Elnur Seyidovun həbsi siyasi qisasdır

Mirvari Qəhrəmanlı: «Elnur Seyidovun həbs edilməsi Əli bəyə qarşı hökumətin həmişəki kimi planlaşdırdığı hücumudur»

 

Vidadi Mirkamal: «Bizdə hələ də elə hakimlər var ki, onlar heç nədən hökm çıxarmağı bacarırlar»

Rəşid Hacılı: «Azərbaycanda qanunun aliliyinə əməl olunmur»

AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidova 7 il 6 ay həbs cəzası verildi. Cəmiyyətin tanınmış üzvləri isə bu olayı məhz Əli Kərimliyə qarşı olduğunu dəfələrlə söyləyiblər.

AXCP sədri “Facebook” səhifəsində bu olaya belə münasibət bildirib: “Qaynım Elnur Seyidovu qurama, absurd ittihamlarla 7 il yarım azadlıqdan məhrum etdilər. Məndən qisas almaq məqsədilə təqsirsiz, xəstə, 3 azyaşlı uşaq atasını sifarişlə cəzalandırdılar.

Bir neçə il əvvəl əmim oğlunu da qurama ittihamlarla 2 ildən artıq həbsdə saxlamışdılar. Daha neçə qohumum, dostum, partiya və əqidə yoldaşım həbsxanalardan keçib və keçməkdədir.

Hazırda ölkənin 100-dən artıq gənci, siyasətçisi, din xadimi, jurnalisti bu vətəni çox sevdiklərindən sülalə hakimiyyətinin həbsxanalarındadır.

“Azadlıq” qəzetinin kollektivi azad, tənqidi sözün tribunasını qoruyub saxlamaq üçün ölüm-dirim mübarizəsi aparır. Amma bütün bu repressiyalar da, seçki saxtakarlığı da ölkəmizdə demokratik dəyişikliklərin qarşısını ala bilməyəcək. 3-5 il bundan əvvəldən fərqli olaraq, indi bu dəyişikliklər zaman məsafəsi baxımından bizə xeyli yaxındır. Xalqımız böyük məhrumiyyət və fədakarlıq bahasına demokratik dəyişikliklərə yaxınlaşır. Bu dəyişiklikləri “olmazsa olmaz”a çevirir. Demokratiyanın bərqərar olması naminə verdiyimiz qurbanları həm də ona görə xatırladıram ki, Demokratiyanın qələbəsindən sonra heç bir “çoxbilmiş” ölkəmizin demokratikləşməsinin hansısa qlobal, geopolitik proseslərin nəticəsi olduğunu iddia etməsin. Xeyr, xalqımız alnının təri ilə, həbsxanalardan keçə-keçə, min bir əziyyətlə ölkəmizdə azadlıq və ədaləti bərqərar etməkdədir və edəcək”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, ölkədə cəzalandırılanlar və cəzasız qalanlar var: “Cəzalandırılan qrup müxalifyönlü insanlardır. Indi artıq növbə onların ailələrinə çatıb. Ancaq ölkədə cinayət törədib cəzasız qalanlar da var. Ölkə malını dağıdırlar, ölkənin bütün var-dövləti daşınır, ancaq buna göz yumulur və heç kim cəzalandırılmır. Cəzasızlıq isə cinayətin inkişafıdır. Kimsə cinayət törədir cəzasız qalır, kimisi isə cinayəti olmadan cəzalandırılır. Elnur Seyidovun həbs edilməsi Əli bəyə qarşı hökumətin həmişəki kimi planlaşdırdığı hücumudur”.

Tanınmış hüquqşünas Vidadi Mirkamal deyir ki, bağlanmış müqavilələri, ödənilmiş kreditləri mənimsəmə faktı kimi qələmə vermək, hökm çıxarmaq, tövsif etmək çox çətin məsələdir: “Mənə qəribə gəlirdi ki, hakim Elnur Seyidov haqqında necə qərar verə bilər? Bağlanmış müqavilələri, ödənilmiş kreditləri mənimsəmə faktı kimi qələmə vermək, hökm çıxarmaq, tövsif etmək çox çətin məsələdir. Görünür, bizdə hələ də elə hakimlər var ki, onlar heç nədən hökm çıxarmağı bacarırlar. Mən çox səbirsizliklə gözləyirəm ki, onların verdiyi hökmdə nə qeyd edilib”.

Vidadi Mirkamal deyir ki, noyabrın 1-də AXCP-nin qərargahında saat 17:00-da bu olayla bağlı geniş toplantı olacaq: “Vəkillər, ictimaiyyət xadimləri orada iştirak edəcək. Bütün bu qanunsuzluqlar barədə tədbirdə bir daha məlumat veriləcək”.

Media Hüquqları Institutunun rəhbəri Rəşid Hacılının sözlərinə görə, Elnur Seyidova edilən ittihamlarla bağlı heç nə yoxdur: “Tamamilə görünən odur ki, Elnur Seyidov ittiham edildiyi cinayət ilə bağlı açıq-aşkar pozuntulara yol verilib. Bu da ondan irəli gəlir ki, o, Əli Kərimlinin yaxın qohumudur. Əli Kərimli mühüm siyasi partiyalardan birinin lideridir”.

Rəşid Hacılının fikrincə, hüququn aliliyi ayaq altına atılıb: “Azərbaycanda qanunun aliliyinə əməl olunmur. Məhkəmələr müstəqil deyillər, istintaq müstəqil deyil, insanlar qurama ittihamlarla, siyasi motivlə həbs olunması halları təəssüf ki, var”.