Qalmaqallı məhkəmələrin seçkidən sonraya saxlanması nəyə hesablanıb?
Ölkə gündəmini zəbt edən xeyli sayda məhkəmə prosesləri dayandırılaraq seçkidən sonraya saxlanıldı. Bu məhkəmə prosesləri ictimaiyyətin diqqətində olduğu, tanımış isimlərin bu proseslərdə adları hallandığı üçün və digər mühüm səbəbləri özündə daşıdığı üçün hakimiyyət hər hansı qərarların seçkiyə təsirini nəzərə alaraq məhkəmə proseslərini ertələdi. Gülər Əhmədovanın, Qurban Məmmədovun, Tale Bağırzadənin, “NIDA”çı gənclərin, Ismayıllı hadisələrində həbs olunanların və digər bu kimi böyük auditoriyanın izlədiyi proseslər, seçkidən sonra yenidən gündəmə gəlib.
Bəzi ekspertlər hesab edir ki, bu məhkəmə proseslrinin uzadılması seçkiyə hesablandığı kimi, indiki halda ard-arda yenidən məhkəmələrin keçirilməsi də seçkiyə hesablanıb.
Belə ki, 9 oktyabr seçkiləri misli görünməmiş saxtakarlıq şəraitində keçdi, beynəlxalq müşahidəçilər seçkiyə mənfi rəy verdi, yüzlərlə seçki saxtakarlığını sübut edən foto, video faktlar yayımlandı. Və hakimiyyət ölkənin və medianın gündəmini dəyişmək üçün məhkəmə iclaslarına start verib.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu kimi gedişlərlə gündəmi zəbt etməyin mümkün olmayacağını deyir: “Bu proseslərdə hakimiyyətin mahiyyətini ifşa edən əsas proses Gülər Əhmədova ilə bağlıdır. Bu məhkəmənin də seçkidən sonraya saxlanması siyasi qərar idi. Indi də Gülər Əhmədova Cəmil Həsənlini ittiham edir, əsas mətləbdən yayınmaq istəyir. Ancaq demək olar ki, sübuta yetirilmiş, hər kəsin izlədiyi bir cinayəti ört-basdır etmək mümkün deyil. Ümumiyyətlə, gündəmi hakimiyyət dəyişmir, media isə prosesləri əks etdirir. Müxalifət prinsipial, davamlı mövqe ifadə edərsə, beynəlxalq aləm bu seçkiləri diqqətə gətirərsə, ictiamiyyətin diqqətini digər istiqamətlərə yönəltmək mümkün olmaz. Hakimiyyətə yaxın olan mətbuat isə bu məhkəmələri işıqlandırmaqda maraqlı deyil, digər tərəfdən isə hökumət mətbuatını izləyən yoxdur.
Vəkil Aslan Ismayılov bildirdi ki, hakimiyyət bu məhkəmələrin ictiami çəkisini bildiyi və bu proseslərlə bağlı narazılıq yüksək olduğu üçün məhkəmələri seçkidən sonraya saxlayıb: “Hesab edirəm ki, indiki mərhələdə hakimiyyət seçkilərdən doğan narazılığı tam dərk edir. Ona görə də həbsdə olanları müəyyən fasilələrlə azad edəcəklər və bununla cəmiyyətdəki gərginliyi yumşaltmağa çalışacaqlar. Düşünürəm ki, yeni ilə qədər həbsdə olanlar bu və ya başqa formada azad olacaqlar. Ictiamiyyətin rəyini nəzərə almaq görüntüsünü yaratmaq, ictiamiyyət üçün maraqlı olan bu məhkəmələr həbs edilənlərin azad olması ilə yekunlaşacaq. Əgər bunların fikri cəmiyyəti vətəndaş müharibəsinə sürükləməkdirsə, əks addım ata bilərlər. Ancaq istənilən halda süni əngəllər yalnız qəzəbi sıxa bilər, sıxılmış qəzəbin partlaması isə faciəli olur”.
Ilham Hüseyn