YAP-ın hədəsinə Milli Şuradan cavab

Nürəddin Məmmədli: «Xalqı qorxutmaq siyasəti hakimiyyətin faciəsi ilə nəticələnəcək»

Milli Şuranın oktyabrın 27-də keçirəcəyi mitinq hakimiyyəti bərk narahat edib. Belə ki, YAP-çılar mitinqlə bağlı Milli Şuranı xəbərdar ediblər.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki,  qanuna görə, dövlət, hökumət əleyhinə müxtəlif çağırışlar, şəxsiyyətin ünvanına olan təhqiramiz, şər və böhtan xarakterli ifadələr işlədilməsi qəti qadağandır: “Mitinqdə kimsə buna yol verəcəksə, qanunun tələbi ilə cavab verməli olacaq. Bununla bağlı onlara rəsmi xəbərdarlıq da ediləcək. Çünki bu ifadələrdən hər hansının işlədilməsinin məsuliyyəti mitinq təşkilatçılarının üzərinə düşəcək. Onlar qanunun aliliyinə bu dəfə də hörmətsizlik etməyi düşünürlərsə, bizim də səbrimizin tükəndiyini bilsinlər” – deyə Siyavuş Novruzov bildirib.
Xatırladaq ki, bu Siyavuş Novruzovun ilk hədəsi deyil və bundan əvvəlki mitinqlərə münasibətdə də millət vəkili təxribatçı bəyanatlar vermişdi. O, bildirmişdi ki, mitinqdə YAP sədrinin əleyhinə hansısa fikirlər səslənərsə, YAP-çı gənclər də mitinqə müdaxilə edib, öz sözünü deyəcək.
Bu fikirlər onu göstərir ki, hakimiyyət kütləvi etirazlardan çəkinir və bu mitinqlərdə təxribat törətmək istəyir. Onsuz da hər kəs bilir ki, mitinqdə zorakılıq olarsa, bunu YAP gəncləri adından hakimiyyətin qoçu dəstələri həyata keçirəcək. Ancaq istənilən halda nəticə onu göstərcək ki, hakimiyyət sərbəst toplaşma azadlığını məhdudlaşdırır və bütün dünya hakimiyyətin təxribatçı mahiyyətini bir daha ifşa etmiş olacaq.
Siyavuş Novruzovun fikirlərinə AXCP sədrinin müavini Nürəddin Məmmədli münasibət bildirib: “Hakimiyyətin əndişəsi başa düşüləndir. Indiyə qədər kürü diplomatiyası, müxtəlif iri həcmli rüşvət vasitəsilə həyata keçirdikləri siyasət artıq effekt vermir. Son seçkilərdəki kütləvi saxtakarlıq isə hakimiyyəti dünya ilə qarşı-qarşıya qoyub. ATƏT, ABŞ Dövlət Departamenti, Avropa Parlamenti və digər qurumların rəyi Azərbaycan hakimiyyətini təşvişə saldı. Artıq Azərbaycan xalqı da sürətlə təşkilatlanır və bu quldur rejimin siyasətinə boyun əymək istəmir. Rejim indiyə qədər görmədiyi reallıqla qarşılaşıb. Ona görə hakimiyyət insanlarda qorxu yaratmaq istəyir. Ancaq bizi qorxutmaq, geri çəkilməyə məcbur etmək mümkün deyil. Azərbaycan müxalifəti demokratiya uğrunda mübarizəsini davam etdirəcək və bu yolda bütün məhrumiyyətləri yaşamağa hazırdır. Siyavuş Novruzov və başqaları bu əndişədən çıxmaq istəyirsə, Azərbaycanda ədaləti bərpa etsinlər, xalqın haqqını özünə qaytarsınlar. Hakimiyyət günahı yalnız özündə axtarmalıdır. Xalqı qorxutmaq siyasəti hakimiyyətin böyük faciəsi ilə nəticələnəcək”

Ilham