Üç “Q”

Bu günlərdə müxtəlif dövrlərə aid qeyd dəftərçələrimi yenidən gözdən keçirdikdə onların bir hissəsini kiçik esselərə (əgər belə demək mümkünsə!) çevirmək arzusu və həvəsi yarandı. Əksəriyyəti ədəbiyyat, qadın, içki mövzusunda olan həmin qeydlər əsasında yazdığım parçaları bu bazar günündən başlayaraq “Üç ”Q”” (qələm, qədəh, qadın) ümumi başlığı altında sizlərlə paylaşmaq istəyirəm.
Inanıram ki, həftədə bir gün siyasətsiz yazılar yazmağımı anlayışla qarşılayacaqsınız, baxmayaraq ki, bu kiçik esselərin bir çoxunda günümüzün ağrılarının, acılarının, qayğılarının da izləri olduğunu zamanla görəcəksiniz.
Çox uzatmayaq. Başlayaq.

Kitab adları

Kitabın adı onun taleyində rol oynayırmı?
Bu sual uzun zamandan bəri cavabını axtarır. ABŞ, Ingiltərə kimi ölkələrdə kitabların adını bir qayda olaraq naşirlər və ya yayım şirkətləri müəyyənləşdirir. Ən azı onların belə bir müdaxilə haqqı var.
Müəlliflər bu məsələdə naşirlərin, yayım şirkətlərinin rəyini eşitmək məcburiyyətindədirlər.
Azərbaycanda vəziyyət şübhəsiz, çox fərqlidir.
Əksərən naşir və yayımçı vəzifəsini elə müəlliflərin özləri həyata keçirdiyindən son qərar da elə müəlliflərin özünə aiddir. Və mənim gördüyüm odur ki, bizdə müəlliflər kitab adı seçərkən bazarın tələbindən daha çox, yaradıcı səslənişi nəzərə alırlar. Öz istedadlarının gücünü göstərməyə, oxucuya maraqlı, hətta qeyri-adi görünməyə elə kitabın adındanca başlayırlar. Və əksərən kitabın adındakı istedad görsənişi ilə kitabın içi arasında dərin uçurum olur.
Kitabların adı isə onların taleyində, əlbəttə, mühüm rol oynayır. Bəzi hallarda hətta müəllifin adının belə, önünə keçir.
Məsələn, hansı daha populüyardır: “Madam Bovari”, yoxsa Qustaf Flober? Fiscerald, yoxsa “Böyük Getsbi?” Demək çətindir.
Bəzən isə kitabın adı müəllifin adı ilə eyniləşir. “Səfillər” dedinmi yada dərhal Hüqo, Bulqakov dedinmi ağla ilk olaraq “Master və Marqarita” gəlir.
Öz təcrübəmizdən çıxış etsək: təəssüf ki, kitabının adı öz adından önə çıxan, ya da kitabının adı öz adı ilə bütünləşən müəllif tapmaq çox çətindir. Hər halda bu sətirləri yazarkən mən öz hafizəmi bir neçə dəqiqə qurcalasam da, belə fakt tapa bilmədim.
Sizə belə nümunələr məlumdursa, keçib əziyyətdən, bu sətirlərin müəllifinə yazın, bir başqa yazıda mən də onu digər oxucularla paylaşım.

Sızlamayan vicdan varmı?

Saray xidmətçisinə çevrilən, merkantil hisslərdən yoğrulan yazıçılar həmişə bunun kompleksini yaşayırlar.
Daxilən də olsa, iztirab keçirirlər, vicdan əzabı çəkirlər.
Mən buna bütün varlığımla inanıram.
Hətta onlar bunu nə qədər inkar etsələr, gizlətməyə çalışsalar da, qəlblərinin dərin bir yerində güclüdən, haqsızdan, Şərə xidmətdən yana olduqları, ictimai maraqları şəxsi mənfəət hissinə qurban verdiklərini başa düşür və bu onlara çox vaxt dinclik vermir, bəzən isə yaşadıqları suçluluq kompleksi onlarda əfv edilmək, bağışlanmaq ehtiyacı yaradır, bəzən hamını təəccübləndirən bir-iki vicdanlı davranış da elə bunun nəticəsidir – günahlarını az da olsa yüngüllüşdirmək istəyidir!
Uzağa getməyək, elə bizdə də saray şair-yazıçıları bəzən bu ehtiyaclarını, istəklərini büruzə verirlər. Bir də görürsən, həbsdəki hansısa müxalif siyasətçinin azad edilməsi üçün müraciətə imza atır, ya da hakim siyasi sistemə qarşı olan hansısa yazıçıya qarşı ögey münasibəti pisləyir, onlara hansısa formada dayaq olmağa çalışırlar.
Yadıma Fadeyev düşür. Stalin hakimiyyəti illərində faktiki olaraq “ədəbiyyat naziri” funksiyasını yerinə yetirən, Stalinin ölümündən sonra özünün də parlaq karyera günəşi sönməyə başlayan və sonda vicdani əzablarının altında əzilməyə başlayan, çıxış yolunu intiharda görən bu saray yazıçısının maraqlı jestləri vardı.
Məsələn, bir yandan Platonovu “Sovet düşməni” elan etməklə məşğul ikən, o biri yandan xəstə yatağına düşən Platonovun müalicəsi üçün ona maddi yardım edir, onu tez-tez yoluxurdu.
Bir yandan Bulqakovu yerdən-yerə vurub, digər yandan onu ölüm yatağında yalnız qoymayan da elə Fadeyev özü idi.
Həm Anna Axmatovanı “antiSovet” ruhda yazmaqda ittiham edib, həm də onu Stalin mükafatına təqdim edən də Fadeyevdən başqası deyildi.
Bu ikiləşmənin səbəbi məhz bağışlanmaq duyğusu idi. Vicdanını az da olsa, rahatlatmaq ehtiyacı idi.
Qısası, hər bir vicdan susa bilər.
Amma dünyada sızlamayan, bu gün olmasa belə, bir gün sızlamayacaq vicdan yoxdur.

Azərbaycan yazıçısı və Steynbek

Bu günlərdə Con Steynbek haqqında maraqlı bir bilgiyə rastladım.
Deməli, Steynbek hər gün eyni həcmdə yazar və yalnız bundan sonra içməyə başlayarmış.
Nə vaxt ki, həmin gün yazdıqlarından məmnun qalırmış, həmin gün daha çox içirmiş. O qədər çox ki, ertəsi gün ölü kimi hərəkətsiz qalırmış.
Bunun səhəri gün isə iki günün əvəzinə yazırmış – özünü günahkar hiss etdiyi üçün!
Ədəbiyyata belə sevgi dolu, vicdanlı, məsuliyyətli münasibət öz yerində. Məni düşündürən başqa şeydir.
Bizdə “yaxşı yazıçı olmağın” ilk şərtini çoxlu içməkdə görənlər kifayət qədərdir. Sadəcə, onları Steynbekdən iki şey fərqləndirir:
Bir: onlar bir cümlə belə yazmadıqları gün də istədikləri qədər içə bilirlər.
Iki: onlar da çox içdikləri günün səhəri ölü kimi hərəkətsiz düşüb qalırlar, öyüyür, qusur, iy verib iylənir, bir daha içməyə tövbə edir, ertəsi gün isə iki günün də əvəzinə… içirlər!
Bax, elə ona görə də axırda “Qəzəb salxımlar”ını Steynbek yazır, bizimkilər isə serroz olanadək “yaxşı yazıçı ola bilmək üçün” içməyə davam edirlər.

(ardı növbəti bazar sayımızda)