Günlərin birində dostumun yaşlı atası mənə bir sual verdi:
“Bax, sən bir jurnalist kimi Qarabağın alınması üçün nəsə edirsənmi bu gün?!”
Dedim:
– Bəli, Qarabağın alınması naminə mən istəyirəm ki, ölkəmizdə demokratiya olsun və bunun üçün əlimdən gələni edirəm.
Yaşlı adam güldü mənə:
– Demokratiya atom bombasıdır? Qarabağı alacaq?
Mən dostumdan xahiş etdim ki, dediklərimi bir-bir saysın:
1. Demokratiya – güclü hakimiyyət, güclü xalq, güclü dövlət deməkdir;
2. Demokratiya – düzlükdür, ədalətdir, bilikdir;
3. Demokratiya – dövlətin pullarını xalq üçün, xalqın problemlərinin həlli üçün xərcləməkdir;
4. Demokratiya – iqtisadi inkişafdır, rifahdır;
5. Demokratiya – güclü ordudur;
6. Demokratiya – bizə də lazımdır, həm də Qarabağ ermənilərini bu ölkədə yaşamağa razı salan şəraitdir;
7. Demokratiya – dünya birliyindən dəstək almaqdır…
Bu yerə çatanda ağsaqqal dayandırdı məni. Bir neçə dəfə başı ilə təsdiq etdi və “razıyam, amma sualım da var” söylədi. Sual da belə idi: “Bəs o demokratiya ölkələri, o Avropa Qarabağ barədə niyə susur, niyə ermənilərin tərəfini tuturlar?”
Ötən ilin yayı idi və artıq smartfona sahib olan bir tanışımız da bizimlə olduğundan, mən “Avropa Parlamenti Qarabağ probleminin ədalətli həlli yolunu söylədi” adlı yazımı qəzetimizin saytından axtarmağı ondan xahiş etdim və daha sonra həmin məqaləni ucadan ağsaqqala oxudum.
Sonda ağsaqqal yazıdakı məlumatlardan çox razı qaldığını bildirdi və soruşdu:
– Bəs televiziyalar niyə bu barədə susur, niyə xalqa elan eləmirlər bu məsələni? Özgə vaxtı ermənilərin əleyhinə kimsə bir cümlə deyəndə bir neçə gün təkrarlayırlar.
Indi isə mən sizə deyim həmin yazıda nədən söhbət getdiyini. Və niyə dostumun atası o yazıdakı məlumatlardan məmnun olmuşdu və nə üçün bu haqda televiziyaların susmasından bərk təəccüblənmişdi?
2012-ci ilin aprelində Avropa Parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul etmişdi. Yazıda həmin qətnamədən söhbət gedirdi. Qətnamədə Ermənistandan tələb edilirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin, həm hərbi, həm də fiziki kontingentini oradan çıxarsın.ÿErmənistana açıq şəkildə deyilirdi: üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır və Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir.
Sənəddə Avropa Parlamenti Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahat olduğunu bəyan edir, Ermənistana Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməmək barədə çağırış edirdi.
Arxasınca Azərbaycandan tələb edilirdi ki, bütün problemlərin həlli üçün Azərbaycan demokratikləşməli, vətəndaşların fundamental haqları və azadlıqları, o cümlədən mülkiyyət hüquqları, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, siyasi plüralizm, medianın və məhkəmələrin müstəqilliyi ilə bağlı problemləri həll etməlidir.
Amma Azərbaycan hakimiyyəti sonuncu haqlı tələblərdən qeyzlənib, Dağlıq Qarabağ barədə Avropa Parlamentinin mövqeyinə əhəmiyyət vermədi. Bu günəcən də Avropa Parlamenti ermənipərəstlikdə ittiham edilir.
Çox maraqlıdır ki, oktyabrın 23-də Avropa Parlamenti Dağlıq Qarabağ barədə yenidən qətnamə qəbul edib. Yenə də Qarabağ Azərbaycan torpaqları adlandırılır, Ermənistandan işğal etdiyi əraziləri tərk etmək tələb olunur.
Amma bizim hakimiyyət bu dəfə də Avropa Parlamentinin qətnaməsi haqda susur. Və üstəlik, Avropa qurumlarına qarşı mənasız hədələr səsləndirilir. Səbəb də odur ki, ATƏT və Avropa Parlamenti prezident seçkilərini demokratik saymayıb.
Avropanın dediyi məsələ budur: demokratikləş və Qarabağa sahib çıx.
Bunlar isə hakimiyyətdə qalmağı hər şeydən üstün tuturlar, Qarabağdan da. 100 dəfə yazılası və deyiləsi məsələ budur.