Alimin evini başına uçururlar

Abşeron rayon icra hakimiyyəti Ceyranbatanda vətəndaşın həyətində bağça tikmək istəyir

Sabir Tağıyev: «Hər yeri satıblar, daha yer qalmadığı üçün evimin arxasındakı boş sahəni ələ keçirmək istəyirlər»

“Qanunsuz tikili” adı altında evlərə hücumun növbəti dalğası başlayıb. Bu qəbildən olan söküntü-dağıntı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində olub. Qəsəbənin Ağsaqqallar Şurasının sədri, Pedaqoji elmlər namizədi, Milli Elmlər Akademiyasının elmi işçisi Sabir Tağıyevin evinə dünən 50-yə yaxın polisin müşayiətilə icra hakimiyyətinin işçiləri gələrək, həyətin hasarını söküblər.

“120 min manat ziyana düşdük”

Sabir Tağıyev deyir ki, 1976-cı ildən Ceyranbatan qəsəbəsində yaşayır: “1987-ci ildən hazırda mübahisəyə səbəb olan ərazidə məskunlaşmışam. 1988-ci ildə Nazirlər Kabinetinin xüsusi qərarı olub ki, vətəndaşlara lazımi sənədlər verilsin. Abşeron rayon Icra Hakimiyyəti də müəyyən qərarlar qəbul etdikdən sonra yaşadığım əraziyə ”kupça”, texniki pasport və ev kitabı verib. Hazırda 12 nəfər ailə üzvümlə həmin mənzildə qeydiyyatdayıq”.
Sabir Tağıyevin sözlərinə görə, problemlər 2011-ci ilin avqust ayından başlayıb: “Bakı-Quba yolunun kənarında tikilən evlərin hasarını uçurtdular. Bununla bağlı ölkə başçısından tutmuş, Mehriban Əliyevaya qədər ən müxtəlif instansiyalara müraciət etdim. Heç bir nəticəsi olmadı. Düşündüm ki, dövlət əhəmiyyətli qərar olduğu üçün belə məsləhətdir. Dedilər ki, yolun kənarında olan mənzillərin hasarları hündür və boyalı olmalıdır. Etiraz etməyib, işə başladıq. Əllərinə bəhanə verməmək üçün hasarın tikilməsini layihələşdirdim. Özlərinin dedikləri şirkətə gedib layihəni təsdiqlətdirdim, daha sonra icra hakimiyyəti layihəyə baxıb ”xeyir-dua” verdi. Hətta icra başçısının müavinlərindən biri mənimlə söhbətində görəcəyim işin yaxşı olduğunu söylədi. Təxminən 120 min manat təmirə pulum çıxdı. Hasarı çəkdim, suvaq, boya, aqlay daşının vurulması mənə baha başa gəldi. Hələ indiyə qədər olan borclarımı tam ödəyib bitirməmişəm”.

Həyəti alıb bağça tikmək istəyirlər

Sabir Tağıyev bildirir ki, 2011-ci ildə Şəmkir rayonunda elmi ezamiyyədə olan zaman növbəti dəfə evinə hücum başlayıb: “Işin bitməsinə az qalmış Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov zəng edib bildirdi ki, işi dayandır. Ona layihəni təqdim etdim. Söylədim ki, icra hakimiyyəti bunu təsdiqləyib. Hamınız xeyir-dua vermisiniz. Indi niyə işi dayandırmalıyam? Cavabları bu oldu ki, bağça tikiləcək. Deməli, bunlar hər yeri satıblar. Daha satmağa yer qalmadığı üçün evimin arxasında bir az boş sahə tapıblar. Buna görə də həmin ərazini ələ keçirmək istəyirlər. Ancaq orada bağça tikmək olmaz. Birincisi, sahəsi çox azdır, bağça üçün kiçikdir. Ikincisi də, yolun kənarında bağça tikmək olmaz. Bundan başqa, qəsəbədə iki bağça var”.
Alim bizimlə söhbətində onu da qeyd etdi ki, Abşeron rayon Icra Hakimiyyətinin göz dikdiyi həmin ərazidə özünün də üzv olduğu Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının məktəbini inşa etdirməyi planlaşdırır: “Elm adamı olduğuma, ömrümün çox hissəsini elmə həsr etdiyimə görə Akademiya üçün məktəb inşa etdirib bundan sonrakı fəaliyyətimi də bu istiqamətdə davam etdirmək istəyirəm. Bundan sonrakı həyatımı elmə həsr etmək niyyətindəyəm”.

“Evin sənədləri qaydasındadır, hər il torpaq vergisi verirəm”

Sabir Tağıyev onu da bildirib ki, torpağa sənəd almaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edib: “Komitə müraciətimə müsbət cavab vermədiyi üçün məhkəməyə üz tutdum. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsində iş gedə-gedə gördüm ki, kənar müdaxilələr var. Ona görə də Abşeron rayon Icra Hakimiyyətinin verdiyi qərarların ləğvi üçün Abşeron rayon məhkəməsinə müraciət etdim. Hər iki işə bir hakim baxdı və bu işlər rədd edildi. Apelyasiya Məhkəməsi də iddiamızı təmin etmədi. Ali Məhkəmə isə işə baxıb yenidən Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinə göndərdi.
Abşeron rayon Icra hakimiyyəti qarşılıqlı iddia ilə məhkəməyə üz tutdu. Onlar iddia edirlər ki, guya, ərazini qeyri-qanuni zəbt etmişəm. Halbuki, evimin bütün sənədləri qaydasındadır. Hər il də torpaq vergisi verirəm. Məhkəmədə iş dayandığı üçün icra hakimiyyətinin qərarı icra oluna bilməz. Ancaq icra hakimiyyətinin işçiləri bu gün (dünən-red.) 50-yə yaxın polis əməkdaşının müşayiətilə hasarımı söküblər. Mən övladlarıma kamera vermişdim ki, əgər hücum olsa, nəyisə söküb dağıtsalar, çəkiliş aparsınlar. Onlar da çəkiliş apararkən hücum edib kameranı alıblar, özlərini döyüblər. Yoldaşım hadisə yerinə gələndən sonra abırlarına qısılıb gediblər”.

“Söküntü qanunsuzdur”

Sabir Tağıyevin vəkili Adəm Məmmədov “Azadlıq”a açıqlamasında hasarın sökülməsinin qeyri-qanuni olduğunu bildirib: “Məhkəmə prosesi gedə-gedə hasarın sökülməsi qanunsuzdur. Məhkəmə Abşeron rayon Icra Hakimiyyətinin qaldırdığı iddianı müvəqqəti saxladığı üçün heç bir iş görülə bilməz. Bir sözlə, söküntünün aparılması qanuna ziddir. Söküntü işləri məhkəmənin qərarı, icra məmurunun iştirakı ilə həyata keçirilə bilər”.
Vəkil yaxın günlərdə mətbuata olayla bağlı geniş məlumat verəcək.

Ramin DEKO