guler-ehmedova3

Məhkəmədə Gülər Əhmədovanın vəziyyəti pisləşdi

Keçmiş deputat məhkəməyə ifadəsində nələrdən danışdı?

Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın işi üzrə dünən məhkəmə istintaqı başladı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrlik etdiyi məhkəmə prosesində dünən Gülər Əhmədova təxminən üç saat ifadə verdi. Amma keçmiş deputatın səhhəti pisləşdiyindən dindirmə yarımçıq qaldı. Dünənki məhkəmə iclasında əvvəlcə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov ibtidai istintaq zamanı ifadəsi alınmamış bir neçə nəfərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırdı. Məhkəmə vəsatətin baxılmamış saxlanılmasına qərar verdi. Hakim bildirdi ki, bu vəsatətə prosesin gedişində qiymət veriləcək.
Bundan sonra prokuror Eldar Həmzəyev ittiham aktını elan etdi. Ardınca da hakim Gülər Əhmədovadan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini soruşdu. Sabiq deputatın cavabı belə oldu: “Qətiyyən!”
Prosessual ardıcıllığa uyğun olaraq, Gülər Əhmədovaya ifadə vermək təklif olundu. Eyni zamanda, izah edildi ki, təqsirləndirilən şəxs kimi ifadə verməkdən imtina da edə bilər və bu, heç bir halda, hüquqi baxımdan onun vəziyyətini ağırlaşdırmayacaq.

“Məni jurnalistlərə görə tutublar…”

Lakin Gülər Əhmədova ifadə vermək istədiyini bildirdi. Amma ifadəsinə başlamamışdan əvvəl məhkəmədən iki xahişi oldu:
– Bilirsiniz ki, bu cinayət işi mətbuatda gedən materiallarla bağlıdır. Barəmdə fantastik informasiyalar yayırlar. Reaksiya vermirəm, hər kəsin öz vicdanına, bir də Allahın öhdəsinə buraxıram. Cinayət işinin 3 cildi qəzet materiallarıdır. Hamısı da təxəyyülün məhsuludur. Məni jurnalistlərə görə tutublar, amma bir nəfər də jurnalist dindirilməyib. Soruşmayıblar ki, bunları haradan yazmısan, niyə yazmısan? Yaza-yaza elə imic yaradıblar ki, sanki Bin Ladenəm…
Mənə olan olub, 24 yaşlı oğlumun başı ağarıb, ailəmin nə vəziyyətdə olduğunu bir Allah bilir. Evimdə xəstələrim var, bir oğlum əsgərlikdə, o biri oğlumu iki ildir görmürəm, 8 yaşlı uşağım anasız qalıb. Bu qədər dərdin içində bir də kiminləsə məhkəmə çəkişməsinə vaxtım və həvəsim yoxdur. Ona görə də ya məhkəmə prosesi jurnalistlərin iştirakı olmadan keçirilsin, ya da onlardan prosesi obyektiv işıqlandırmaq tələb olunsun.
Ikinci xahişim səhhətimlə bağlıdır. Bu gün düz 1 il 1 ay 1 gündür ki, bu bəlanın içindəyəm. Hər gün 7-8 dərman qəbul edirəm və nəticədə məndə keyləşmə, yuxu yaranır. Məhkəmədə tam iştirak edə bilmək üçün bu gün heç bir dərman atmamışam. Bu üzdən ifadə əsnasında birdən səsimin tonu qalxsa, üzrlü sayın, anlayışla qarşılayın.

“Sevinc Babayeva ilə YAP-ın qurultayında tanış olmuşam”

Gülər Əhmədova bildirdi ki, 9 dekabr 2012-ci ildə ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyir:
– Elşad Abdullayev məlum videoları yayandan iki gün sonra mən deputat mandatımdan, toxunulmazlıq hüququmdan imtina elədim. Bu addımı demokratiya, dövlətçilik naminə atdım. Çünki söhbət mənimlə yanaşı, həm də parlamentin nüfuzundan gedirdi. Təəssüf ki, heç kim bunu belə qiymətləndirmədi. Əksinə, belə fikirlər yayıldı ki, guya, özümü təqsirli bildiyim üçün bu addımı atmışam. Xeyr, özümü təqsirli bilmirəm!
Elşad Abdullayevi tanıyıram, əsasən dövlət tədbirlərində görmüşəm. Heç bir isti münasibətimiz olmayıb. Tədbirlərdə salam verib, mən də almışam. Sevinc Babayevanı isə YAP-ın qurultayında tanımışam, təsadüfən yanımda oturmuşdu. Onunla da bir o qədər isti münasibətimiz olmayıb. Sadəcə, özü və yaxınları üçün zaman-zaman nələr üçünsə müraciət edib. Hə, o da düzdür ki, özünü bəzən guya, mənim yaxın adamım kimi təqdim edib. Mən belə şeylərə öyrəşmişəm. Mənim xəbərim belə olmadan adımdan çox yerlərə gedən adamlar olub.
Elşad Abdullayev məlum videonu yayandan sonra Sevinc Hökumət Evindəki ofisimizə gəlib məndən üzr istədi ki, səni işə salmışam.

