Vikipediya Ronaldonu Azərbaycanın prezidenti etdi FOTO

Vikipediya internet ensiklopediyasının Azərbaycan dili versiyasında kuryoz bir fakt qeydə alınıb. Bu nəhəng məlumat mənbəyində məşhur portuqaliyalı futbol ulduzu, “Real Madrid”in hücumçusu Kriştiano Ronaldo Azərbaycan Respublikasının “2013-cü üldə yüksək faiz səslə seçilmiş prezidenti” kimi təqdim olunub. Bu faktı “minval.az” saytı Vikipediya-nın ekranından kəsilmiş foto ilə yayıb.
Fotodan göründüyü kimi internet ensiklopediyasında futbolçu haqqında məlumatın “Erkən karyerası” bölməsi bu cümlə ilə tamamlanır: “2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində yüksək səs toplayan Kriçtiano Ronaldio, 2018-ci ilə qədər Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra edəcəkdir”.
Bu qeydin Vikipediya-da portuqaliyalı oyunçu barədə məlumat bazasına necə düşdüyü və nə qədər orada qaldığı bəlli deyil. Hazırda isə həmin qeyd göstərilən mənbədən götürülüb.