Abşeron polisi gənc Cəbhəçiyə işgəncə verib

AXCP üzvü, gənc fəal Elvin Adiyev Abşeron Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb və saxta ittihamla həbs olunub. Bu barədə “Azadlıq” qəzetinə gənc fəalın özü məlumat verib.
E.Adiyevin sözlərinə görə, oktyabrın 22-də onu Abşeron RPİ-yə çağırıblar. O, çağırışa uyğun olaraq saat 15 radələrində idarənin qarşısında olub. Onu qarşılayaraq idarə rəisi Namiq İsmayılovun otağına aparıblar. Bütün qanunsuz hərəkətlər də bundan sonra başlayıb.
“Oktyabrın 22-i günün birinci yarısı atamı Abşeron rayon polis idarəsinə çağırıblar və mənim siyasi fəaliyyətimə görə onu təhqir ediblər. “Facebbok” səhifəmi atamın qarşısına qoyublar və bildiriblər ki, oğlun dövlətin əleyhinə gedir, mitinqlərdə iştirak edir və s. Atam idarəni tərk edəndən sonra mənə zəng edib idarəyə dəvət edibər. İdarənin rəisi Namiq İsmayılov mənə  bildirdi ki, müxalifətçisən, mitinqlərə çıxırsan, Cəmil Həsənlini dəstəkləyirsən, polisi təhqir etmisən və s.  Cavab verdim ki, mitinqdə iştirak edib-etməmək konstitusion hüququmdur, amma polisi təhqir eetməmişəm. Bundan sonra Namiq İsmayılov məni təhqir etməyə başladı və ayağa qalxıb mənə fiziki zor tətbiq etdi. Bədənimin hər yerinə yumruq, təpik zərbələri endirirdi. Mən ayağa durub pəncərəyə tərəf qaçıb özümü 2-ci mərtəbədən atmaq istədim. Ancaq otaqda olan şöbə rəisi Zülfüqar və bir polis serjantı məni tutub küncə sıxdılar və döyməyə davam etdilər. Təxminən 30 dəqiqəyə yaxın mənə işgəncə verdilər, ağır ifadələrlə təhqir etdilər. Daha sonra Namiq İsmayılov otaqdakı plislərə dedi ki, bunu aparın “başa salın”. Məni zirzəmiyə apardılar, 2 polis serjantı əllərimi qndalladı və məni yenidən döyməyə başladı. Sonra mənə saxta protokola zorla imza atdırdılar və Abşeron Rayon Məhkəməsinə apardılar. Bildirdilər ki, məhkəməyə saxta protokolda yazılanları deməliyəm. Guya mən oktyabrın 22-i saat 15:30-da Xırdalan parkında telefonla danışarkən söyüş söymüşəm. Hansı ki, mən həmin vaxt polis idarəsində olmuşam. Məhkəmədə 2 serjantın şahidliyi ilə mənə 3 sutka həbs verdilər. Həbsdən çıxandan sonra da polis idarəsinə apardılar və Namiq İsmayılov məni yenə təhqir etməyə, hədələməyə başladı. Hər gün məni müxtəlif vasitələrlə təhdid edirlər. Atam bu hadisələrə görə infarkt oldu, digər ailə üzvlərim də sarsıntı keçirib”.

DIN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, Adiyev Elvinin söylədikləri cəfəngiyyatdır və ictimai rəyi çaşdırmaq cəhdidir: “Onların ailəsi münaqişəli ailə hesab olunur. Elvin Adıyevin anası Fatma Adıyeva Abşeron rayon polis idarəsinə müraciət edərək bildirib ki, oğlu və həyat yoldaşı tərəfindən təhqir olunur və işgəncələrə məruz qalır. Bu səbəblə də Elvin Hadiyevi polis idarəsinə çağırıblar və məhkəmə onu təqsirli bilərək 3 sutka həbs cəzası verib. Bundan əlavə ona qarşı heç bir zorakılığa yol verilməyib və baş verənlərin siyasi fəaliyyətlə əlaqəsi yoxdur”.

İlham