«Iqtidar hazırkı addımları ilə əksinə, özünü beynəlxalq aləmdən təcrid etməyə aparır»
Fuad Qəhrəmanlı: «Azərbaycanın əsas enerji partnyorunun məhz Qərb olması Azərbaycan hakimiyyətinin demokratik dünya ilə uzunmüddətli qarşıdurmasını mümkünsüz edir»
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və hakimiyyətin digər təmsilçilərinin timsalında iqtidar Qərbə qarşı hədələrini davam etdirməkdədir. R.Mehdiyevin ABŞ və Avropanı yenidən “topa tutduğu” müsahibəsi də bu qəbildəndir.
Doqquz oktyabr prezident seçkisilə bağlı ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin mövqeyini və Avropa Parlamentinin qərarını tənqid edən R.Mehdiyev bildirib ki, Avropanın siyasətində ciddi ziddiyyətlər müşahidə edilir. Mehdiyevə görə, “Avropadakı maliyyə və sosial böhran sosial və demokratik böhrana çevrilib, bu səbəbdən də Avropa Birliyinə etimad azalıb”.
Avropanı müstəqil siyasət yürüdə bilməməkdə ittiham edən PA rəhbərinin fikrincə, ABŞ Dövlət Departamenti və ATƏT DTIHB-nin seçkilərə dair rəyləri “siyasi baxımdan qərəzli”dir.
R.Mehdiyev açıqlamasında hətta bir qədər də irəli gedərək Qərbin bu cür mövqeyinin onu təcridə apardığını söyləyib. “Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər” – deyə o bildirib.
Hakimiyyətin bu cür sərt açıqlamalar verməsinin səbəbinin isə son zamanlar Qərbdən Azərbaycandakı seçkilərlə bağlı sərt mövqe sərgiləməsi olduğu şübhə doğurmur. Avropadan, ABŞ-dan gələn təzyiqləri öz ənənəsinə sadiq qalaraq demokratik dünyaya qarşı cəbhə açmaqla qarşılamağa çalışan hakimiyyət təzyiqlər gücləndikcə, ritorikasının sərtliyini də artırır. Bəs bu cür açıqlamalar, Avropanı şantaja yönələn bəyanatlar hakimiyyətin düşdüyü situasiyada ona yardımçı ola bilərmi?
Azərbaycan hakimiyyətinin Qərbdən gələn tənqidlərə reaksiyasının isterik olduğunu deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin bəyanatları onu göstərir ki, iqtidarın islah olunması, islahatlar həyata keçirməsi üçün nəzəri baxımdan belə imkanları qalmayıb. F.Qəhrəmanlının fikrincə, hazırda hakimiyyət elə bir situasiya yaradıb ki, tənqidlər, təkliflərlə dəyişikliklərə nail olmasını mümkünsüz edib: “Bu o deməkdir ki, hakimiyyətə qarşı artıq sanksiyalar gündəmə gəlməlidir. Hakimiyyət Avropadan gələn demokratiya tələblərinə qarşı davranışları ilə bu zəmini yaratmış olur. Hakimiyyət bu cür addımları ilə düşünür ki, Qərbə qarşı psixoloji gərginlik yaratmaq, əks-hücuma keçməklə demokratik dünyada Azərbaycana qarşı təzyiqlərin yumşaldılmasının zəruri olduğu fikrini yaradacaq. Hakimiyyət ona işarə vurur ki, Azərbaycana qarşı demokratik təzyiqlər aradan qalxmasa rəsmi Bakı Qərblə əməkdaşlıqdan imtina edə bilər. Amma Qərbdə də çox gözəl bilirlər ki, Azərbaycanın bu qarşıdurmaya getmək imkanları çox məhduddur”.
Azərbaycan hakimiyyətinin bütün dünyanı qarşısına alaraq əks həmləyə keçməsini uzun müddət davam etdirməyə beynəlxalq şərtlər və iqtidarın resurslarının imkan vermədiyini deyən F.Qəhrəmanlı bildirdi ki, ilk növbədə onu nəzərə almaq lazımdır ki, Azərbaycanın korrupsiya yolu ilə talan edilən və xaricə çıxarılan vəsaitləri Qərbdəki banklardadır. Bu baxımdan əgər Qərblə Azərbaycan arasında münasibətlər gərginləşərsə, demokratik dünyanın Azərbaycana ciddi təzyiq etmək imkanı yaranar: “Korrupsiya amilini gündəmə gətirməklə Qərb Azərbaycan hakimiyyətinin qanunsuz yol ilə yığılmış maliyyə vəsaitlərinin, mülklərinin üzərində nəzarəti reallaşdıra bilər. Ona görə hakimiyyət proseslərin bu yöndə inkişafından narahatdır. Azərbaycan hakimiyyətinə ən ciddi təzyiq vasitələrindən biri məhz bu yoldur”.
Azərbaycan cəmiyyətinin hakimiyyətə qarşı illərdir yığılmış narazılığı faktorunun da nəzərə alınmasının tərəfdarı olan AXCP yetkilisi bildirdi ki, ölkədəki insanların əksəriyyəti mövcud idarəetmədən razı deyil. Belə bir şəraitdə isə Qərbin Azərbaycanda gedən proseslərə daha ciddi, fəal müdaxiləsi, demokratik qüvvələrlə daha sıx əməkdaşlığı situasiyanı kökündən dəyişə bilər: “Hakimiyyətdaxili ziddiyyətlər də son zamanlar pik həddinə çatıb. Hər hansı ideoloji bağlılığı olmadığına görə müxtəlif təzyiqlər komandanın daxilində parçalanmaya səbəb ola bilər. Hazırda monolit görünən komanda qarşısındakı rəqib daha güclü olduqda, ABŞ, Böyük Britaniya, nüfuzlu beynəlxalq təşkilatların dəstəyini arxasına aldıqda çatlar verməyə məhkum olacaq. Azərbaycanın əsas enerji partnyorunun məhz Qərb olması Azərbaycan hakimiyyətinin demokratik dünya ilə uzunmüddətli qarşıdurmasını mümkünsüz edir. Sadəcə olaraq ilkin mərhələdə hakimiyyət Qərbi şantaj etməklə mövqeyindən çəkindirməyə çalışır. Bu isə əks-nəticə verəcək. Qərb artıq görəcək ki, hakimiyyətin islah olunmasının imkanları tükənib və demokratik islahatlara yol açmaq Azərbaycan iqtidarı ilə əməkdaşlıqdan yox, demokratik qüvvələrlə işbirliyindən keçir. Bu da labüd olaraq hakimiyyət dəyişikliyi məsələsini gündəmə gətirir. Hakimiyyət hazırkı addımları ilə əksinə, özünü beynəlxalq aləmdən təcrid etməyə aparır”.
Xəyal