Dünya İslam Kərimovun quldursayağı hərəkətlərindən danışır
“Sənin xəstə ayaqlarını doğratdıracam, uşaqlarını və bütün nəslini məhv edəcəm. Sən kimsən axı? İstəyirsən bu dəqiqə səni gülələyim?!”
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı hakimiyyətin atdığı addımlarla bağlı “Forbes” jurnalında maraqlı məqalə dərc olunub. Məqaləni ixtisarlarla diqqətinizə çatdırırıq. Jurnalda dərc olunan məqalədə G.Kərimovanın atası ilə münasibətləri və ambisiyaları haqqında maraqlı məqamlar yer alıb. Məqalədg Özbəkistan prezidentinin böyük qızına məxsus biznes strukturların, «Mərkəz TV», «Forum TV», «NTT», «SoftS», «Zamin FM», «Alo FM, və «Terra FM» radiolarının bağlanmasına diqqət çəkərək, baş verənlərin fonunda İ.Kərimovun qəzəbinin səbəblərinə aydınlıq gətirməyə çalışılır.
«Xalaoğlunun həbsi və çevrilişin qarşısının alınması»
Bu ilin sentyabr ayında Özbəkistanın xüsusi xidmət orqanları İslam Kərimovun baldızı Tamara Sobirovanın oğlu Əkbərəli Abdullayevə qarşı siyasi xarakterli kompramat ələ keçirirlər. Kompramatlar isə Ə.Abdullayevin məhdud çərçivədə keçirdiyi görüşlərdə çəkilmiş videomaterillardan ibarətdir. Həmin videolarda Ə.Abdullayev bir neçə dəfə bu ifadəni təkrarlayır: «Əgər Gülnarə Kərimova atasının yolunu (dövlət başçısı olmaq-red) davam etdirmək niyyətində olmasa o (Gülnarə Kərimova-red )bunu mənə həvalə edəcəyini söyləyib». Xalası qızı ilə yaxşı münasibətləri olan Ə.Abdullayevin bu bəyanatı əslində G.Kərimovanın fikirlərinə əsaslanır. O da etiraf olunur ki, G.Kərimova da yaxın ətrafı ilə müzakirələrdə «əgər mən atamın yerini tutmaq istəməsəm, o zaman bu posta yalnız Əkbərəli Abdullayevi gətirəcəm», deyə söyləyib.
G.Kərimovanın bu açıqlamalarının qısa müddət ərzində mətbuata sızması nəticəsində xüsusi xidmət orqanlarının diqqətini çəkib. Amma Özbəkistanın xüsusi xidmət orqanının rəhbərliyi əldə olunan faktları dövlət başçısına təqdim etməkdə tələsməyib. G.Kərimova ilə eyni zamanda nəzarətə götürülən Ə.Abdullayev barəsindəki sənədlər isə dərhal İ.Kərimovun masasının üzərinə qoyulub. Xüsusi xidmət orqanının rəhbəri Rüstəm İnayətov Ə.Abdullayevin siyasi ambisiyaları barəsində prezidentə məruzə edib. Qəzəblənən İ.Kərimov yaxın qohumuna qarşı cinayət işinin açılması və onun tez bir zamanda həbs edilməsi ilə bağlı göstəriş verib. Dövlət başçısından bu qərarı gözləyən xüsusi xidmət orqanının rəhbəri dərhal əmrin icrasına başlayır. Ə.Abdullayevə qarşı cinayət işi bir neçə saat ərzində başladılsa da, onun həbsi demək olar ki, ayyarım yubanır. Buna səbəb Ə.Abdullayevin həmin dönəmdə Dubayda olması olur. Ona görə Özbəkistan xüsusi xidmət orqanlarının qarşısında Ə.Abdullayevin nəyin bahasına olursa-olsun vətənə qaytarılması hədəfi qoyulur. Öncə Ə.Abdullayevlə birbaşa əlaqə saxlanılır və ondan dərhal bir işin detallarının müzakirəsi üçün ölkəyə qayıtması tələb olunur. Amma dəvətlə bağlı şübhələnən Ə.Abdullayev geri dönməkdən imtina edir. Bu zaman xüsusi xidmət orqanının rəhbəri G.Kərimovanın köməyindən istifadə etməyə çalışır.