Elşad Abdullayevə görə intihar edənlər olub

Elşad Abdullayevin videosuna gəlincə, o vaxt mən Yasamaldan seçkiyə qatılmışdım, 24 nəfər namizədlə mübarizə aparırdım. Orada xeyli adamlar vardı ki, uşaqlarını ABU-ya salmışdılar, bu universitetlə bağlı müxtəlif problemləri yaranmışdı. Seçki dövrü də gərgin olur, seçicilərin səsini qazanmaq üçün çalışırsan ki, onların problemlərinin həllinə yardımçı olasan, nüfuzun artsın. Bəziləri övladlarının diplomunu, bəziləri verdikləri pulları tələb edirdi. Tələbə və valideynlərlə yanaşı, bir xeyli müəllimlər də vardı ki, onlar vasitəçi olmuşdular, sonradan arada qalmışdılar. Məsələn, kimsə onlara pul verib ki, övladını ABU-ya düzəltsin, o da pulun üstündən cüzi hissəsini götürüb, qalanını aparıb Elşada verib. Pulu verənlər həmin müəllimlərdən pullarını tələb edirdilər, Elşad isə qaytarmırdı və onlar ortada qalmışdılar. Bu məsələyə görə həbsə düşənlər, intihar edənlər, pulu qaytarmaq üçün evini satanlar, girov qoyanlar var.
2005 seçkisi ağır idi. Sevinc dedi ki, bu məsələdə mənə kömək elə, mən də səs yığmağın üçün sənə əlimdən gələn köməyi eləyəcəm. Fikirləşdim ki, Sevincin seçki təcrübəsi var. Çünki əvvəl bir deputatın seçkidə rəsmi şəkildə vəkili olmuşdu. Ona görə razılaşdım. 2005-ci ildə Sevincin müraciətindən sonra bu məsələlərlə əlaqədar Elşadla görüşmək qərarına gəldim. Düzü, görüşməmişdən əvvəl mənə bir çoxları dedi ki, o, düz-əməlli adam deyil, arxası bərk olmasa, belə oyunlardan çıxa bilməz, qardaşları yüksək vəzifədədir, bir qardaşı prokurorluqda işləyir.
O görüşdə yalnız tələbələrə görə alınan pulların qaytarılması barədə danışmışıq. Ümumilikdə qaytarılası pullar yüzminlərlə idi. O görüşdə də qısa müddət oldum. Vaxtım az idi, o zaman bir tərəfdən seçkiyə görə işlərim çox idi, o biri tərəfdən həyat yoldaşım onkoloji xəstəliyə tutulmuşdu. O dövrdə yoldaşımın xəstəliyinə görə 6 ay parlamentin iclaslarına düz-əməlli qatıla bilmədim. Çünki Berlində müalicə olunurdu, oğlum da Moskvada universitetə daxil olmuşdu və evdə də 1 yaşlı körpə oğlum vardı. Üç şəhərin arasında qalmışdım.

“Sevinc Elşadın ssenarisi üzrə hərəkət edib”

