“Azadlıq” qəzeti də peşəkar iradlara, ictimai tənqidlərə və müzakirələrə hər zaman açıqdır və açıq olmalıdır. Hətta qəzetin müdafiəsi ilə bağlı tədbirdə də bəzi iradların doğru olduğunu söylədim. Elə problemlərimiz var, onları redaksiya əməkdaşları arasında açıq şəkildə özümüz danışıb-dartışırıq. KIV DF-dən hamıya verilən hiylə pullardan və Ilham Əliyevin qanunsuz mənzil paylarından imtina edilmədiyinə görə səslənən tənqidlərdə də həqiqət payları yox deyil. Amma… “Azadlıq” həqiqəti pulla almaq istəyən hakimiyyətə bütün hallarda satılmır, quyruq bulamır, ictimai maraqları arxadan vurmur, proseslərdə həmişə xalqın maraqlarını, vətəndaşın haqlarını, ədaləti üstün tutur və əvəzsiz cəsarət sərgiləyir. Pafoslu səslənə bilər – həmişə xalqın və vətəndaşın yanındadır və cinayətkar hakimiyyətin üstünə gedir.
Demokratik cəmiyyətdəki və dərsliklərdəki standartlara uyğun rəngarəng bir qəzet olmağa bizim maddi imkanımız və kadr resurslarımız da yoxdur, nə də buna imkan olan bir ölkədə yaşayırıq. Buna can atmalıyıq, daha yaxşı ola bilərik, lakin əsas missiyanı buna qurban verməli də deyilik. Var olan şərtlər altında bizdə işləyəcək adamlar belə çox deyil. Qəzet indi başlıca mənəvi və peşə prinsiplərini birmənalı şəkildə saxlamağa çalışır. Həqiqət isə bu qəzet üçün əsas meyardır və hətta başqalarının mətbəxdə deyə bilmədiyi həqiqətlər burada çap edilir. Eyni zamanda, bütün haqlı və haqsız tənqidlərə rəğmən, heç kim bizim peşəkar olmadığımızı da iddia edə bilməz.
Hər kəs gözəl anlayır ki, doğrunu yaza bilməyib, oğruya uyğunlaşıb, peşəkarlıq tryukları, bədiilik ekzotikaları yaratmaq, ikinci və iyirminci dərəcəli məsələlərdə peşə ecazkarlıqları ortaya qoymaq belə ağır dövrlərdə həqiqəti bəsit şəkildə yazmağın yanından yel olub keçə bilməz. “Azadlıq”ın toxunmadığı elə lazımlı mövzular var ki, onu da yeni nəsil yazıçılar, intellektuallar, bloqçular öz yazıları ilə tamamlayır. Indi durub bizə futboldan az yazmağı, yaxud vergül səhvlərimizi də deməyin məqamı deyil.
“Azadlıq” əvəzsiz bir işi görür. O, bir ictimai-siyasi qəzetdir və onun missiyası çətin əngəlləri aşıb azad qəzet olaraq qalmaqdır. Onun missiyası doğrunu deyənləri qorxutmağa çalışan, əzən və satın alan hakimiyyəti açıq şəkildə tənqid edə bilmək nümunəsi qoymaqdır. Bütün ölkəyə həqiqətin yayılması və bütün ölkənin həqiqəti deməyə sövq edilməsi bu missiyanın məğzidir. Bütün hallarda o bunu edir və bu mənada əvəzsizdir. Bu mənada “Azadlıq” axıracan və var gücü ilə müdafiə edilməlidir. Vicdanlı adamlar, cəsarətli adamlar, ağıllı adamlar “Azadlıq”a iradlar tutarkən bunu da nəzərə almalıdır. O ki qaldı, “danışa-danışa susanların” və qərəzlə bizə irad tutanlara, onlarla heç bu mövzunu müzakirə etməyə dəyməz.
“Azadlıq”ın tez-tez pul yardımına ehtiyac duyması isə bizim günahımızdan deyil. Neft, qaz və digər sərvətlərlə zəngin ölkədə səfalət içində yaşamaq vətəndaşlarımız bacarıqsızlığından olmadığı kimi, bu da bizim bacarıqsızlığımızdan irəli gəlmir.
“Azadlıq” bütün digər təzyiqlərlə yanaşı amansız iqtisadi soyğunçuluğa da məruz qalır:
1) Bizə reklam verilməsini qeyri-rəsmi qadağan ediblər – ildə milyonlarla manat reklam ala bilərdik.
2) Yayım şəbəkəsinin bilərəkdən məhv edilməsi ucbatından bizim satış tirajımız gerçəkdə ola biləcəyindən azı 5 dəfə aşağıdır.
3) Tirajımızın 10-ca min aşağı salınması ilə satışdan biz bir ildə azı 500 min manat itiririk və köməyə möhtac duruma düşürük.
4) Hətta satılan qəzetlərin pulları bilərəkdən verilmir.
5) Haqsız və fantastik məhkəmə cərimələri ilə üzləşirik.
Bizim möhtac olmağımız həm də həqiqətə sədaqətimizdəndir – başqa halda çətinliklərimiz olmazdı. Kömək istəməyimiz isə həqiqətə xidmət etmək istəyimizdəndir və biz köməyi oğrulardan istəmirik.