Yaxşısı budur yubka geyin
G.Kərimovadan Ə.Abdullayevi şəxsən ölkəyə dəvət etməsi istənilir. Və bu zaman söz verilir ki, Ə.Abdullayev barəsində heç bir cinayət işi açılmayacaq. R.İnayətovun vədlərinə inanan G.Kərimova Ə.Abdullayevdən «onun fəaliyyəti ilə əlaqəsi olmayan bir epizod üzrə» ifadə verməsi üçün vətənə dönməsini istəyir. Xalasıoğlu ilə telefon danışığı zamanı G.Kərimova xüsusi xidmət orqanlarının Ə.Abdullayevə qarşı heç bir addım atmayacağına şəxsən zəmanət verir. G.Kərimovanın vədlərinə inanan Ə.Abdullayev oktyabrın 10-u Dubaydan vətənə qayıdır və dərhal da xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs olunur.
Hadisələrin bu cür gedişatından heyrətlənən Ə.Abdullayev dərhal G.Kərimovaya zəng vuraraq, onun verilən vədlərin əksinə olaraq həbs olunduğunu söyləyir. Bu xəbər G.Kərimovanı qəzəbləndirir və o, xüsusi xidmət orqanın rəhbəri İnyatova zəng vuraraq onu təhqir edir. «Sən kişisən, yoxsa yox? Yaxşısı budur yubka geyin. Anladin?». G.Kərimova əsəbi halda hətta bir neçə dəfə R.İnyətovun kabinetinə də «hücum» edərək, Ə.Abdullayevi azad etməyi tələb edib. G.Kərimovanın ölkənin bir nömrəli «çekistinə» qarşı hədələri oktyabrın 20-nə qədər davam edir.
Gülnarə Qurbanovadan ilk şikayət
Bu hadisədən sonra səbr kasası dolan R.İnayətov oktyabrın 20-də İ.Kərimovun qəbuluna düşmək üçün müraciət edir və bildirir ki, «o çox vacib və təxirə salınmaz bir məsələni müzakirə etməlidir». Prezident tərəfindən qəbul edilən R.İnayətov baş verənləri danışır və G.Kərimovadan atasına şikayət edir. Hətta G.Kərimovanın onun kabinetinə gələrək əməkdaşların gözü qarşısında söydüyünü də prezidentə çatdırır və qızının törətdiyi əməllərlə bağlı materialları ona təqdim edilir. Hətta prezidentə o da bildirilir ki. G.Kərimova xalası və xalası oğlunun rəhbəri olduğu müəssisələrdən 50-70 milyon dollar arası “haqq” alır. O da məlum olur ki, G.Kərimova dövlət büdcəsindən hər il «Art Week Style», «Qızıl Hepard” kimi tədbirlərin keçirilməsi üçün 16 milyon dollar mənimsəyir. Onun rəhbərlik etdiyi “Forum”un keçirdiyi tədbirləri “maliyyələşdirmək” üçün sahibkarlardan pul topladığı barədə məlumatlar da materiallarda yer alır. Sənədlərə əsasən G.Kərimovanın biznes-imperiyasına daxil olan «TV Markaz», «Forum TV», «NTT», «SoftS» telekanalları, «Zamin FM», «A’lo FM» i «Terra FM» radioları vergi ödəmir. «Bu KİV-lər yalnız «Forum» fondunun fəaliyyətini işıqlandırır və sizin qızınızın müəllifi olduğu mahnıları efirə verməklə məşğuldur» deyə prezidentə məruzə edilir. O məqamlar da vurğulanır ki, G.Kərimovanın piar-kampaniyasına şəxsi təşəbbüsü ilə Ə.Abdullayev də qoşulub.
