Əliyevlərin Azərbaycanı IŞĞAL etdikləri, burada açıq-aydın IŞĞAL rejimi qurduqları indi bütün dünyaya bəllidir. Sonuncu prezident seçkisi bəlli olanı daha da bəlirlətdi. Bütünlüklə saxtalaşdırılan, cinayətkarcasına bir seçki! Saxta, cinayətkarcasına seçki yoluyla rejimin qorunub saxlanması… Əliyevçi korrupsiya rejiminin baş ideoloqu, eləcə də əliyevçi seçkilərin baş meneceri Ramiz Mehdiyevin çoxdan Batıya sırıdığı “demokratiya yolunda irəliyə doğru daha bir addım” tezisi indi keçərsiz olub. Birincisi, bunların 20 illik demokratiya yalanları, ayrıca olaraq R.Mehdiyevin “demokratiyaya keçid” uydurmaları bütünlüklə boşa çıxıb. Ikinci, seçkiöncəsi ora-bura ötürdükləri milyonlara, milyardlara arxayın olaraq bu seçkini bütünlüklə saxtalaşdırıblar.
R.Mehdiyev indi uduzmuş rejim ideoloqu, kütə getmiş seçki meneceri olaraq az qala bütün demokratik dünya ilə savaşa çıxıb: çığır-bağır, qaraqışqırıqla rejimi, ideoloq-menecer olaraq özünü doğrultmağa çalışır. Sən demə, ABŞ-ın Bakıdakı baş diplomatı R.Morninqstar seçkiöncəsi bunun qarşısında belə bir yalvarışda bulunub: “Müxalifətə seçkidə 25% səs verin”. Dünyanın ən doğru-düzgün… adamına görün nə deyiblər, onu necə bir əyri yola çəkmək istəyiblər. O isə ABŞ baş diplomatının qarşısında bütün varlığıyla əyilməz-yenilməz “Yox!”a çevrilib.
Çoxillik karyerası boyunca Azərbaycan xalqına sonsuz-tükənməz kini, nifrətilə tanınan bu adam görün indi necə bir farsa – tryuka əl atır: “Belə çıxır ki, biz şəffad, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı, onlar hansı sıyasi platfomaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir?”. R.Mehdiyevlə çoxillik bəlli partnyorluq üzündən bu gün məhkəmə qarşısında cavab verməli olan Gülər Əhmədova bu sözləri oxuyandan sonra, məhkəmədə dediyi kimi: “o ki var güləcək”. 1993-dən bu yana ardıcıllıqla saxtalaşdırılan seçkilərin başında duran, bütün seçkiləri XALQA, DÖVLƏTƏ XƏYANƏT, SAXTALAŞDIRMA-KORRUPSIYA axarında keçirən, saxta seçkilər yoluyla ardıcıllıqla Azərbaycan xalqının – mənim, sənin – bizim xalqımızın – YENILMƏSI yolunda can qoyan, dəridən-qabıqdan çıxan, beləliklə, SEÇICILƏRIN LƏYAQƏTININ, MILLI HISSLƏRININ TƏHQIR EDILMƏSINDƏ başlıca rol oynayan bu adam 9 oktyabr seçki cinayətindən sonra dediyi bu sözlərlə də Xalqı TƏHQIR yolunu tutur.
Azərbaycan uzun illərdən bəri əliyevçi rejimin, R.Mehdiyevin “mənəm”liyə bağlı sınırsız şıltaqlığının qurbanına çevrilib. Ancaq R.Mehdiyev ABŞ-ı şıltaqlıqda qınayır. ABŞ seçkini R.Mehdiyevin düzüb-qoşduğu sonuclara uyğun tanımalıdır, tanımırsa, demək, şıltaqlıq edir. Arqumentə baxın! Hələ görün bu adam ATƏT PA-nı nədə qınayır: “ATƏT PA-nın müşahidəçiləri seçkilərdə (seçkilərdə yox, seçkidə! – X.B.) iştirak etmiş və seçki prosesinin təşkilini yüksək qiymətləndirmişdilər”. Bəlli olduğu kimi, ATƏT PA missiyası o “təşkil” olunmanı indi də yüksək dəyərləndirir, bunu danmır. Bununla yanaşı, onlar seçkiöncəsi, seçkiçağı, seçkisonrası durumun demokratik, doğru-düzgün ceçki keçirmək üçün bütünlüklə ƏLVERIŞSIZ olduğunu bildirir. Gerçəkdən demokratik, doğru-düzgün seçki keçirmək üçün BÜTÜNLÜKLƏ ƏLVERIŞSIZ olan bu durum-diktaturanın başında duran dünyaya bəlli iki adamın biri R.Mehdiyev idi. Bu adam indi Batını şantaja keçib: “Qərbdə də ideal seçkilər yoxdur”. Düzdür, ancaq Batıda Xalqın istəyinə bağlı seçkilər, bu seçkilərin doğurduğu Xalqa bağlı hakimiyətlər var. Bizim istəyimiz də budur: doğru seçki, doğru hakimiyət! Sizlərsə oğru xarakterinizə, oğru ideallarınıza uyğun olaraq qurduğunuz hakimiyətə oğru seçkiləriylə DƏYIŞMƏZLIK qazandırmağa çalışırsız!