Mən bu yazını Rusiyanın ucqarlarında qocalan vətəndaşlarımız haqqında yazmayacam. Çünki bu adamların indiki halda vətəndə cavan ölmək ehtimalı daha çoxdur. Indi Rusiya milyonlarla Azərbaycan kişisi üçün övladının geyimi, qidası, cehizi, sabaha ümididir. Bu adamlar vətəndən kənarda yaşasalar da vətəndə xeyli vətəndaşın yaşamasına şərait yaradırlar. Indi onlar üçün Azərbaycan aclıq, səfalət deməkdir. Yəni bu adamların vətəndən uzaq düşməsini qınamaq ədalətsizlikdir. Günahkar onları vətəndən uzaq salanlardı. Faciə o zaman başlayır ki, vətən sənə ölüm, xəstəlik, həbs, ədalətsizlik vəd edir.
Mən bu yazını vətəndə yaşayan vətənsizlər haqında yazmaq istəyirəm. O vətəndaşlar haqqında ki, onlar həm vətəndə vətənsizdilər, həm də vətənin vətəndaşı olmaq üçün səy göstərmirlər.
Vilson “vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur” deyirdi. Deməli, hər gün kiçilən vətəndaşın böyük vətəni ola bilməz. Hətta o vətənin ərazisi milyon kilometrlərlə ölçülsə belə, o vətən yenə də cırtdan kimi görünəcək.
Bir vətəndaş ki özünün və ailəsinin səsinin oğurlanmasına biganə qalır, buna sıradan bir hadisəymiş kimi baxırsa, deməli, vətən kiçilməkdədir.
Bir vətəndaş ki 10-larla gəncin haqsız həbsinə, insanların mülkiyyət hüquqlarının pozulmasına, millət vəkilinin hakimiyyət vəkilinə çevrilməsinə etiraz etmirsə, o vətən qısır olacaq.
Rusların bir atalar sözündə deyilir ki, vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. Əgər bizim səsimiz əhəmiyyətli deyilsə, bizim etirazımızın nəticəsi yoxdursa, addım başı haqqımız tapdanırsa, deməli, bizim vətənimiz yoxdur və ona görə də oxuya bilməyən bülbül kimiyik. Yox, əgər vətənimiz varsa, yenə də “oxuya” bilmiriksə, deməli, vətəndaş deyilik.
Bu gün vətəndaşı aldatmaq 3 yaşlı uşağı aldatmaqdan daha asandırsa, bunun günahkarı Məzahir Pənahovun kontorundan daha çox, vətəndaş ola bilməyən insanlardadı. Çünki hakimiyyət heç vaxt qarşısında hesabat verəcəyi xalqı görməyib, kütləvi vətəndaş qınağı ilə qarşılaşmayıb.
Prezidentin “mənim Mehdiabadlılara xüsusi hörmətim var” sözü, vətəndaşa verilən qiymət anlamına gəlməməlidir. Bu qiyməti həmin qəsəbədə yaşayan insanların həyatında, yaşayış şəraitində axtarmaq lazımdır. Milləti sözdə sevib, əməldə istismar etmək avtoritar sistemlər üçün “ev tapşırığı”dır. Və bu “ev tapşırığı”na görə biz evsiz, işsiz, köməksiz qalmışıq.
Bu ölkədə vətənpərvərlik şablon fikir kimi qəbul olunmağa başlayıb. Vətənpərvərlik hər səhər yuxudan durub vətən şeri oxumaq deyil, hər gecə yatanda “bu ölkə üçün nə edə bilərəm” arzusuyla yaşamaqdır. Saxta seçkilər münasibətilə açıq havada keçirilən konsertə gedib əl çalmaq, vətəndaşlıq hissindən məhrum olmaqdır. Saxta seçkilərə etiraz mitinqinə getməmək isə vətənsiz olmaq, vətəndən üz çevirməkdir. O vətəndən ki, ata-anaların məzarı, övladların ayaq izləri, keçmiş və gələcəyimiz o torpaqdadır.
Bəzən bu ölkəyə nəzər salanda adamı vahimə bürüyür. Çernışevskinin sözləri yada düşür: “Insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür”.
Bu hakimiyyət insanlara ləyaqətsiz olmağın bütün yollarını göstərdi ki, insanlar vətənpərvər olmasın. Vətənsiz vətəndaş olmağı cəsarətli, vicdanlı, həiqiqətpərəst olmaqdan üstün tutduq. Bu üstün tutduqlarımız isə alçalmağımıza can-dildən “kömək” etdi.
Bir şeyi unutmayaq ki, vətənsiz vətəndaş olmaq, həm də övladımıza yaxşı valideyn olmamaq, valideynimzə yaxşı övlad olmamaq deməkdir.
Ölkənin bütün sərvətlərinin bir qrup tərəfindən talan edildiyi halda, övladımıza necə miras qoya bilərik, doğmalarımızı necə ehtiyacsız yaşadarıq?
Əsl vətəndaş olmaqdan üz çeviririksə, doğmalarımız üçün köləlikdən başqa heç nə vəsiyyət edə bilməyəcəyik.