Qərb Əliyevə işğalçı kimi baxır

Təbrik mətnlərində sanki onu «işğal etdiyi əraziləri yandırmamağa» çağırırlar

İlham Əliyevə Qərbdən gələn təbrik mesajları hamı üçün iki sual yaradıb:
Bir: Bu mətnlərə təbrik demək olarmı?
Iki: Bu, təbrik deyilsə, bəs nədir?
Həm Almaniya kansleri Merkelin, həm Fransa prezidenti  Ollandın, həm də ABŞ-ın Azərbaycandakı səfiri Morninqstarın Ilham Əliyevə ünvanladıqları mətnin bir-birinə oxşayan cəhətləri var idi. Onlar Ilham Əliyevin seçkidə qələbə qazandığına dair heç nə demirlər. Hətta ölkədə seçkinin keçirilməsinə belə, işarə vurmurlar. Ona görə də “Sizi prezident seçilməyiniz münasibətilə təbrik edirəm” kimi ifadələr bu təbriklərdə yer almır.
Deməli, söhbət klassik, diplomatik mənada təbrikdən getmir. Onlar sadəcə, Ilham Əliyevə hazırda Azərbaycandaki inzibati aparatın rəhbəri kimi baxırlar. Hərbi dillə desək, Ilham Əliyevlə əlaqələr işğal etdiyi əraziyə nəzarət edən birilə danışıqlar aparmağa bənzəyir.
Təbriklərin mətninin ikinci hissəsi bizim fikrimizi bir daha qüvvətləndirir. Onlar Azərbaycan rəhbərinin Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Vilnüsdə keçiriləcək sammitinə qədər doğru qərarlar qəbul edəcəyinə ümidlərini ifadə edirlər. Və onu “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa təşviq edirlər.
Ilham Əliyevə ünvanlanan bütün təbrik-çağırışların sonu demək olar ki, eyni cür yekunlaşır. Bu fikirlərin “aşağı-yuxarı” Avropa Parlamentinin 23 oktyabr qətnaməsinin yekun müddəasına xeyli uyğunlaşdırıldığı aydın görünür.

İlham Əliyevə nə deyirlər?

Qərblilər Ilham Əliyevə tutduğu vəzifədən yanlış istifadə etməməyi tövsiyə edirlər. Onu Rusiyanın yaratdığı birliklərə doğru getməməyə çağırırlar. Bu isə işğalçıya nəzarət etdiyi meşələri yandırmamaqla bağlı edilən çağırışlara bənzəyir. Amma aydın görünür ki, dünya Ilham Əliyevlə uzun müddət bu leksikona uyğun danışmaq fikrində deyil. Ona ünvanlanan mesajların hamısında yalnız “Şərq Tərəfdaşlığı” və demokratiya məsələləri önə çəkilir. Aydın görünür ki, Ilham Əliyev artıq enerji təhlükəsizliyi məsələsində mühüm fiqur sayılmır. Çünki ona etibar edilmir.
Ilham Əliyev əslində, Qərbin onunla danışmaq istəyindən istifadə etməlidir. Bu, həm hakimiyyətin özü, həm də dövlətin ümumi maraqları üçün çox vacibdir. Çünki Ilham Əliyev birmənalı şəkildə Rusiyaya meyllənmək yolu tutsa, bu, onun siyasi, dövlətin isə həm iqtisadi-siyasi, həm də təhlükəsizlik baxımından böhranına səbəb olacaq.
Avropa Parlamentinin Qarabağla bağlı qətnamələri aydın şəkildə Qərbin Azərbaycanı dəstəklədiyini ifadə edir. Bunun qarşılığı olaraq, Ilham Əliyevin Kremlə meyllənməsi həm başadüşülən olmaz, həm də heç bir xoş və uzunömürlü gələcək vəd etməz.
Rusiya isə yeni koalisiya formalaşdırmaqla, ətrafında bufer zona yaratmaq istəyir ki, dünyanın təzyiqlərinə qarşı istifadə eləsin. Bu mənada da Ilham Əliyev bilməlidir ki, Rusiyaya meyllənmək həm onu, həm də dövləti Qərbdən gələn zərbələrin ilkin hədəfinə çevirəcək.