«Avronest Parlament Assambleyasında Azərbaycanın fəaliyyətini dondurmasıyla bağlı qərarı yalnız parlament rəhbərliyi verə bilər»
Gültəkin Hacıbəyli: «Hakimiyyət maraqlarının dövlət maraqlarından, Qarabağdan üstün tutulması yolverilməzdir»
Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığı haqda 23 oktyabr tarixli plenar sessiyasında qəbul etdiyi qətnaməyə hakimiyyət özünə məxsus formada cavab verib. Rəsmi Bakı Avropa strukturları ilə əlaqələri kəsmək barədə niyyətini açıq formada bəyan edib. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Şurasının prezidenti Jan-Klod Minyona, ATƏT PA-nın prezidenti Ranko Krivokapiçə və Avropa Parlamentinin üzvlərinə “odlu-alovlu” bir müraciət ünvanlayıb.
E.Süleymanov müraciətində Avropa Parlamentini Azərbaycanda iğtişaş və təxribat törətməkdə ittiham edib. E.Süleymanov bəyan edib ki, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir. Və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.
Açıq şəkildə görünür ki, E.Süleymanovun bu cür sərt bəyanat verməsinə səbəb qurumun Azərbaycanda keçirilən seçkilərlə bağlı bəyanatı olub. Baş verənlərdə diqqət çəkən daha bir məqam nümayəndə heyətinin rəhbərinin nə dərəcədə hər hansı bir qurumda ölkənin fəaliyyətini dayandırmaq səlahiyyətinə malik olub-olmadığıyla bağlıdır. Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli ilə aydınlıq gətirməyə çalışdıq. Amma öncə G.Hacıbəylidən Avronest Parlament Assambleyasının strukturu və fəaliyyət istiqamətləri barədə məlumat aldıq.
G.Hacıbəyli bildirdi ki, Avronest Parlament Assambleyası Avropa Birliyi ilə keçmiş sovet ölkələri arasında yaxınlaşma yaratmaq məqsədi ilə bu ölkələrin Avropaya rəvan inteqrasiyasını həyata keçirmək məqsədilə yaradılıb. Qurumun tərkibinə Şərq Tərəfdaşlığı proqramında iştirak edən 6 keçmiş sovet ölkəsi və Avropa Birliyi dövlətləri daxildir: «Avronest Parlament Assambleyasında keçmiş sovet dövlətlərindən Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusdan olan nümayəndələr təmsil olunurlar. Belarusla qurumun əməkdaşlığı öncədən kifayət qədər problemlərlə müşayət olunub. Buna səbəb Avropa Birliyinin Belarusda olan diktatura rejiminə münasibətilə bağlıdır. Digər ölkələrdən Moldova Avropa Birliyi ilə əməkdaşlıqda bir qədər üstün mövqeyə malikdir. Eyni zamanda Ukrayna və Gürcüstanla Avropa Birliyinin münasibətlərini yüksək dəyərləndirmək olar. Avropa ilə əməkdaşlıq səviyyəsinə görə, 6 postsovet ölkəsini iki qrupa bölüblər. Birinci qrupa Avropa Birliyi ilə münasibətləri yüksək səviyyədə olan Moldova, Ukrayna və Gürcüstandır. Münasibətlərin daha aşağı səviyyədə olan ikinci qrupa Azərbaycan, Ermənistan və Belarus daxildir».
Azərbaycanın Ermənistan və Belarusla eyni qrupda yerləşməsinə görə təəssüflənən G.Hacıbəyli vurğuladı ki, Belarus diktatura rejiminə, Ermənistan isə KTM-dəki üzvlüyünə görə bu münasibətə layiq görülüb. E.Süleymanovun Avronest Parlament Assambleyasında Azərbaycanın fəaliyyətini dondurmasıyla bağlı verdiyi açıqlamanın ziyanlı olduğunu deyən G.Hacıbəyli bildirdi ki, qurumdakı nümayəndə heyətinin tərkibi Azərbaycan parlamenti tərəfindən formalaşdırılır: «Bu tipli qərarlar bir qayda olaraq Milli Məclisin spikeri tərəfindən qəbul olunur. Parlament nümayəndə heyətlərinin müxtəlif beynəlxalq qurumlara qəbulu və ya fəaliyyətin dayandırılmasıyla bağlı qərarlar Milli Məclisin rəhbərliyi səviyyəsində müəyyən olunur. Sözsüz ki, Elxan Süleymanovun Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bunu parlamentin rəhbərliyi edə bilər. Amma əgər Elxan Süleymanov belə bir qərarla çıxış edibsə, deməli o, Milli Məclis rəhbərliyi ilə məsləhətləşmələr apararaq, ümumi qərarı ifadə edib».
E.Süleymanovun bəyanatını Azərbaycanın milli maraqları baxımından kifayət qədər zərərli və məsuliyyətsiz addım sayan G.Hacıbəyli vurğuladı ki, Avropa Parlamenti qəbul etdiyi son qətnamədə Qarabağla bağlı indiyə qədər çox az ölkənin ortaya qoya biləcəyi mövqeyi sərgiləyib: «Avropa Parlamenti son qətnamədə Ermənistanı işğal etdiyi ərazilərdən çıxmasını, BMT-nin dörd qətnaməsinin icrasını tələb edib. Vaxtı ilə Avropa Şurası tərəfindən 2005-ci ildə belə bir sənəd qəbul ediləndə biz bunu Azərbaycan xarici siyasətinin ən böyük uğuru kimi təbliğ edirdik. Bəs nə baş verir ki, Avropa Şurasından da qat-qat mötəbər bir təşkilat Avropa Parlamenti bütün Avropanın döyünən ürəyi olan bir təşkilat Ermənistanı işğalçı dövlət adlandırır, Azərbaycan ərazilərinin boşaldılmasını tələb edir. Bunun əvəzində Milli Məclis adından təşəkkür məktubu ünvanlamaq əvəzinə, əksinə Avronest Parlament Assambleyası çərçivəsindəki fəaliyyətimizə xitam veririk. Hakimiyyət maraqlarının dövlət maraqlarından, Qarabağdan üstün tutulması yolverilməzdir. Bu Azərbaycanın xarici siyasətində ciddi fəsadlar törədə biləcək bir addımdır. Ümid edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi bu mövqeyini dəyişəcək».
Xəyal