tarixdə Aynur və Mahmud Mehdiyevlər Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayət verirlər. Onlar Gültəkin Hacıbəylini 05.9.2013-cü il tarixində “Azadlıq”a verdiyi müsahibədə DIN-in və KIV-lərin iki ay öncə yaydıqları məlumatı xatırlatmaqda ittiham edirlər. Halbuki, KIV haqqında qanuna görə, bu halda, keçmiş millət vəkili, hətta bu məlumatlar yalan olsa belə, məsuliyyət daşımır. Kobud prosessual pozuntularla tərtib edilmiş şikayət ərizəsinin hakim Sərvər Mehralıyev tərəfindən icraata götürülməsi bu uydurma məhkəmə təqibinin siyasi sifariş olmasına şübhə yeri qoymur. Lakin bizi indi məsələnin başqa tərəfi maraqlandırır.
***
DIN-in Yasamal rayon məhkəməsinin sorğusuna cavabında öz rəsmi saytında yayılan məlumatı, yəni Aynur Mehdiyeva tərəfindən filippinli qadının əməyini bir ildən artıq müddətə zor tətbiq etməklə və sənədlərini əlindən alaraq azadlığını məhdudlaşdırmaqla istismar etməsi faktını təsdiqləyir, fakt üzrə cinayət işi açıldığını, Filippin vətəndaşının bu cinayət işi üzrə zərərçəkən qismində tanındığını bildirir. Lakin sonda “Aynur Mehdiyevanın təqsirli olub-olmadığının istintaqın gedişində bəlli olacağını” yazır. Şəxsin təqsirli olub-olmadığını istintaq yox, məhkəmə müəyyən edir.
Istintaq yalnız şəxsi təqsirləndirilən şəxs qismində tanıya bilər və Aynur Mehdiyevanın işində o, çoxdan bu statusda tanınmalı idi. Fakt üzrə cinayət işi açılıb, filippinli qadın istintaq tərəfindən zərərçəkmiş kimi tanınıb, onun qanuni nümayəndəsi Əlövsət Əliyev miqrant qadının Aynur Mehdiyeva ilə üzləşdiyini və Mehdiyevanın ona işgəncə verdiyini, pulunu ödəmədiyini öz üzünə dediyini bildirir. Cinayət işində yalnız bu iki qadın iştirakçıdır və DIN əməlin Aynur Mehdiyeva tərəfindən törədildiyini hələ 13 iyun tarixində bəyan edib. Belə olduğu təqdirdə, DIN-nə ötən beş ay ərzində Aynur Mehdiyevanı təqsirləndirilən şəxs qismində tanımağa nə və kim mane olub? Aynur Mehdiyeva niyə məsuliyyətdən yayındırılır? Bu cinayəti kim törədib, Aynur Mehdiyevanın cildinə girmiş müqəddəs ruh? Bəlkə, DIN-in iki mühüm idarəsi- Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Idarələri birgə əməliyyat-axtarış tədbirlərini insanlarla məzələnmək naminə həyata keçirirlər? Belə çıxır ki, DIN Aynur Mehdiyevaya qarşı saxta əməliyyat keçirib, onu qanunsuz olaraq saxlayıb, onu əsassız olaraq Filippin vətəndaşını istismar etməkdə, ona qarşı zor tətbiq etməkdə ittiham edib, hələ bu barədə KIV-lərə geniş informasiya ötürməklə bu “zavallı” qadına ağır böhtan atıb. Elə bir böhtan ki, onu hətta təkrar xatırlanmasına görə Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayət verilir. Bəs Mehdiyevlər onları “şərləyən” DIN-i niyə məhkəməyə vermir? DIN-in Aynur Mehdiyevaya qarşı “qərəzi və böhtanı” bunula bitmir. DIN-in rəsmi sözçüləri Ehsan Zahidov və Orxan Mənsurzadə Aynur Mehdiyevaya qarşı cinayət işinin açıldığını və onun törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməli olduğunu deməklə, Mehdiyevlər ailəsini növbəti dəfə “şərləyirlər”. DIN-in mətbuat xidmətinin iki əməkdaşının Aynur Mehdiyevaya qarşı cinayət işi açıldığını deyəndən sonra məhkəməyə bunu inkar edən sənəd göndərməsi də bu qurumu növbəti dəfə, yumşaq desək, qeyri-ciddi vəziyyətə salır. Lakin, görünür, Gültəkin Hacıbəyli hakimiyyət üçün elə ciddi narahatlıq mənbəyidir ki, ona görə DIN-ni belə komik bir rakursda təqdim edib nüfuzdan salmaq olar.
***
Yeri gəlmişkən, “Azadlıq” Mahmud Mehdiyevin növbəti yalanını ifşa edərək, onun Baş prokuror Zakir Qaralovun 18.06.2010-cu il tarixli əmri ilə “prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlər etdiyinə görə prokurorluq orqanlarından xaric olunması” haqqında məlumat əldə edib. Nəsimi rayon və Apelyasiya məhkəmələri isə Gültəkin Hacıbəylinin 9 yaşlı oğlunun onu böyüdən, mükəmməl təhsil verən, ictimai xadim, alim, pedaqoq olan anasından faktiki olaraq alınaraq həftənin altı günü tanımadığı, 9 ildə bir manat aliment ödəməyən və “maddi imkanı olmadığı” üçün bundan sonra da övladını təmin etməkdən imtina edən, adı keçmiş xanımları ilə uşaqlarla bağlı məhkəmə qalmaqalları ilə gündəmə gələn, öz oğlunun anasına qarşı mətbuat konfransı keçirərək onu “prezidenti sevməməkdə” ittiham edəcək qədər “şərəf və ləyaqət” sahibi olan və Zakir Qaralovun prokurorluq əməkdaşına yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovduğu “ata”ya verilməsi haqqında Azərbaycan məhkəmə praktikasında ikinci oxşarı olmayan qətnamə çıxarır. Lakin, yəqin ki, Baş prokuror da vaxtilə Mahmud Mehdiyevə “böhtan” ataraq onun “şərəf və ləyaqətinə” “qəsd edib”. Məhkəmə bu “tarixi ədalətsizliyi” də aradan qaldırmalıdır.


