Razi Nurullayev: «Rusiya postsovet məkanı ölkələrini öz orbitinə qaytarmaq üçün ciddi şəkildə çalışmaqdadır»
Son vaxtlar Rusiya ilə Avropa Birliyi arasında toqquşma nöqtələri artıb. Hər iki tərəf postsovet respublikalarının seçimi uğrunda mübarizə aparır. Rusiya bu respublikaların Gömrük Ittifaqına üzv olması üçün bütün təzyiq vasitələrinə əl atsa da, Avropa Birliyi də geri çəkilmək niyyətində deyil.
Noyabr ayında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində bu respublikalarla Assosiasiya sazişinin imzalanması nəzərdə tutulub. Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov AB ilə münasibətləri gərginləşdirə biləcək daha bir bəyanat verib. Lavrov Avropa Birliyinin Trans-Xəzər qaz kəməri layihəsini Azərbaycan və Türkmənistana sırıdığını deyib. “Trend”in “ITAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Lavrov onların belə məsələlərə saymazyana yanaşdığını və bu məsələnin Brüsseldə deyil, Xəzəryanı ölkələr tərəfindən həll olunmalı olduğunu bildirib.
Hər zaman bu kimi layihələrə qarşı çıxan Moskvanın Brüssellə münasibətlərinin gərgin olduğu zamanda belə bir bəyanatın səslənməsi nəyə xidmət edir?
Politoloq Razi Nurullayev AB ilə münasibətlərin gərgin olduğu bir dövrdə Rusiyanın “Transxəzər” layihəsini də gündəmdən çıxarmaq niyyətində olduğunu deyir: “Bu, Rusiyanın ənənəvi mövqeyidir. Ancaq Gömrük Ittifaqının reallaşması istiqamətində atılan addımlar Rusiya ilə Avropa Birliyi arasında münasibətləri çox gərginləşdirib. Rusiya ”Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığa cəlb olunan Ermənistanı mövqeyindən döndərə bildi. Artıq Azərbaycana da ciddi təzyiqlər başlayıb. Bunun fonunda Moskva “Transxəzər” layihəsini də dəfn etmək istəyir. Çünki bütün kəmərlər Türkiyənin üzərindən Avropaya nəql olunarsa, Azərbaycanın Rusiyadan asılılığı tamamilə azalarsa, bu, Rusiyanın maraqlarına cavab vermir. Rusiya həmçinin Türkmənistan qazının da “Transxəzər” kəməri vasitəsilə Azərbaycan üzərindən Avropaya daşınmasına razı ola bilməz. Ona görə də Rusiya bütün cəhdlərlə Azərbaycanı və Türkmənistanı bu layihədən çəkindirməyə çalışacaq”.
Ekspertin sözlərinə görə, Rusiya paralel olaraq Avropa Birliyi ölkələrinə də təzyiq göstərməkdədir. Çünki Rusiya postsovet məkanı ölkələrini öz orbitinə qaytarmaq üçün ciddi şəkildə çalışmaqdadır. Bunun fonunda Avropa Birliyi da “Şərq Tərəfdaşlığı” çərçivəsində həmin ölkələrlə əməkdaşlığı sıxlaşdırmaq istəyir: “Vilnüsdə ”Şərq Tərəfdaşlığı” sammitində Ukraynanın Assosiasiya sazişi imzalaması daha realdır. Digər ölkələrə belə təkliflər edilib. Bu da Rusiyanı qıcıqlandırır və buna görə də bu cür bəyanatlar verməyə məcbur olurlar”.
Fizzə