Vəfa Quluzadə: «Azərbaycanın Rusiya kimi nəhəng dövlətlə bir ittifaqa girməsi müstəqilliyin itirilməsi olacaq»
KTMT baş katibi Nikolay Bordyuja maraqlı açıqlama ilə çıxış edib. Orxan Zeynalov olayından sonra Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə ciddi gərginliyin yaşandığı bir dövrdə bu açıqlama diqqətdən yayınmamalıdır. Nikolay Bordyuja “Novosti-Armeniya” bildirib ki, KTMT sülhməramlılarının hansısa qaynar nöqtəyə və ya “dondurulmuş” münaqişənin olduğu əraziyə yeridilməsi vəzifəsi onların qarşısında heç vaxt qoyulmayıb.
N.Bordyuja qeyd edib ki, KTMT sülhməramlı qüvvələri bir neçə il əvvəl yaradılıb və hazırda birgə döyüş hazırlığı dövrünü keçirir: “Dnestryanı ərazidə artıq Rusiya sülhməramlıları var və onlar kifayət qədər uğurla öz vəzifələrini yerinə yetirirlər. Qarabağa gəldikdə isə, orada xüsusi status var və qərarların qəbulu yalnız iki dövlətin razılığı ilə mümkündür”.
Belə bir fikir də vurğulanır ki, Gömrük Ittifaqı ilə bağlı Rusiyanın gizli bir planı var. Həmin plana görə, təşkilata daxil olan ölkələrin sərhədləri birgə mühafizə olunmalıdır. Bu bəhanədən istifadə edərək Rusiyanın qoşunlarını Gömrük Ittifaqına üzv dövlətlərin sərhədlərində yerləşdirməyə çalışacağı ehtimal olunur.
Politoloq Vəfa Qulazadə vurğuladı ki, KTMT sülhməramlıları adı altında rus qoşunlarının Qarabağa gətirilməsinin münaqişənin həllinə, Azərbaycanın torpaqlarının geri qaytarılmasına heç bir köməyi olmayacaq. Azərbaycanın atəşkəs xəttində başqa dövlətin ordusunun yerləşdirilməsinin yolverilməz olduğunu deyən V.Quluzadə bildirdi ki, Rusiya sülhməramlı missiyasının əsas mahiyyətini Gürcüstanda tam çılpaqlığı ilə açdı: “Rusiya sülhməramlıları Gürcüstanda yerləşəndən sonra gürcü torpaqlarının işğalı prosesi başlandı. Hazırda Rusiya Azərbaycana hər tərəfdən təzyiq edir. Bir tərəfdən Orxan Zeynalov olayı ilə bağlı Rusiya Azərbaycana ciddi təhdidlər edir. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin heç bir xeyri yoxdur. Məlum məsələdir ki, Ermənistan Rusiyanın quberniyasıdır. Ermənistan bəs deyil, hələ rus qoşunları da Qarabağa gətirilsin?”.
Rusiyanın keçmiş SSRI-ni bərpa etməsinin mümkün olmayacağını düşünən V.Quluzadə bununla belə bildirdi ki, Azərbaycanın Rusiya kimi nəhəng dövlətlə bir ittifaqa girməsi ölkəmizin müstəqilliyinin itirilməsinə gətirib çıxaracaq. Azərbaycanın Gömrük Ittifaqına daxil olması hakimiyyətin özünə də bir təhlükədir. Qərb Azərbaycanla əməkdaşlığa hazırdır. Amma bu əməkdaşlıq Qərb dəyərlərinə hörmət əsasında reallaşa bilər”.
Xəyal


