Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini müzakirə etməyə hazırlaşır. Bu ilin dövlət büdcəsinin proqnoz göstəricilərinə əsasən, ARDNF-dən büdcəyə edilən transfertin həcmi gələn il 18% və ya 2,05 milyard manat azalacaq. Maliyyə Nazirliyinin açıqladığı büdcə layihəsində göstərilir ki, 2014-cü ilin dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfert 9,3 milyard manat təşkil edəcək. Bu isə ümumi büdcə gəlirlərinin 50,8%-nə bərabər olacaq.
Bu göstərici son 4 ildə qeydə alınan ən aşağı göstəricidir. Ancaq istənilən halda büdcənin neftdən asılılığı qalmaqdadır. Ixracda neft və neft məhsullarının payı isə 80%-dən artıqdır.
Azərbaycanın neftsiz büdcəsi bu təbii sərvəti olmayan ölkələrin büdcəsindən xeyli azdır.
Əgər neft ölkələrinin əksəriyyətində ÜDM-də xidmət sektorunun payı 35-40 faiz arası dəyişirsə, Azərbaycanda bu göstərici 10-15 faizdən çox deyil. Bütün bunlar Azərbaycan büdcəsinin, eləcə də bütövlükdə iqtisadiyyatın neftdən asılı, rəsmilərin qeyri-neft sektorunun inkişafı ilə bağlı dediklərinin həqiqətdən uzaq olduğunu göstərir.
Digər neft ölkələrinin dövlət büdcəsinə nəzər salanda orada neftin payının Azərbaycandan xeyli az olduğunu görmək olur.
Məsələn, MDB dövlətlərindən neft ölkəsi olan Qazaxıstanda ixracda neft və neft məhsullarının payı cəmi 35%-dir. Dövlət büdcəsi 30 mlrd dollardır. Onun 9 mlrd dolları neft, 21 mlrd dolları isə qeyri-neft sektorundan daxilolmalar hesabına formalaşır.
Neft hasilatı həcmlərinə görə OPEK üzvləri arasında ikinci olan qonşu Iranın iqtisadiyyatı Asiyada yalnız Çin, Yaponiya, Türkiyə, Cənubi Koreyadan geri qalır. 51 mlrd dollarlıq dövlət büdcəsinin cəmi 45%-i neftdən asılıdır.
Iqtisadiyyatın inkişafı büdcədə neftin payını azaltmaqdan keçir
Azərbaycan kimi büdcəsi neft gəlirlərindən ibarət olan ölkələr də var. Bura əsasən ərəb ölkələri daxildir. Həyat səviyyəsi nəinki Azərbaycandan, hətta inkişaf etmiş digər ölkələrdən də yüksək olan neft ölkələrində də iqtisadiyyatın digər sahələrinə diqqət artmaqdadır. Həmin ölkələrdə ÜDM-də və büdcədə neftin payı ildən-ilə azalır.
Məsələn, 89 min dollarla adambaşına düşən ÜDM-ə görə dünyada birinci yerdə qərarlaşan Qətərin son illərə qədər ixracında neftin payı 80 faiz, ÜDM-də 50% idi. Ancaq son bir neçə ildə ölkə iqtisadiyyatı qeyri-enerji sektoruna investisiyaların artırılmasına yönəlib. ÜDM-də xidmət sahəsinin payı artmaqdadır. Azərbaycandan fərli olaraq bu ölkənin iqlimi kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan vermir. Kənd təsərrüfatı ölkənin ehtiyaclarının 10 faizini ödəmək imkanındadır. Idxalda əsas paya kənd təsərrüfatı məhsulları sahibdir. Qətərin bank sistemi güclü inkişaf edib.
Neftlə zəngin ölkələr arasında Birləşmiş Ərəb Əmirliklərini də göstərmək olar.
Ölkə iqtisadiyyatı neftin hesabına qısa müddətdə yüksək inkişafa nail ola bilib. Bununla belə iqtisadiyyatın digər sahələri də inkişaf edib. Ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb olunub. Ölkə beynəlxalq iqtisadiyyat mərkəzinə çevrilib. Tranzit nəqliyyat infrastrukturu inkişaf edib. ÜDM-də neftin payı ildən-ilə azalır. Eyni zamanda tikinti, ticarət, turizm, kənd təsərrüfatının ÜDM-də payı artmaqdadır. Əlverişsiz iqlim şəraitinə baxmayaraq su kanallarının və dəniz suyunu şirinləşdirən zavodların tikilməsi bu problemi həll edib. Artıq BƏƏ-də kənd təsərrüfatı gəlirli sahəyə çevrilib. Bəzi məhsullar, o cümlədən giləmeyvələr Avropaya ixrac edilir.
Dünyanın neft ehtiyatlarının 25 faizinə sahib olan Səudiyyə Ərəbistanında ÜDM-də neftin payı 45 faiz, büdcə gəlirlərində isə 75 faiz təşkil edir. Ancaq son illər sənaye və tikinti sektorlarının inkişafı bu göstəricilərin azalmasına səbəb olub.
Digər neftlə zəngin ölkələrdə də vəziyyət təxminən eynidir.
Neftlə zəngin… kasıb ölkələr
Büdcəsinin əsas hissəsi neft gəlirlərindən ibarət olan kasıb ölkələr də var. Onların arasında Anqolanı göstərmək olar. Bu ölkənin iqtisadiyyatı əsasən neft ixracına əsaslanıb. ÜDM-də neftin payı 85% təşkil edir. Anqola iqtisadi cəhətdən zəif inkişaf edən ölkə sayılsa da, son illər burada iqtisadi artım müşahidə edilir. Adambaşına düşən ÜDM 6443 dollar təşkil edir. Bu göstəriciyə görə Anqola 95-ci yerdə qərarlaşıb. Bu da onun yerləşdiyi region üçün yüksək göstərici sayılır. Dövlət büdcəsi isə 27 mlrd dollardır.
Neftlə zəngin, lakin kasıb ölkələrdən biri də Nigeriyadır. Ötən illərdə bu ölkənin gəlirlərinin 80%-ni neft pulları təşkil edirdi. Lakin son illər həyata keçirilən iqtisadi islahatlar ölkədəki inkişaf tempini artırıb. Xüsusilə hökumət özəl sektorun inkişafı üçün zəruri addımlar atır. Adambaşına düşən ÜDM 2400 dollar təşkil edir və bu göstəriciyə görə Nigeriyə 138-ci yerdə qərarlaşıb. Ölkənin dövlət büdcəsi təxminən 30 mlrd dollar təşkil edir.
Neftlə zəngin ölkələr arasında Venesuelanı göstərmək olar ki, bu ölkənin ixracdan gələn gəlirlərinin 80%-ni neft pulları təşkil edir. Dövlət büdcəsinin 50 faizi də neftdən gələn pulların hesabına formalaşır. Venesuelanın dövlət büdcəsi 106 mlrd dollardır.
Azərbaycanın neftsiz büdcəsinə bərabər büdcəsi olan ölkələr
Bu ölkələr arasında Kot-d-Ivuar, Qvatemala, Konqo, Kamerun kimi zəif inkişaf etmiş ölkələri göstərmək olar. Bu ölkələrin iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur.
Ermənistanın dövlət büdcəsi də təxminən 4 mlrd dollardır. Bu da Azərbaycanın neftsiz büdcəsindən bir qədər azdır. Düşmən ölkənin iqtisadiyyatını əsasən sənaye və kənd təsərrüfatı təşkil edir. Nəzərə almaq lazımdır ki, hər iki sahədə Azərbaycanın potensialı Ermənistandan qat-qat artıqdır.
Fizzə


