“Prokurorluq dövləti cinayəti təqib etməlidr”

AXCP parlamentdəki rüsvayçı səsverməyə münasibət bildirdi

AXCP Milli Məclisin 29 oktyabr sessiyasında qanunların qəbulu zamanı bir neçə deputatın başqa həmkarlarının da yerinə səs verdiyinə dair yayılmış materiallarla bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Ötən günlərdə internet saytlarında və sosial şəbəkələrdə Milli Məclisdə səsvermə dəqiqələrini özündə əks etdirən foto və video görüntülər yayılıb. Görüntülərdə millət vəkilləri iclasda iştirak etməyən həmkarlarının əvəzinə səs verirlər. AXCP hesab edir ki, bu təkcə mediada təsvir edildiyi kimi, siyasi biyabırçılıq deyil, həm də ağır dövləti cinayətdir. Bu dövləti cinayəti həyata keçirənlər kadrlarda görünən millət vəkilləri deyil, parlamentin rəhbərliyi və bütövlükdə siyasi hakimiyyətdir. Bu günə qədər Azərbaycan parlamentinin qeyri-legitim və Prezident Administirasiyasinin hüquq dəftərxanası hesab edilən bəyanatlar mövcud idisə, bu görüntülər deyilən ittihyamları təsdiqlədi və parlamentin dövlət aparatının bir qolu kimi sıradan çıxdığını açıq-aşkar sübut elədi. AXCP bəyan edir ki, bu, hakimiyyəti zor yolu ilə ələ keçirmiş və davamlılığını anti-konstitusiyon vasitələrlə təmin edən Əliyevlər komandasının dövləti, onun ayrı-ayrı hakimiyyət qollarını gözdən salmaq və bütünlükdə dövlət aparatını iflic etmək istiqamətində şüurlu addımıdır. AXCP bütün cəmiyyəti, mətbuatı, qeyri-hökumət təşkilatlarını və xalqı bu qanunsuzliğa biganə qalmamağa çağırır və prokurorluqdan tələb edir ki, Konstitusiyaya və prosesual məcəlləyə əsasən aşkarlanmış faktla  bağlı dərhal cinayət işi başlasın”.