Bəs deyirdi, Azərbaycanda adamı günahsız yerə həbs etmirlər?

Dünən dostların internetdə bir neçə foto və video kadr paylaşdığını gördüm. Həmin kadrlarda “Gülər parlamenti”nin elə dünənki iclasında bəzi deputatların digər həmkarlarının yerinə səs verdikləri əks olunmuşdu. Dostlar bu kadrlara baxıb çox təəccübləniblər, yazırlar ki, daha bu qədər də olmaz. Məni isə onların bu təəccübü təəccübləndirdi. Başa düşmürəm, siz nəyə heyrətlənirsiniz?

O deputatların orada hansı yollarla oturduğu bəlli deyilmi?

Guya, onların özlərinə səs vermişdilər ki? Onları ora başqalarının yerinə səs verərək, seçki qutusunu topa-topa bülletenlə dolduraraq əyləşdiriblərsə, bəs onlar niyə başqasının yerinə səs verməsinlər?

Əgər artıq əlimizdə, hətta “mandat alveri”nin də videosu varsa, həmin mandatlıların “Gülər parlamenti”ndə necə səs verdiklərinin videosu niyə olmasın?

“Mandat alveri” və “Gülər parlamenti” yazdım, yadıma Gülər Əhmədova düşdü. Daha doğrusu, onun bir neçə gün əvvəl məhkəməsindəki sözlərini xatırladım. Xanım Əhmədova deyir, onu jurnalistlərin yazdıqlarına görə həbs ediblər.

Yəni, “əgər mətbuat ”mandat alveri” videolarının üstünə getməsə, bu haqda yazmasa, həmin videoları görməzdən gəlsə, malalasa, indi mən azadlıqda olardım”.

Əsl yaptokrat məntiqidir. Görmə. Gördün, dinmə. Sus. Yazma. “Üç meymun”u oyna.

Gülər Əhmədovanın həmin sözləri onun uzun illər təmsil olunduğu siyasi sistemin növbəti ifşasıdır. O deməkdir ki, yaptokratlar həqiqətən bütün varlıqları ilə jurnalistin tənqidçi, ifşaçı deyil, barışqan, üzüyola, ələbaxan, yandaş olmasına inanırlar. Onların təsəvvürlərində doğrunu, gerçəkliyi yazmaq anlayışı yoxdur. Onların görmək istədiyi jurnalistika – problemləri görməzdən gələn, dərdlərin, qayğıların üstünə getməyən, qəlbinin, vicdanının diqtəsi ilə deyil, başqasının sifarişilə yazan bir jurnalistikadır.

Gülər xanım həm də o dedikləri ilə bir vaxtlar özünün təsisçisi, baş redaktoru olduğu “Mərkəz” adlı qəzetinin iş prinsipini açıqlamış oldu. Niyə həmin qəzetin səhifələrini yalançı inkişaf, yüksəliş, çiçəklənən Azərbaycan nağılları ilə doldurduğunu gözlər önünə sərmiş oldu.

Amma məni düşündürən başqa bir mətləbdir: bu gün jurnalistlərin yazdıqlarından şikayətlənən Gülər xanım özü, elə öz qəzetində, “Azadlıq” qışqırdığı üçün polis maşınına mindirilən 5 yaşlı qızcığazın anası haqqında yazdıqlarını doğrudanmı, xatırlamır? Bəs o 5 yaşlı qızcığazın anası haqqında o təhqirləri niyə yazmışdı, necə yazmışdı? Həm də ortada nəinki bir videofakt, yerli-dibli fakt olmaya-olmaya…

Bu gün həbsində mətbuatı qınayan, tez-tez azyaşlı oğlunun anasız böyüməyə məcbur edildiyindən şikayətlənən Gülər xanım o gün üçün də özünü qınayırmı heç?

Tam səmimi yazıram, hər nə qədər zamanında Şərə xidmət adına əlindən gələni etsə belə, Gülər Əhmədovanın həbsdə olmasını istəməzdim. Heç bir insanın, hələ-hələ bir xanımın həbsdə olmasını istəmək mümkün də deyil.

Amma bunu da yazmamaq olmaz: bu gün günahsız olaraq həbsə atıldığını deyən uzun illərin rejim yanlısı Gülər xanım, bir zamanlar ölkədə ədalətli məhkəmənin olduğunu hər addımda dilə gətirirdi.

Hüququn üstünlüyündən bəhs edirdi.

Qanunların aliliyinin, hətta Avropadakından da qat-qat yaxşı təmin olunduğunu dilə gətirirdi.

Azərbaycanda heç kimin haqsız, günahsız yerə həbsə atılmadığı fikrini müdafiə edirdi.

Indi isə özünün haqsız, günahsız həbs olunmasından danışır. Nə oldu, bəs deyirdiniz mümkün deyil, Gülər xanım?

Hətta ortada heç bir videofakt olmasa belə, hətta həqiqətən suçsuz olsanız belə, bir zamanlar yazdıqlarınızdan – bu ölkədə hüquqi-demokratik dövlət qurulduğundan, məhkəmələrin ədalətindən, qanunların aliliyindən yola çıxaraq, buna necə inanaq? Necə əmin olaq? Axı özünüz cəmi bir il əvvələdək hər fürsətdə ucadan hayqırırdınız ki, bizdə hüquq da var, ədalət də, haqq da, özgürlük də, bunun əksini deyən müxalifət ağ yalan danışır, xarici təşkilatlar isə erməni dəyirmanına su tökür.

Bu günsə deyirsiniz, “günahsız yerə tutulmuşam”.

Heç haqqın, hüququn, ədalətin zəfər çaldığı bir ölkədə də adamı günahsız yerə tutarlarmı?!

Inciməyin, amma məncə, tutmazlar.