Qızının çılpaq şəkilləri İ.Kərimovu əsəbləşdirir
Prezidentin diqqətinə hətta o məlumat da çatdırılır ki, Ə.Abdullayevin göstərişi ilə şəhərdə keçirilən avtoreydlər zamanı yol polisinin əməkdaşlırı sürücülərdən yalnız G.Kərimovanın mahnılarına qulaq asmalarını istəyirlər. Prezidentə G.Kərimovanın oğlu İslam Kərimovun paytaxtın küçələrində bahalı avtomobilləri yüksək sürətlə özü də görüntünü məhdudlaşdıran şüşələrlə idarə etdiyi xəbəri çatdırılır. Prezidentin qızının sosial şəbəkələrdəki aktivliyi, Qərb mətbuatında gedən şəkilləri də onun barəsindəki dosyeyə əlavə olunur. Prezident kiçik qızı Lola ilə Gülnarə arasında olan münasibətlər barədə də məlumatlandırılır. Prezidentə bildirilir ki, 10 ildir bir-biri ilə danışmayan hər iki qızı Qazaxıstanın tanınmış müğənnisi və cadugəri Atxambəy Yoldaşevin xidmətindən istifadə edir. Bu xidmətin müqabilində isə cadügər-müğənninin hər iki ölkədə konsertlərinin təşkilinə vəsait ayrılır. Prezidentin masasının üstünə G.Kərimovanın Qərb mətbuatında dərc olunan çılpaq şəkilləri qoyulanda isə İ.Kərimov əsəblərini cilovlaya bilmir.
Hisslərinə hakim kəsilə bilməyən İ.Kərimov R.İnayətovu pis formada təhqir edir və xüsusi xidmət orqanının rəhbəri G.Qurbanova və onun ətrafı barəsində prezidentə gec məlumat verməkdə ittiham olunur. İ.Kərimovun «bütün bunları məndən niyə gizlədirdin?» suallarına R.İnayətov «mən sizi qəzəbləndirmək istəmirdim. Mən düşünürdüm ki, Gülnarə ağılanacaq və səhvlərini düzəldəcək» deyə cavab verirdi. Amma bu cavab R.İnayətovun istiqamətinə mobil telefon və külqabının atılmasının qarşısını almır. Prezident dərhal hakimiyyətin yuxarı eşalonunun toplanması göstərişini verir.
Təcili toplantı və onun ağır nəticələri
Dövlət başçısının göstərişi ilə oktyabrın 20-də prezidentin iqamətgahında təcili müşavirə çağrılır. Baş prokuror Kadırov, daxili işlər naziri Mətləbov, baş nazir Mirzəyev, maliyyə naziri Əzimov və onun müavini Quskov prezidentin qəbuluna çağırılır. G.Kərimova barədə məlumatlar R.İnayətovun dilindən iclasda bir daha oxunur. Prezident məmurlara «diqqətlə qulaq asmağı əmr edir». Prezident məmurları baş verənlər barədə indiyə qədər xəbərdar etməməkdə günahlandırır. G.Kərimovanın bu əməlləri həyata keçirməsinə göz yuman bir neçə nəfərin vəzifədən azad edilməsi barədə tapşırıq verilir. 18 nəfər vəzifəsini itirir, onlardan bəzisi həbs olunur. G.Kərimovanın sahib olduğu telekanal və radioların fəaliyyətinin yoxlanması barədə tapşırıq verilir. Prezident onun adını daşıyan nəvəsi, G.Kərimovanın oğlu İslam Kərimovun bütün avtomobillərinin müsadirə edilməsi barədə də ciddi tapşırıq verir. Bütün bunlarla “ürəyi soyumayan” prezident iqamətgahdan çıxdıqdan sonra qızına zəng edərək onu yanına, iqamətgahına çağırır. Bəzi məlumatlara görə, prezident bütün yol boyu əsəblərinə hakim ola bilməyib və qızının, həmçinin həyat yoldaşının ünvanına xoşagəlməz ifadələr işlədib.
