Hakimiyyətdə olimpiya narahatlığı

«Hakimiyyətin növbəti peşmançılığı Avropa Yay Oyunları ilə bağlı olacaq»

 

2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa yay olimpiya oyunları hakimiyyət daxilində müəyyən narahatçılığa səbəb olub. Buna səbəb yarışların məhz seçki ilinə təsadüf etməsidir. 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” yarışmasında Azərbaycanın beynəlxalq aləmin diqqət mərkəzində olması, o zamanda baş verən neqativ halların daha çox qabardılması, həmçinin xarici jurnalistlərin Azərbaycanda vəziyyətlə yaxından tanış olmaq imkanı qazanması hakimiyyət üçün əlavə problemlər yaratdı.

Hətta o zaman Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son 20 ildə hakimiyyətə bu qədər ziyanın dəymədiyini etiraf etmişdi. Xaricdən gələn təpkilərlə yanaşı müsabiqə ərəfəsində ölkədə hüquq müdafiəçiləri və ictimai fəalların başladığı “Demokratiya naminə oxu” kampaniyası da diqqəti özünə cəlb edə bildi. Hər bir halda “Avroviziya” yarışması hakimiyyət üçün ciddi sınaq oldu. Hətta hakimiyyətin bu yarışmaya ev sahiblik etdiyinə görə peşman olduğunu da demək olar.

Hazırda beynəlxalq aləmin Azərbaycana qarşı təpkiləri bir qədər də artıb. Buna səbəb prezident seçkisi kampaniyası zamanı və seçki günü baş verən qanun pozuntularıdır. Hadisələrin inkişafı bu istiqamətdə tənqidlərin artacağını deməyə əsas verir. Belə olan halda 2015-ci ildə, növbəti seçki ərəfəsində yenidən beynəlxalq aləmin diqqət mərkəzində olmaq hakimiyyətin maraqlarına cavab vermir. Bu səbəbdən də hakimiyyət daxilində yarışın keçirilməsi ilə bağlı birmənalı fikir yoxdur. Digər tərəfdən, yada salmaq lazımdır ki, “Avroviziya” ərəfəsində yarışın keçiriləcəyi məkanın tikintisi üçün minlərlə insan evlərindən köçürülürdü. Bu da əlavə narazılıqlar yaratdı. Böyük ehtimalla 15 idman növü üzrə yarışların keçiriləcəyi Avropa yay olimpiya oyunları üçün də əlavə idman kompleksləri inşa ediləcək.

Son illər paytaxtda həyata keçirilən bütün inşaat işləri vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə yadda qaldığından bu dəfə də istisna olmayacağını demək olar. Bu da öz növbəsində hakimiyyətdən narazılar ordusunu artıracaq. Həmin dövrdə yarışlarla yanaşı seçkilər də diqqət mərkəzində olacaq. Seçki kampaniyasının pik dövründə hakimiyyətin yenidən beynəlxalq aləmin diqqətinə düşəcəyi şübhəsizdir.

Başqa bir məqam isə korrupsiya ilə bağlı olacaq. Bütün iri layihələrdə olduğu kimi Yay olimpiya oyunlarına hazırlıq zamanı da ciddi korrupsiya yeyintilərinə yol veriləcəyi heç kimdə şübhə doğurmur. Dünyada korrupsiaoner imici qazanmış Əliyev rejimi üçün bu da əlavə başağırısıdır. 

Xatırladaq ki, olimpiya oyunlarından miqyasca xeyli kiçik olan “Avroviziya” yarışmasına hökumət rəsmən 50 mln manatın xərcləndiyini açıqladı. Ancaq təkcə yarışların keçirildiyi “Kristal zal”ın tikintisi 105 milyon manata başa gəlmişdi. Bu dəfə gələcək qonaqların sayının çoxluğu ilə yanaşı xərclər də bir neçə dəfə artacaq. Hələ də yoxsulluğun səviyyəsi yüksək olan bir ölkənin idman yarışına bu qədər xərc çəkməsi ölkə daxilində narazılığı bir qədər də artıra bilər. Belə görünür, hakimiyyətin növbəti peşmançılığı Avropa Yay Oyunları ilə bağlı olacaq. 

Fizzə