Bizim öz təbrik yolumuz

Bilmirəm, rejim KIV-lərində Qərb ölkələrindən Ilham Əliyevə gələn təbrik məktublarının təqdimatına fikir vermisinizmi? Məsələn, Obamanın 9 oktyabr seçki-şousundan bir neçə gün sonra, həm də Qurban bayramı münasibətilə əksər müsəlman ölkələri rəhbərlərinə göndərilən standart təbrik məktubunun bizim möhtərəmə ünvanlanmış nüsxəsi rejim mediasında “Obama Ilham Əliyevi təbrik etdi” başlığı ilə tirajlandı.

Məqsəd aydın idi: seçkidəki “qələbə” münasibətilə təbrik yoxdursa, Qurban bayramı münasibətilə göndərilmiş təbrik məktubundan həmin effekti yaratmaq.

Eyni hal Qərbi Avropa ölkələrindən gələn təbrik məktublarının təqdimatında da yaşanır. Məsələn, Özbəkistandan, Çindən təbrik gələndə bu “Asiya liderləri Ilham Əliyevi təbrik edirlər” kimi yox, elə təbrik müəlliflərinin öz adları, statusları ilə təqdim edilir, amma məsələn, Sloveniya Respublikasının müdafiə, ya da Bosniya və Herseqovinanın kommunikasiya və nəqliyyat nazirlərinin, Podqoritsa şəhərinin merinin təbrik məktubları “Avropa liderləri Ilham Əliyevi təbrik edirlər” kimi sərlövhəyə çıxarılır.

Məsələ də aydındır, məqsəd də. Rejim daxilində dərin pərtlik hökm sürür. Saxtakarlığa, hakimiyyətin növbəti qəsbinə bu qədər sərt əks-reaksiya gözləmirdilər. Ona görə də görüntü yaratmağa çalışılır, rəy formalaşdırılır ki, demokratik dünyanın demokratik, tərəqqipərvər kəsimi 9 oktyabr seçki-şousunun legitimliyini tanıyır.

Bir daha təsdiqləndi ki, bunların “bizim öz yolumuz var, heç kim bizim daxili işlərimizə qarışa bilməz” kimi özündənrazı bəyanatları sabun köpüyündən başqa bir şey deyilmiş. Çünki indi gəlişmiş bir Qərb ölkəsi liderinin daxili işlərimizə qarışması – Ilham Əliyevə əl boyda bir təbrik mətubu göndərməsi üçün kisənin ağzını sonunadək açmağa hazırdılar.

Yenə də suallar, yenə də suallar…

Maraqlı suallar çıxır ortaya. Əgər bunlar doğrudan da demokratik seçki keçirdiklərinə inanırlarsa…

Doğrudan da daha beş il ölkəni idarə etmək üçün onlara mandatı xalqın verdiyinə əmindilərsə…

Hər bir situasiyada arxalarında milli iradənin dayanacağından arxayındılarsa, onda bu “təbrik kompleksi”nin sirri nədir?

Niyə inadla, israrla gəlişmiş ölkələrin bu seçkilərin azad, ədalətli keçirildiyi düşüncəsində olduğuna dair görüntü, fon yaratmaq istəyirlər?

Niyə hansısa Qərbi Avropa ölkəsində bələdiyyə başçısı, mer statusu daşıyan, bunlardan hər hansı formada bəslənmiş bir adamın təbriki belə, məhz “Avropadan Ilham Əliyevə təbriklər davam edir” başlıqları ilə təqdim olunur? Nəyin narahatlığı, nəyin pərtliyidir bu sərlövhələr, cavab verə bilərlərmi?

Mirzə Cəlilin o hekayəsi yadınızdadırmı?

Bir neçə ay əvvəl Azərbaycanın Fransadan 1000 baş cins inək alacağı barədə xəbər yayıldı. Həmin inəklər Burqundiya regionunun Yonn şəhərindən alınacaqdı.

Indi möhtərəmi təbrik edənlərin siyahısına baxıram, onların arasında həmin şəhərin “məmə” deyənindən “pəpə” yeyəninə qədər az qala, hamı var: Yonn vilayəti Ali Şurasının prezidenti, birinci vitse-prezidenti-zad.

Mən bilmirəm, dünyada siyasi taleyində suda və quruda yaşayanların (kürü, inək…) bu qədər həlledici rol oynadığı ikinci bir hakimiyyət varmı?

Ustad Mirzə Cəlilin “Oğru inək” adlı bir hekayəsi var. Oxuyanlar yəqin xatırlayırlar. Hekayə müəllifin dilindən yazılıb. Müəllif dincəlmək üçün getdiyi kənddə oğru inək haqqında eşidir. Təəccüblənir ki, oğru insan olar, bəd ayaqda it olar, pişik olar, bəs bu oğru inək haradan çıxdı? Sən demə, bu inək bütün günü yatır, gecələr isə camaatın pambıq sahələrinə soxulur, səhərədək yeyib qarnını doyurur. Səhər qayıdır sahibinin həyətinə, özünə əziyyət verib örüşə-zada da getmir.

Müəllifi maraq bürüyür, inəyin oğurluğa necə meyl saldığını öyrənmək istəyir. Axtarır, axtarır, ilk sahibinin kim olduğunu tapır. Sən demə, həmin adamın özü də pambıq oğrusu olubmuş, inəyi də uşaqlıqda hardansa oğurlayıbmış. Ona göz-qulaq olmaq üçün gecələr pambıq oğurluğuna gedəndə özü ilə aparırmış.

Beləcə, inək öz sahibi ilə o qədər oğurluğa gedir ki, axırda vərdişkar olur. Hətta sahibi onu satandan sonra da gecə oğrunca pambıq yeməyə getməyi tərgidə bilmir.

Axırda “Allah ustada rəhmət eləsin” yazacaqdım, amma bir anlığa dayandım.

Bilmədim, ölü hansımızıq, Allahdan rəhmət dilənməli kimdir: Mirzə Cəlilmi, bizmi?..