“Azadlıq” 3 min manat da cərimələndi

32 min manatı ödəyə bilmədiyi üçün qəzeti cərimələdilər

Rahim Hacıyev: “Bunun bir məqsədi var – “Azadlıq”ı çökdürmək!”

“Azadlıq” qəzeti dünən daha bir məhkəmə qərarı ilə 3 min manat cərimələnib. Yasamal Rayon Məhkəməsində budəfəki qərar məhkəmə qərarlarının icrası şöbəsinin şikayəti əsasında çıxarılıb.

Məhkəmə qərarlarının icrası şöbəsi qəzetin “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında çıxarılmış qərarı yerinə yetirməməsindən şikayət edib. Həmin qərarla “Azadlıq”a 32 min manat cərimə kəsilib. Bu məbləğin ödənilməsi üçün qəzetə 10 gün vaxt verilmişdi.

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev bu qərarı qəzetə qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. O bildirib ki, Yasamal Rayon Məhkəməsi bu qərarla qəzetini vəziyyətini daha da ağırlaşdırmaq xətti tutulduğunu bir daha sübut etdi: “Azadlıq”ın səlahiyyətli nümayəndəsi kimi, mən hakimə qəzetin maddi durumunun ağır olduğu haqda ətraflı məlumat verdim. Hakim xəbərdarlıqla kifayətlənə biləcəyi halda, ağır sanksiya tətbiq etməyə üstünlük verdi. Bu da bir daha onu göstərir ki, qəzeti susdurmaq üçün ən cəzaların tətbiqindən belə hakimiyyət çəkinmir. Aydın məsələdir ki, “Azadlıq” 32 min manatlıq cəriməni maddi durumunun ağırlığına görə ödəyə bilməyib və bu səbəbdən qətnamə icra olunmamış qalıb. Hətta həmin cəriməyə görə “Azadlıq”ın bank hesabına həbs qoyulub. Belə olan halda, əlavə 3 min manatlıq cərimə tətbiq etməyin bir məqsədi ola bilər – qəzeti çökdürmək”.

Rahim Hacıyev onu da bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.