Qubad İbadoğlu: «Avropaya inteqrasiya məsələsi Azərbaycanın maraqlarını təmin edən yeganə yoldur və bunun alternativi yoxdur»
İlham Əliyevi növbəti çətin seçim gözləyir. Noyabrın 27-də Gömrük Ittifaqının reallaşdırılması istiqamətində mühüm bir sənəd imzalanacaq. Söhbət Gömrük Ittiafqına qoşulacaq ölkələrin vahid gömrük tarifi müəyyənləşdirilməsindən gedir. Bu tədbir ərəfəsində Azərbaycandan təşkilata qoşulması və ya təşkilatın layihələrində iştirakla bağlı hansı mövqedə dayanacağı ilə bağlı qərar verməsi istənilir.
Seçkiöncəsi Azərbaycanla Rusiyanın əlaqələri sərtləşsə də, Putinin Bakıya səfərindən sonra əlaqələrdə olan problemlər aradan qaldırılmış kimi göründü. Bu səfər reallaşdıqdan sonra bir çox ekspertlər vurğulayırdı ki, Rusiya prezidentinin səfəri nəticəsiz qalmayıb və Azərbaycan Rusiya ilə əlaqələrdəki prinsipial məsələlərdə mövqeyindən geri çəkilib. Bunu prezident seçkilərindən dərhal sonra I.Əliyevi ilk təbrik edən dövlət başçısının məhz Rusiya prezidenti olması da təsdiqlədi. Bundan başqa, I.Əliyev seçkilərə iki gün qalmış Nazirlər Kabinetinin iclasında vurğulamışdı ki, Rusiya ilə əlaqələrdə razılaşdırılmamış məsələlərlə bağlı çözüm yolu artıq tapılıb. Amma Rusiya ilə əlaqələrin qaydasında olduğu Orxan Zeynalov olayına qədər davam etdi. Orxan Zeynalov olayı və onun fonunda baş verən proseslər Rusiya ilə münasibətləri yenidən gərginləşdirdi. Bir sıra ekspertlər baş verənlərin siyasi xarakterli olduğunu vurğulayaraq hesab edirlər ki, baş verənlər Azərbaycana təzyiqin bir formasıdır və Azərbaycandan Gömrük Ittifaqı ilə bağlı qəti mövqe bildirməsi istənilir.
Noyabr ayında Azərbaycanı başqa bir beynəlxalq sınaq Avropa Birliyi ilə bağlı gözləyir. Noyabrın əvvələrində Azərbaycanın da dəvət olunduğu Vilnüs sammitində “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın növbəti mərhələsinə keçiləcək. Avropa Birliyi ilə əməkdaşlıq istiqamətində mühüm sənədlərin imzalanması nəzərdə tutulub. Amma Azərbaycanın Avropa Birliyi ilə əlaqələrdə hansı mövqeyi tutacağı da maraqlı görünür. Belə ki, bir neçə gün əvvəl məsələyə münasibət bildirən hakimiyyət təmsilçisi Novruz Məmmədov Qərbin ünvanına sərt ittihamlar səsləndirmişdi. “Avropa bizə nə vəd edib? Ona görə Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın necə olacağını hələ nəzərdən keçirir”, deyə N.Məmmədov vurğulamışdı.
Amma ekspertlər bu bəyanatın Qərbin, xüsusilə Avropa strukturlarının seçkilərlə bağlı sərt mövqeyinə cavab olaraq səsləndiyini düşünür. Belə ki, Araz Əzimov mətbuata açıqlamasında Azərbaycanın hər iki güc mərkəzi ilə məsafə saxlamaq niyyətində olduğunu bəyan edib: “Hansısa birtərəfli formata daxil olmaq, mənim fikrimcə, məqsədəuyğun deyil. Ona görə ki, Azərbaycan yalnız bir istiqamətə baxmamalıdır. Geniş imkanları olan bir dövlət kimi, Azərbaycan bütün formatlarda yalnız öz maraqlarından çıxış edərək iştirak etməlidir”.
“Şərq Tərəfdaşlığı”ÿVətəndaş Cəmiyyəti Forumunun Idarə Heyətinin üzvü Qubad Ibadoğlu Vinüsdə Azərbaycanı bir sıra mühüm sənədlərin gözlədiyini bildirdi. Hazırda Azərbaycanın iki yolayrıcında olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, hakimiyyət daxilində də hər yolun öz tərəfdarları mövcuddur. Amma hazırda Azərbaycanın baş verənlərlə bağlı qərar qəbul etməsində qəliz situasiyanın yarandığını düşünən Q.Ibadoğlu bildirdi ki, görünən odur ki, Azərbaycan Avropa Birliyi ilə əlaqələrini davam etdirir və Vilnüs sammitinə qatılacaq: “Vilnüs sammitinin gündəliyinə tərəfdaş ölkələrlə sadələşdirilmiş viza sisteminin tətbiqi barədə və asossiasiya sazişi ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulub. Ümumiyyətlə, sammitdə ən arzulanan tərəfdaş ölkələrin öncə assosiativ, daha sonra isə dərinləşdirilmiş iqtisadi əlaqələr sazişini imzalaması məqsədəuyğun sayılır. Təəssüflər olsun ki, Azərbaycan da daxil olmaqla, Ermənistan və Belarusla bu sazişlərin imzalanacağı ciddi sual altındadır. Beynəlxalq siyasətdə digər aktual sual Gömrük Ittifaqına üzvlüklə bağlıdır. Amma mən düşünmürəm ki, Azərbaycan hökuməti kəskin qərar qəbul edərək Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etsin”.
Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı istiqamətində rəsmi Bakının hələ indiyə qədər konkret mövqe sərgiləmədiyini deyən Q.Ibadoğlu vurğuladı ki, ona görə Azərbaycanın Vilnüs sammitinə qatılması israrla tələb olunur. Q.Ibadoğlu hesab edir ki, Azərbaycanın milli maraqları baxımından Avropa məkanına inteqrasiyanı seçməsi daha məqsədəuyğundur. “Avropaya inteqrasiya məsələsi Azərbaycanın maraqlarını təmin edən yeganə yoldur və mən bunun alternativini görmürəm”, deyə Q.Ibadoğlu vurğuladı.
Xəyal


