Space TV-nin rəhbəri Vafiq Mustafayevin Heydər Əliyevin məzarı önündə məsləhətsiz dərəcədə əyilməsini əks etdirən fotosunun bir neçə ay əvvəl yayılması istər sosial şəbəkədə, istərsə də müstəqil mətbutda bir trend oldu desəm, yanılmaram… Vaqif müəllimin başını yerdən çox az məsafə ayırırdı. Sanki qatı bir cinayətkara başa salmışdılar ki, sənin əfv olunmağın necə baş əyməyinə bağlıdır, o da bacardığı qədər ikiqat olmağa çalışmışdı…
Vaqif Mustafayevi təqdim etməyə yəqin ki, ehtiyac yoxdur. Rejissor, əfsanəvi Eldar Ryazanovun tələbəsi olub. Bəlkə də layiqli davamçısı ola bilərdi. Möhtəşəm “Yaramaz” filmi yəqin yadınızdadır. Film SSRI-nin mövcud olduğu bir vaxtda çəkilmişdi. Durğunluq dövrü kimi qəbul edilən 70-80-ci illəri xarakterizə edən ən gözəl filmlərdən biridir. Adi bir naxış ustasının başgicəlləndirici karyerası fonunda tamaşaçıya dövrün eybəcərlikləri məharətlə təqdim edilirdi. Filmə görünməmiş maraq var idi. Ittifaq kinoteatrlarında bu filmə bilet almaq üçün insanlar sonu görünməyən növbəyə durmaqdan belə bezmirdilər. Mən belə mənzərəni səhv etmirəmsə, 1988-ci ildə Litvanın paytaxtı Vilnüsdə müşahidə etmişdim. Qürurverici tablo idi, həmyerlinin filminə baxmaq üçün soyuqqanlı, özlərini hamıdan köynək üstün bilən litvalılar növbədə az qala bir-birini “qırmağa” hazır idilər…
Filmin qəhrəmanı Hətəm yuxarıda qeyd etdiyimiz kimi, naxış ustası idi, əqli cəhətdən də o qədər kamil deyildi. O dövrün iri məmuru təsadüfi tanışlığı onun həyatını dəyişir. O, Hətəmi məhz evində tanış olduğu və tabeçiliyində olan yüksək vəzifəli məmur olan Qəzənfərin yerinə aparır. Hətəm dəyişir, lakin alçaldıcı keçmişi onu daim narahat edir, ondan yaxa qurtarmağa çalışır. Filmdə vaxtilə ona pul verib Nataşa adlı qızı çağırtdıran uşağı belə tutub, amansız şəkildə döyür. Vaxtilə ona qəyyumluq edən və istehsalat birliyinin ondan əvvəlki rəisi olmuş Qəzənfəri təhqiramiz formada aşağılamaqdan da çəkinmir. Çox keçmir ki, vəziyyət dəyişir, Hətəmin qəyyumu tutduğu vəzifəsi ilə vidalaşır. Yenidən vacib adama çevrilən Qəzənfərin ilk işi, ona adi bir mühəndis vəzifəsini çox görən, bir sözlə, onu alçaldan Hətəmdən qisas almaq olur. Onu həbsə göndərməmişdən əvvəl “mən yaramazam, əclafam” deyə bağırmağa məcbur edir…
Space telekanalına rəhbər gətiriləndə V. Mustafayev yəqin ki, ağlına belə gətirə bilməzdi ki, bunu nəyə görə edirlər. Bəlkə də indi də bilmir…
Onu zərərsizləşdirdilər və yavaş-yavaş yaratdığı Hətəmin gününə salmağa başladılar. Məcbur etdilər ki, Hətəmlərin etdiklərinə haqq qazandırsın. Onun son on beş ildə çəkdikləri filmlər, eləcə də rəhbərlik etdiyi televiziyanın xətti buna əyani sübutdur.
…”Yaramaz” filmi həm də Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanının aynası idi. Bu filmdən sonra Heydər Əliyev haqqında çoxseriyalı sənədli, bir az da bədii film çəkən rejissor sanki bəraət aldı. Daha sonra çəkdiyi “Yoxlama” filmi isə, bir növ “ağ bayraq” idi. Əliyevlərin vergi inspektorunun cinayətkar ünsürlərlə mübarizəsinə həsr olunmuş bu filmin baş məsləhətçisi… vergilər naziri Fazil Məmmədovdur. Vergi orqanları işçiləri filmdə vicdanlı və prinsipial(!), bir sözlə, mələk kimi təqdim olunur. O qədər ehtiyatla çəkilib ki, filmdəki iqtisadi cinayətkar belə xarici ölkə vətəndaşıdır…
Gələk “tuman” məsələsinə, yəni Polşaya qaçmış kanal əməkdaşı Idrisin söylədiklərinə… Fikrimcə, burada təəccüblü heç nə yoxdur. Ölkədəki bütün telekanal rəhbərlərinin, nazirlərin, ali məktəb rektorlarının, adi JEK müdirlərinin belə məşuqəsi var. Hətta yaşı 70-i keçmiş “ağır” ağsaqqal belə nəvəsi yaşda müğənni məşuqəsi ilə flirt edir, elə bilir millət kordu, görmür… Əslində rejim öz məmurlarına məşuqə saxlamağı qadağan etmir, hətta onu buna həvəsləndirir. Bu gün telekanallarda səsi ilə millətə əzab verən gözəgəlimli gözəlçələr at oynadır, yüzminlik maşınlarını reklam edirlər, deyirlər bunu sənətimlə(!) qazanmışam…
“Yaramaz”ın hətəmləri bu gün ölkədə bir deyil, iki deyil, yüzlərlədir. Onların qarşısına yalnız bir məqsəd qoyulub, hansı yolla olur-olsun, özündən bir pillə yuxarıda duranın haqqını ödə ki, o da onu yuxarıya ötürə bilsin. Bunu edə bilirsənsə, sənə “tuman” halaldır.
Razılaşın, bu, bir köşəyə sığan mövzu deyil – ardı olacaq…