İ.Kərimov R.İnayətova G.Kərimovanın yaxın ətrafının həbs olunması əmrini də verir. Prezidentin əmrinin icrası başlayan kimi G.Kərimovanın tanışlarının əksəriyyəti ölkədən qaçmağa məcbur olurlar. Müşavirədən bir gün sonra G.Kərimovanın rəhbəri olduğu KİV-lərdə ciddi yoxlamalar başlayır. «NTT» telekanalının rəhbəri, G.Kərimovanın mətbuat xidmətinin rəhbəri Firdovsi Əbdulxaliqovun başının üzərini qara buludlar alır. Bundan başqa dövlət başçısının göstərişi ilə dövlət telekanallarına «Art Week Style» şirkətinin fəaliyyətini işaqlandırmaq qadağan olunur. Telekanallara G.Kərimovanın sifətinin göstərilməsi belə qadağa edilir.
Qəbul etdiyi qərarlardan hirsi soyumayan İ.Kərimov yenidən R.İnayətovu hədələməyə və onu niyə vaxtında xəbərdar etməməkdə günahlandırır. Hətta İ.Kərimov R.İnayətovu ölümlə belə hədələyir: «Sən demə sənin əlində mənə qarşı ciddi faktlar var. İnternetdə oxumuşam ki, sən hətta mənim yataq otağımı belə dinləyirsən. Səhv etmirəmsə sənin şəkər xəstəliyin var. Bir də sənin ayaqların ağrıyır. Qulaqlarını aç, məni dinlə. Hakimiyyətdən getməmişdən əvvəl mən sənin xəstə ayaqlarını doğratdıracam, uşaqlarını və bütün nəslini məhv edəcəm. Anladın?! Sən kimsən axı? İstəyirsən mən bu dəqiqə səni gülələyim?! Buraya toplaşan insanların gözü qarşısında gülələnmək istəyirsən?! İstəyirsən tapançanın lüləsini sənin ağzına salım, necə ki, vaxtı ilə bunu Almatova (keçmiş nazir-red) qarşı etmişdim?!», Bu sözləri İ.Kərimov yerinədə donub qalmış R.İnayətova deyirdi.
Qızını döyən prezident
Qızını Dürmendəki iqamətgahda maşından çıxan yerdə “qarşılayan” prezident onu döyməyə başlayıb. “Məni bütün dünyada rüsvay etmisən. Çılpaq şəkillər çəkdirmək üçün jurnalistlərin qarşısında dayanırsan. Fikirləşmirdin ki, təkcə özünü yox məni, ananı, bütün ailəmizi biabır edirsən?” deyən prezidenti mühafizəçilər güclə sakitləşdirib. «Cənb prezident axı bu sizin qızınızdır, qadındır», deyə mühafizəçilər prezidenti sakitləşdirməyə çalışıb. Bundan sonra bütün mühafizəçilər və qulluqçulardan onu tərk qoymağı tələb edən prezident binaya daxil olmayaraq bağda gəzişib. O, iqamətgaha ancaq gecə saatlarında daxil olub və bu zaman onu tərk etməyən mühafizəçisi prezidentin ağıladığını görüb…
Sonda
Bəli, prezidentin ailəsinin dramı yerli və xarici mətbuata məlum olub. İndi heç kimə sirr deyil ki, prezidentin qızları artıq 10 ildən artıqdır ki, bir-birilə danışmırlar. O da məlum oldu ki, prezidentin ailəsi əslində iki düşərgəyə -G.Kərimova və İ.Kərimova bölünüb. Bütün bu «ağır iş»in öhdəsindən isə R.İnayətov gəlib. Ekspertlər hesab edir ki, Kərimovlar ailəsində vəziyyətin bu dərəcədə kritikləşdirilməsi yalnız onun maraqlarına uyğundur.