Əliyevin saxta seçkisi haqda BMT-də məruzə olacaq
Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinin saxtalaşdırılması hələ də beynəlxalq ictimaiyyətin müzakirə mövzularından biri olaraq qalır. Təsadüfi deyil ki, BMT-nin birləşmə və dinc toplaşma azadlığı üzrə xüsusi məruzəçisi Maina Kiainin BMT Baş Assambleyasında çıxış edəcəyi məruzədə Azərbaycanda seçkilərin saxtalaşdırılması məsələsi də yer alıb. Bu barədə o, Ingiltərənin nüfuzlu “The Guardian” qəzetindəki məqaləsində bildirib.
“Azad və ədalətli seçki təkcə səsvermə günündən ibarət deyil” başlıqlı məqalədə yazır ki, üç həftə əvvəl Azərbaycanda prezident seçkisi keçirilib. Seçki kobud qanun pozuntularıyla müşayiət olunub. Səsvermə günü qutulara topa-topa bülletenlər doldurulub, müşahidəçilər hücumlara məruz qalıb.
“Ən pisi isə budur ki, hələ səsvermə başlamamışdan bir gün əvvəl artıq seçkinin nəticələri elan olunub”, – deyə BMT təmsilçisi yazır.
Maina Kiai onu da bildirir ki, seçki öncəsi vətəndaşların toplaşma və birləşmə azadlıqları kobud şəkildə pozulub. Hakimiyyət vətəndaşlara bu azadlıqlardan sərbəst şəkildə istifadə etməyə imkan verməyib.
Dünya ictimaiyyətinin Azərbaycandakı seçkini kəskin tənqid etdiyini vurğulayan Maina Kiai yada salır ki, Kamboca, Zimbabve kimi ölkələrdə keçirilən bu tipli seçkilər də kəskin şəkildə tənqid olunur.
İnformasiya şöbəsi