İlham Əliyevin yeni təyinatları bu klana qarşı savaş siqnalı kimi qəbul olunub
İlham Əliyevin kadr dəyişikliklərində diqqət çəkən məsələlərdən biri də yeni təyinatlarda əslən Naxçıvandan olan şəxslərə üstünlük verilməməsidir. İlham Əliyevin yeni təyinatlarında bir nəfər də olsun Naxçıvandan olan şəxs yoxdur. Baş nazirin müavinləri təyin edilən Əli Əhmədov, İsmət Abbasov, yeni kənd təsərrüfatı naziri Heydər Əsədov və yeni müdafiə naziri Zakir Həsənov əslən Qərbi Azərbaycandandır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonundadır. Göründüyü kimi bu şəxslərin arasında Naxçıvandan olanı yoxdur. “Azadlıq”a daxil olan məlumatlara görə, təyinatlarda Naxçıvan bölgəsinə üstünlük verilməməsi iqtidardakı “Naxçıvan” qruplaşasının hiddətinə səbəb olub. Onlar bunun İlham Əliyevin “Naxçıvan” qruplaşmasına mənfi münasibəti kimi dəyərləndirir. Eyni zamanda hesab edirlər ki, Qərbi Azrəbaycandan olan şəxslərin önə çəkilməsində rəqib qruplaşma olan Paşayevlərin rolu var.
Onlar həmçinin 2005-ci ildə əzilən hakimiyyətdəki qərbi azərbaycanlıların məqsədli şəkildə yenidən dirçədilərək “Naxçıvan” klanına qarşı istifadə ediləcəyindən narahatdırlar.
Halbuki İlham Əliyevin yeni təyinatlarında “Naxçıvan” qruplaşmasının rəhbərlərindən sayılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da maraqları nəzərə alınıb. Zakir Həsənov Ramiz Mehdiyevə, Səlim Müslümov isə Kəmaləddin Heydərova yaxın şəxsdir. Bununla belə “Naxçıvan” qruplaşması hesab edir ki, təyinatlarda Naxçıvandan olan kadrlar da nəzərə alınmalı idi.
Məlumatlara görə, hazırda hakimiyyət dəhlizlərində bu məsələ ciddi müzakirə mövzusudur.
İnformasiya şöbəsi