O ikili Ilham Əliyevin inauqurasiyasında niyə yox idi?

Ilham Əliyevin iki daşın arasında, Osmanlı türkləri demiş, yanğından mal qaçırırmışcasına keçirdiyi andiçmə mərasiminə prezidentliyə oyuncaq namizədlərdən sadəcə, ikisinin dəvət edilmədiyi məlum oldu.

Biri “klassik”, “ənənəvi” Hafiz Hacıyev – yəni Hafiz Hacıyevin özü, digəri də “yeni Hafiz Hacıyev” – yəni Araz Əlizadə imiş.

Buradan çıxan nəticə:

Möhtərəm özü də bu iki tipin nəmənə olduğunun fərqindədir.

Buna görə də, onlarla eyni salonda olmağı özünə yaraşdırmır.

Onlarla eyni salonunun havasını udmağı şəninə sığışdırmır. 

Onları saxta parlamentin dəbdəbəli binasının kandarından belə, içəri addım atmağa layiq bilmir.

Amma gəl gör ki, məsələ öz gerçək rəqib və rəqiblərini nəyin bahasına olursa olsun, aşağılamaq…

Gözdən salmaq…

Həqarət dənizində boğmaq olunca onlardan vaz keçə bilmir, onlara əşhədü-ehtiyac duyur.

Onları özüylə bərabər namizəd kimi seçki prosesinə sürükləməyi rəva bilir. 

Beləcə, bir daha təsdiqləndi ki, bu hakimiyyətdə öz real opponentlərinə qarşı elə bir dərin nifrət…

Elə bir aşırı kin…

Elə bir amansız qəzəb hakimdir ki, onu, el dili ilə desək, başqa vaxt ehsan yeməyə belə getməyəcəkləri tiplərlə seçkiyə getməyə məcbur edir.

Hansı Sərdar Cəlaloğludur?

Mərkəzi Seçki Komediyasının (MSK) açıqladığı rəqəmlərə görə, hətta Hafiz Hacıyevdən belə az səs toplayan Sərdar Cəlaloğlunun bir açıqlamasını gördüm.

Hakimiyyətə müxalifətlə koalisyon hökumət qurmağı təklif edir.

Yəni yüz il yatasan, yuxunda belə görməyəcəyin bir şeyi dilə gətirir Sərdar bəy.

Oysa eyni Sərdar bəy seçkilərə aylar qala az qala hər açıqlamasında müxalifəti reallıq hissini itirməkdə suçlayırdı.

Xəyalpərvərlikdə qınayırdı.

Və mən ha çalışdım, ha çabaladım, bir partiya sədrinin o suçlamaları, qınaqları ilə bu təklifi arasında bir məntiq tapmadım.

Bir əlaqə görmədim.

Tam əksinə, bir uçurum gördüm, bir təzad gördüm, bir ziddiyyət gördüm.

Ümumiyyətlə, bunun hansı gerçək Sərdar Cəlaloğludur görəsən: xəyalpərvərliklə döyüşənmi, xəyalpərvərliyi ittiham hədəfinə çevirənmi, yoxsa xəyalpərvərliyin pik nöqtəsindən xəbər verənmi?   

Bədxassəli xəbər

Keçənlərdə bir dostum telefonla aradı, “xərçəngin çarəsi tapılıbmış, doğrudurmu?” deyə soruşdu.

Tibblə maraqlanmadığımı dedim.

“Amma sizin qəzetdə yazılıb axı, öz qəzetinizlə də maraqlanmırsanmı?” dedi.

Məgər qəzetimizin son səhifəsindəki “maraqlı xəbərlər” (bircə dəfə də olsa, o səhifəni oxuduğumu xatırlamıram, qəzetimiz üçün də “itirilmiş səhifə” hesab edirəm, uzun müddətdir isə hörmətli redaksiya rəhbərliyinə oranı ciddi mədəniyyət, əsl sənət səhifəsinə çevirərək oxucular üçün daha faydalı etmək barədə təklifimi təkrarlamaqdan dilimdə tük bitib) arasında hansısa xarici ölkədə xərçəngin çarəsinin tapıldığına dair bir xəbər varmış.

Dostumun doğmalarından biri həmin xəstəlikdən əziyyət çəkir, təbii ki, bu xəbəri oxuyunca da onun içində bir ümid doğub.

Amma gəl gör ki, artıq bunun neçənci belə xəbər olduğunu unutmuşam.

Az qala hər gün, hər həftə bir ölkənin alimlərinin xərçəngin çarəsini tapdıqlarına dair xəbər çıxır, ancaq xərçəng də can almaqda, ocaq söndürməkdə davam edir. 

Və o xəbərlərdən geriyə də üzüntüdən, təəssüfdən başqa bir şey qalmır. Tıpkı mənim dostumda olduğu kimi!

Mənimsə anlamadığım bir şey var: bir halda ki, xərçəngin çarəsi tapılmır, cəhənnəmə-gora tapılmasın, barı bu haqda həftə səkkiz, mən doqquz yayılan yalan xəbərlərin, o yalan xəbərləri yaymağın da bir çarəsini tapmaq olmazmı? Bəyəm bu da çoxmu çətindir?

Yoxsa belə əsassız, uydurma xəbərlər xərçəngdən daha betər şişəmi çevrilib mətbuatın canında?

Bilmirəm.

Bildiyim tək şey var, o da artıq həqiqətən bu içi boş, filfilo xəbərlərin şitinin-şorunun çıxdığıdır.