Elşadın yaydığı video montajdır. Səs tembrimdən istifadə edərək, montaj olunub. Bunlar şər-böhtandır.
Elşadın yanında işləmiş Məmmədəli kişi danışandan sonra bildim ki, sən demə, bunların hamısı əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirilib, Sevinc də onun dediyi ssenari üzrə hərəkət edib. Indi rəhmətə gedib, ölənin arxasınca danışmaq istəmirəm, amma sağ olsaydı, ona çox şey deyirdim.
Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda müstəntiq məni Sevincin yaxın rəfiqəsi kimi göstərib. Halbuki, Sevincin oğlu Ayxanın ifadəsi var ki, onlar Elşadgillə ailəvi dost olublar, bir-birinin evinə gedib-gəliblər. Mən Sevinclə yaxın olsaydım, atasının yasına gedərdim, ofisimizə gələndə həmişə onu qəbul edərdim.
Mənim onun müəyyən problemlərini həll etməyimə gəlincə, bunu mən Allah xatirinə eləmişəm, özü də təkcə ona yox, bir çox başqalarına da. Küçəyə atılmış qadınlar, uşaqlar olub ki, aparıb günlərlə evimdə saxlamışam, yeməyini, geyimini vermişəm. Bəxtiyar Vahabzadənin kürəkəni Ziya müəllim 5 saylı xəstəxananın baş həkimidir və o da təsdiqləyə bilər ki, tamam yanmış uşaq vardı ki, o xəstəxanada şəxsən özüm əməliyyat elətdirib, özüm də yanında qalmışam. O uşaq 18 yaşına çatandan sonra çıxıb televiziyada bunu dedi. Bunları indi dilə gətirməyə utanıram, çünki Allah xatirinə eləmişəm. Amma ona görə deyirəm ki, Sevincə də hansı məqsədlə kömək elədiyimi izah edim. Halbuki, mənim öz yaşayışım ABU-nun laborantı səviyyəsində idi. Prokurorluqdan gedib evimi də, bağımı da görüblər.

“Haqqımı yeməyin!”

Başıma gələnləri Allahın sınağı kimi qəbul edirəm. Bir ərəbin səhrada əcəli çatır. Əzrayıl başının üstünü alıb deyir ki, halallaş. Deyir ki, imkan ver ya evimə gedib ailəmlə, ya da karvansarada yoldaşlarımla halallaşım. Burada dəvədən savayı heç nə yoxdur. Əzrayıl deyib ki, yox, elə burada dəvə ilə halallaş. Dəvəyə deyir ki, səni bəzən ac, bəzən susuz saxlamışam, bəzən üstünə ağır yük qoyub, hələ üstəlik özüm də oturmuşam. Dəvə cavab verir ki, hər şeyə görə səni bağışlayıram, amma bir dəfə kefli vaxtında məni aparıb eşşəyin quyruğuna bağladın a, bax, onu sənə bağışlamıram.
Indi lətifəsi bizdən uzaq, məni onların quyruğuna bağlamayın. Məsəl var, igidi öldür, haqqını yemə. Mənə nə cəza verirsiz verin, haqqımı yeməyin. Mən nə kiməsə rüşvət vermişəm, nə də almışam.
Qanunlara, prezidentin fərmanına, Konstitusiyaya görə Elşad Abdullayevin çəkib yaydığı videolar qanunsuzdur və sübut kimi qəbul oluna bilməz. 2008-ci ildə bu Konstitusiyaya görə canımı qoymuşam, kəndbəkənd gəzmişəm. Qanun deyir ki, bu videolar sübut kimi qəbul oluna bilməz, mənim istintaqım deyir ki, olar.
Elşad məni provakasiyaya çəkir ki, əlində video varsa, ortaya çıxart. Bilirəm, o yenə nəsə qaynatmaq istəyir.
Məndə heç kimin videosu yoxdur. Kimə nə sözüm olubsa, üzünə demişəm.

“Elşad dünən YAP-çı idi, heykəl qoyurdu…”

Müstəntiq Emzar Qocayev deyir ki, şahid ifadələri var. Bu işdə üç nəfər var. Sevinc rəhmətə getdi. Vaxtında gedib onu dindirmədilər, öləndən sonra gedib bir ay Türkiyədə oturub ölüsünü analiz elədilər. O biri Fransaya qaçıb. Dünənə qədər YAP-çı idi, heykəl qoyurdu, indi başlayıb ki… Qalmışam ortada mən.
Elşadın prokurorluğa sırıdığı videoda özü də etiraf edir ki, texniki pozuntular var. Özü də videonun əsli deyil. Heç bir dövlət orqanı notarial təsdiqi olmasa, hansısa sənədin surətini qəbul eləməz. Ekspert rəyində də var ki, format dəyişilib, kəsintilər var, cümlələr arasında rabitə pozulub, sinxronluq itib və s. Elşad 40 dəfə köçürüb, düzüb-qoşub,  prokurorluq da qəbul eləyir.
Mənim vəziyyətim tragikomediyadır, vaxt olub vəziyyətimə o ki var, ağlamışam, vaxt da olub ki, o ki var, gülmüşəm.
Deyir, Sarbona universitetinin müəllimləri videoda gördüklərinə məəttəl qalıb. Onlar məəttəl qalıb ki, sənin ağılda adam gedib ora çıxıb, sənin yaydığın video ilə adam tuturlar. Elşad primitiv yalançıdır. Bu adam birinə 5 min manat pul verəndə videoya çəkirsə, evinə gedib-gəldiyi adama – Arzu Kazımova pul verəndə notariusa aparıb sənəd alırsa, bu mənə 1 milyonu elə-belə verərdimi?
Elşadın Sevinclə telefonda danışığında deyir ki, “mən Gülərə pul verməmişəm”. Qurama videonu sübut kimi qəbul edən istintaq bu səs yazısını qəbul eləmir.
Elşad Abdullayevdə belə bir fakt vardısa, niyə 7 ildən sonra açıqlayırdı? Əlbəttə, minlərlə tələbənin başına açdığı oyunları ört-basdır eləmək üçün.

