Pis ətrafın yenidən vacib olması

Yaxud «Hamınızı qırajam hökuməti»

“Prezident olub hamınızı qırajam” söyləyən Hafiz Hacıyevin dediyini Ilham Əliyev illərdir həyata keçirmirmi? Dönüb geriyə baxın. Məgər istədikləri adamı əzməyiblər? Səsini çıxaranları boğmayıblar? Günahsız adamları həbs etməyiblər? Küçəyə çıxanı yerlə sürüyüb polisə aparmayıblar? Sahibkarın şirkətini, vətəndaşın evini əlindən almayıblar? Prezident olub, adamları “qırmaq”, “həbs etmək” necə olur bəyəm?!

Qondarma namizəd Hafiz Hacıyev seçki debatlarında o kəlmələri deyəndə gülməyən olmadı. Amma gəlin boynumuza alaq, bunu eşidənlərin böyük qismində bir hiddət də yaranmışdı ki, görün nə günlərə qalmışıq, bu kəlmələri açıq efirdən deyirlər və yaxud bu cür danışan bir adam prezidentliyə namizəd olub. Bir neçə nəfər bu səbəbdən hiddətləndiyini mənə etiraf da etmişdi…

Mən isə elə o zaman da gülüb söyləmişdim ki, ay qardaşlar, Hafizin dediklərini, elə Ilham Əliyev demədən də həyata keçirir. “Konstitusiyanı dəyişəcəm, yenə prezident mən olacam, yenə istədiyimi istədiyim işin başına qoyacam!” – son seçkilər elə bu demək deyildimi? Bir çox adamların ciddi-ciddi müzakirə etdiyi hökumətin yenidən təsdiqi də elə bu idi. Bu hökumətə çox ad qoymaq olar, amma ona yaraşan adlardan biri də “hamınızı qırajam hökuməti”dir. Kim getdi, kim qaldı məsələsi artıq xırda məsələdir. Niyyət, əxlaq, düşüncə, üsul, tamah yenə də qaldı…

“Ətrafı pisdir” deyənlərə…

Köhnə bir nağıl var – prezident yaxşıdır, ətrafı pisdir. Əslində, bu da hakimiyyətə yaltaqlanmağın, onu tənqid etməkdən yayınmağın 100 üsulundan biridir. Amma bu manevrlə illərdir zəhlələri tökürlər. Həmin adamlar görəsən, indi nə deyəcəklər? Ilham Əliyev sınıq-salxaq, qoca-qoltaq, oğru-quldur hökumətini özü seçmədimi? Özü təsdiq etmədimi? Pis olan ətrafı özü saxlamadımı?

Bəli, Səfər Əbiyevi – ordu nazirini, generalı işdən uzaqlaşdırdı. Deməli, başqalarını da – pul generallarını da uzaqlaşdıra bilərdi, təmiz, düz adamları seçə bilərdi. Heç nə mane olmurdu. Deməli, illərdir söylədiyinizin yalan olduğunu öz gözünüzlə gördünüz.

Fərhadın seçki təəssüratı

Ağlınıza Fərhad Əliyev gəlməsin, mən Kanadada yaşayan azərbaycanlı Fərhad Eyyubovun növbəti təəssüratını sizinlə bölüşmək istəyirəm:

– Oktyabrın 21-də Kanadada Alberta vilayətinin paytaxtı Edmonton şəhərinin mer seçkiləri keçirildi. Mən də səsverməyə getdim və əmin oldum ki, istənilən cəmiyyətin, dövlətin inkişafı azad və şəffaf seçkilərlə bağlıdır…

Məntəqədə yüzlərlə insanın növbədə dayandığını gördüm, insanlar biganə deyillər. Səs vermək üçün 20 dəqiqə növbədə dayandım. Səsimi ən gənc və çox istedadlı namizəd Don Ivesona verdim, 34 yaşlı bu gənc cəlbedici kampaniya aparmışdı.

Bülleteni xüsusi şəkildə kompüter qutuya daxil etdilər və mənə bildirdilər ki, məntəqədə səs verən 1092-ci adamam. Eyni zamanda, səsim avtomatik olaraq sayıldı. Axşam xəbərləri izlədim, Iveson qalib gəldi.ÿEdmonton şəhərinin meri 34 yaşlı gənc oldu! Özü də xalq səsverməsinin sonucu ilə.ÿBir başqa məqam: Edmontonun sabiq meri Mendel könüllü şəkildə seçkilərə qatılmaqdan imtina etmişdi. Burada qanun 3-cü dəfə mer seçilməyə imkan verirdi. 2 dəfə mer seçilmiş bu gözəl insanın yenə seçilmək şansı vardı, lakin 3-cü dəfə mer olmağa vicdanı yol vermədi.

Sonda Fərhad Eyyubov yazır ki, əvvəlki meri şəhərdə, mağazada, ictimai nəqliyyatda görmək ehtimalı qohum-əqrəbasını “Skype”da görmək ehtimalından çox idi. Hətta söhbət də ediblər…