Nigarançılıqdan da pis bir şey

Ən pis müəyyənlik belə, qeyri-müəyyənlikdən yaxşıdır. Bu, sənə önünü görmək, hara getdiyini anlamaq, dərindən dərk etmək imkanı verir. Qarşıda nə var: qəzamı, uçurummu, cənnətmi, cəhənnəmmi? Ən azı bu suallara cavabın olur.

Indi biz Cem Karacanın o məşhur mahnısında təsvir etdiyi vəziyyətdəyik: “Bindik bir alamete, gidiyoruz kiyamete”. Yox, hətta bu bir misrada belə, vəziyyət bizim düşdüyümüz situasiyadan daha aydın, daha konkretdir. Heç olmasa, orada qiyamətə doğru gedildiyi bəllidir. Bəs biz hara gedirik? Mən şəxsən bu gedişin sonunu qiyamətdən daha qorxunc, daha dəhşətli görürəm.

Hamı vurnuxur: xalq da, müxalifət də, yaptokratlar da. Xalq sabitliklə azadlıq arasında tərəddüd edir. Hansını seçməli – müvəqqəti asayişimi, yoxsa əbədi hüzurumu? Azadlıqların, hüququn olmadığı yerdə sabitlik görüntüdür. Həm görüntüdür, həm də kövrək. Istənilən an xaosla əvəzlənə bilər. Bunu əksəriyyət başa düşür. Amma çoxluq həm də hesab edir ki, hələlik “ac qulağım, dinc qulağım” prinsipi ilə yaşamaq, davam etmək daha doğrudur, bu günki yanlış idarəetmənin gətirəcəyi fəsadların altını isə gələcək nəsillər çəkəcəksə qoy olsun, yetər ki, o özü indi gecələr rahat çölə çıxa, avtoşluqdan, tamadalıqdan-zaddan eləyə bilsin.

Müxalifətin də öz qeyri-müəyyənlikləri var. Məsələn, birləşməlimi, birləşməməlimi? Birlik tərəfdarı olanlar uğurun sirrinin bunda olduğundan tam əmin deyillər. Birliyi uğurun sirri kimi görməyənlər də bu mövqelərinə tam güvənmirlər. Elə ona görə də, son 20 ildə ortada elə 20 adda birlik modeli var, birliyin özü isə – hələ də yoxdur.

Ürəyiniz hara, ayağınız ora!

Amma əsas qeyri-müəyyənlik Əliyevçi rejimlə bağlıdır. Axı bunlar nə gündür çəkirlər? Avropa Ittifaqımı, Avrasiya Ittifaqımı? Qərbmi, Kremlmi? 20 ildir imitasiya davam edir. 20 ildir qərar verə bilmirlər. Hətta bir ara deyəsən, özləri də çox yoruldular bundan, gedib Qoşulmamaq Hərəkatına qoşuldular. Ki, bir daha harasa qoşulmaq əziyyəti qarşısında qalmalıdırlar, amma xeyri olmadı, budur, yenə də ikisindən birinə qoşulmalıdırlar: ya Avropa Ittifaqı, ya Avrasiya Ittifaqı.

Məncə, artıq bu qeyri-müəyyənliklərdən xilas olmalıdır Əliyev rejimi. Birdəfəlik öz seçimini etməlidir. Onsuz da hamı bunların qəlbinin kimlərlə bir yerdə döyündüyünü bilir. Daha imitasiya, görüntü nə üçün? Lukaşenko, Nazarbayev harda, siz orda! Artıq bunu qətiləşdirmək, konkretləşdirmək lazımdır. Həm özləri qeyri-müəyyənlikdən xilas olarlar, həm də başqalarının bunlardan müsbət gözləntilərinə son qoyular.

Bəli, birdəfəlik elan olunmalıdır ki, yolumuz Belarus yoludur, yolumuz Islam Kərimov yoludur. Daha nə yaptokratlar daxildəki və xaricdəki mütərəqqi qüvvələrə, qurumlara izahat vermək məcburiyyətində qalarlar, nə də kimsə durub bunlardan azadlıqlar, demokratiya adına nə isə tələb edər, nəsə istəyər, hamı başa düşər ki, Azərbaycan rəsmən sizin məhdud məsuliyyətli cəmiyyətiniz, offşor şirkətinizdir, özünüz necə bilirsinizsə, elə də idarə edirsiniz, kimin də xoşu gəlmir, şələ-küləsini yığışdırıb cəhənnəm olsun, getsin azadlıq, demokratiya hardadırsa, orada yaşasın.

Bitsin bu qeyri-müəyyənliklər!

Siz bu yazdıqlarımı zarafat zənn edin, amma mən çox ciddiyəm. Bəli, səmimi olmaq və mövqeni konkretləşdirmək lazımdır. Həm başdan-başa saxta seçki keçirib, həm də ona demokratik münasibət gözləmək nə üçündür? Elə birbaşa deyilməlidir ki, çox atılıb-düşməyin, gedin allahınıza şükr edin ki, saxta da olsa, seçki keçiririk, istəsək, heç bunu da keçirmərik.

Mən bu sətirləri yazarkən xəbər gəldi ki, “Azadlıq” qəzetinin bank hesabı bağlanıb. Bax bunun özü də qeyri-müəyyənlikdir. Axı nə qədər olar bir qəzetin satışına mane olmaq, əməkdaşını oğurlamaq, döymək, həbs etmək, çapından imtina eləmək, fantastik cərimələrlə yükləmək.

Elə bunlardansa qəzeti birdəfəlik bağlayın – sizin də canınız dincəlsin, bizim də.

Yoxsa, əziz yapçılar, Mirzə Cəlilin “Nigarançılıq” hekayəsindəki məşhur cümləni kiçik bir redaktə ilə desək, “həqiqətən bu dünyada qeyri-müəyyənlikdən də pis bir şey yoxdur”.