“Prokurorluq Sevinc Babayevanın yerini bilirdi”

Ikinci ittihama gəlincə, guya, Sevinc Türkiyəyə gedəndən sonra ona xəbər eləmişəm ki, gəlmə. Məgər istintaq Sevincin yerini bilmirdi? Oğlu Ayxan istintaqa ifadəsində göstərib ki, prokurorluq anamın yerini dəqiq bilirdi, bu barədə məlumat vermişdim. Prokurorluq yerini bildiyi halda, gedib onun ifadəsini almayıbsa, gətirməyibsə, bunun günahı məndədir? Oğlu deyir ki, anam onu Türkiyədə saxlayan Səlcuq Ağlayanla Bakıda tanış olub. Səlcuq özü də Türkiyədə ifadəsində bunu deyir. Amma Bakıdakı istintaq Səlcuqun ifadəsini qəbul eləmir. Yazırlar ki, guya, mən tapşırmışam onu Səlcuqa.
Video yayılandan sonra Sevinc ofisimizə gəldi, ondan tələb elədim ki, get prokurorluğa, hər şeyə aydınlıq gətir. Başladı ağlamağa, ürəyi tutdu, dedi ki, müalicə olunuram, gəlib hamısını danışacam. Ona yazığım gəldi. Türkiyəyə getməmişdən əvvəl də məndən halallıq istədi. Aeroportdan iki mesaj yazıb üzr istəmişdi.
Ona həm insan kimi yazığım gəlirdi, həm də fikirləşirdim ki, o, həqiqəti bilən yeganə adam kimi həm də mənim xilas nöqtəmdir, Elşadı ifşa edə biləcək yeganə şahiddir.
Sevinc Elşadın qohumlarından, xüsusən onun prokurorluqda işləyən qardaşı Elsevər Abdullayevdən qorxurdu. Bu ailə çox adamları həbs elətdirib. Elsevər, eləcə də bacısının orqanda işləyən əri olmasaydı, Elşad bu işləri qaynada bilməzdi.
Sonradan öyrəndim ki, sən demə, Sevinc vaxtilə Elşadla əlbir olub. Bunu vaxtında bilsəydim, onu əlimlə prokurorluğa təhvil verərdim.
Təcridxanada vəziyyətim pisləşdiyinə görə məni Sabunçu xəstəxanasına aparmışdılar. Orada nə qədər adam yaxınlaşıb xoş sözlər dedilər, dualar etdilər. Prezidentə, Mehriban Əliyevaya, prokurorluğa mənə görə yüzlərlə sadə vətəndaş müraciət edib, mənə məktublar, hədiyyələr göndəriblər. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm.
Elşad Abdullayevin sonsuz fantaziyalarına isə bir cümlə ilə cavab vermək istəyirəm. Məndə heç bir gizli video yoxdur, qurtar bu komediyanı. Gəl, sənin gözlərinin içinə baxa-baxa veriləcək suallarım var. Gəl, Qurana əl bas ki, mənə pul vermisən. Düşmənçilik aparanda da kişi kimi apar. Mənim ən böyük günahım Elşadla görüşməyim və Sevincə inanmağımdır. Qanun qarşısında isə günahsızam. Xahiş edirəm mənə bəraət verin.

***

Ifadəsi başa çatandan sonra Gülər Əhmədova prokurorun suallarını cavablandırmalı idi. Lakin keçmiş deputatın səhhəti pisləşdi. O, suallara cavabın başqa vaxta saxlanılmasını istədi. Hakim isə Gülər Əhmədovanın vəziyyətinin düzəlməsi üçün prosesdə fasilə elan etdi. Bununla belə, durumu yaxşılaşmadığından məhkəmə prosesi oktyabrın 31-nə qədər təxirə salındı.

Aytən Məmmədova