Vasif Talıbova mükafat?!

«Hüquqi islahatlara görə…»

Bu sözü Azərbaycanda işlətmək özü çoxlarında gülüş doğurur. Avtoritar rejimdə, antidemokratik şəraitdə yaşayan bir ölkədə hüquq nədir, heç məişətdə islahatdan danışmaq olmaz. Son prezident seçkisi də ölkəni ələ keçirmiş bir dəstə quldurun bu dəyərlərdən çox-çox uzaq olduğunu göstərdi. Belə bir rejimdə islahat sözünü yuxuda da görmək adama problemlər yarada bilər. Nəinki onu haradasa həyata keçirmək. Ancaq bizə Naxçıvandakı “islahatlar”dan danışırlar…

Dünən maraqlı bir informasiya yayılıb. “Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatına… görə Vasif Talıbova Azərbaycan Hüquqşünasları Konfederasiyası diplom verib”. Etiraf edim ki, son illərdə bu xəbər qədər məni heç nə güldürməmiş, əhvalımı xoş etməmişdi. Əsl anekdotdur. Bu, illər uzunu yaddan çıxmayacaq, xatırlanacaq, bəlkə də nə vaxtsa dərsliklərə düşəcək anekdotun müəllifi də elə-belə adam deyil, deputatdır. Ölkədə hüquqla bağlı baş verənlərdə əli olan adamlardandır. Hüquq deyəndə… bu söz sizi çaşdırmasın. Bütün dünyada olduğu kimi bizdə də buna hüquq deyirlər. Bizimkilər ona hələ başqa ad tapmayıb… 

Vasif Talıbovu ödülləndirən deputat Əli Hüseynlidir. Gənc yapçılardandır. 2000-ci ildən deputatdır. Özünü belə aparsa, şübhə yoxdur ki, gələn bir neçə çağırışda da mandat problemi olmayacaq. Həm yaşı, həm də başı… buna imkan verir. Enerjilidir, bir neçə işi çatdırıb görməyi bacarır.  Parlamentdə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. Qanunlara edilən bütün mürtəce dəyişikliklərin ya müəllifi, ya da ilhamvericisidir. Eyni zamanda Azərbaycan Hüquqşünasları Konfederasiyası adlı təşkilata da rəhbərlik edir. Qulluq mövqeyindən yararlanaraq xaricdən alınan qrantlar hesabına ölkədə “hüquq islahatı” aparır. USAID əsas partyor təşkilatdır. Ötən il bu təşkilatdan aldığı 3 milyon dollarlıq qrant böyük söz-söhbətə səbəb olmuşdu. Ölkənin  tanınmış hüquqçuları ABŞ təşkilatından alınan bu qrantın avtoritarizmə xərcləndiyini iddia edirdi. Bir müddət qabaqsa ABŞ-ın nüfuzlu “Foreign Policu” jurnalı da məhz avtoritar rejim yandaşlarına verilən bu tip qrantlara görə Beynəlxalq Inkişaf Agentliyini (USAID) tənqid etmiş, bunu Amerika vergi ödəyicilərinin pullarının göyə sovrulması kimi dəyərləndirmişdi. Jurnal yazırdı: “…Məsələn, Azərbaycanı götürək. Ölkə 1991-ci ildə müstəqilliyini əldə edib. ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi (USAID) bu ölkənin bir qədər demokratikləşməsi üçün proqramların maliyyələşməsinə indiyə qədər 55 milyon dollar vəsait xərcləyib… Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı sərt qaydalar tətbiq edir, yüzlərlə dindara ”ekstremist” damğası vurulur və nəhayət, bu ölkədə keçirilən seçkilərin heç biri beynəlxalq standartlara cavab verməyib.

Bütün bunlara baxmayaraq, USAID 2007-2011-ci illərdə “Azərbaycan parlamentinin effektivliyinin artırılmasına” 5 milyon 600 min dollar vəsait ayırıb. Acınacaqlısı budur ki, Azərbaycanda parlament heç vaxt şəffaf seçki ilə formalaşmayıb. Azərbaycan parlamentində müxalifət yoxdur. ABŞ-ın Azərbaycandakı səfirliyi də ölkədə 2010-cu ildə keçirilən son parlament seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib”.

Jurnalın bu yazdıqlarına 2013-cü ilin prezident seçkisini də uf demədən əlavə etmək olar. 

Görən indi nə yazacaqlar. Vasif Talıbova verilən bu mükafata nə deyəcəklər. Həmin jurnal USAID-i təzədən məhşər ayağına çəkməyəcək? Amerikalılar bilsə ki, onların ödədikləri pulların bir qismi diplom şəklində Vasif Talıbova verilir… Allah, Allah!.. Düşündüklərimi dilə gətirmək istəmirəm.

Əli Hüseynlinin növbəti diplomantı “seçki islahatına görə…” Məzahir Pənahov olsa, heç təəccüblənmərəm. 

Buna görə ola bilsin, gələn il Əli Hüseynlinin qrantını bir qədər də artırsınlar…