qenimetzahid-yeni

Təkrar seçkilər nə zaman keçiriləcək

Yaxın bir ildə Azərbaycanın bütün siyasi görkəmi dəyişəcək

Bu, tamamilə realdır. Azərbaycanda təkrar seçkilər keçirilməlidir. Və böyük ehtimalla da, keçiriləcək. Məsələ burasındadır ki, özünü qalib edənlər belə, öz qələbəsinə inanmayan kütlədən ibarətdir. Məğlub sayılanların isə məğlubiyyəti qəbul edilmir. Proseslərin sonrakı gedişi müxalifətin, cəmiyyətin qeyri-rəsmi elitasının və geniş xalq kütlələrinin davranışından asılıdır. Ona görə qeyri-rəsmi elitanın ki, Azərbaycanda rəsmi elita yoxdur. Rəsmi sayıla biləcək elita uzurpatorlardan, iqtisadi cinayətkarlığın təşkilatçılarından, hüquqi nihilizmin yaradıcılarından və ölkəni siyasi baxımdan simasızlaşdıranlardan ibarətdir və bu, artıq, elita deyil.

Azərbaycan hakimiyyəti ona görə parçalana bilməz ki…

Bir çoxları belə hesab edirlər ki, əgər hakimiyyət daxilində parçalanma yoxdursa, ictimai etirazlar hakimiyyətin dəyişdirilmısinə gətirib çıxara bilməz. Bu, yalançı nəticədir. Parçalanma siyasi əsasları olan hakimiyyətlərin daxilində baş verir. Azərbaycanda indiki hakimiyyətin uzun illərdir ki, siyasi əsasları yoxdur. Bütün dünyada hakimiyyət elitası Karleone ailəsinə bənzədilirsə, bu, sadəcə olaraq, boş yerə edilmir. Yəni, bu hakimiyyət iqtisadi cinayətkarlıq və siyasi hakimiyyətin uzurpasiyası üzərində mövcuddur, burada mafiya qaydaları hökm sürür. Xüsusilə, 2003- cü ildən sonra hakimiyyət daxilində milli sərvətlərin monopoliyalaşdırılması, ölkə iqtisadiyyatı üzərində mafiya şəbəkəsinin hökmranlığının möhkəmləndirilməsi prosesi davamlı olaraq getmişdir və istər ehtimal edilən narazılar, istərsə də, güvənilməyəcək adamlar və çevrələr mərkəzdən vurulub atılıblar. Deməli, bu məhdud və qeyri siyasi mərkəzdən kiminsə uzaqlaşması mümkün deyil, uzaqlaşdırılanlar isə ,,ölümünə uzaqlaşdırılanlar,,dır. Siyasi mahiyyəti olmayan, yalnız olduqca məhdud bir çevrənin maraqları üzərində mövcud olan Azərbaycan hakimiyyətinin daxilində parçalanma mümkün deyil, hansısa elementlər buradan uzaqlaşsa belə, bu, hansısa yeni prosesin başlanması üçün əhəmiyyətli deyil.

Milli Şura

Ölkədə yeni proses, faktiki olaraq, başlayıb. Milli Şura son 20 ildə daxili ziddiyətləri üzündən birləşə bilməyən narazı elektoratın birləşdiyi bir siyasi müstəvi yaradıb. Yeni gerçəklik Milli Şuranın mövcudluğu ilə yaranıbsa, deməli yeni proseslər də bu müstəvidə davam edəcək. Elə buradaca, Milli Şuranın yaradılması kimi uğurlu biir prosesə təkan verən görkəmli ziyalı Rüstəm İbrahimbəyovu sayğı ilə xatırlamaq lazımdır. Onun təşəbbüsləri olmasaydı nə Milli Şura yarana, nə də bu qurum indi Azərbaycanda yeganə legitim siyasi mərkəzə çevrilə bilərdi. Uzun illər ərzində müxalifəti ittiham edənlər, onun birləşə bilməməsini irad tuturdular. Bu iradı səsləndirmək artıq, mümkün deyil. Milli Şura elə bir platformaya çevrildi ki, buradan kənarda qalanlar ictimai rəydə, faktiki olaraq, müxalifətçilikdən kənarda təsəvvür edilirlər. Hətta xeyli müddətdir, əsas müxalif tendensiyalardan birinin lideri olaraq təsəvvür edilən Rəsul Quliyev də özünü Milli Şuradan kənarda təsəvvür etdiyi andan həqiqi müxalifətçi imicindən məhrum oldu. Üstəlik, Milli Şuranın seçkilərdən sonra təşkilatlanma prosesinin davam etdirilməsi, siyasi proseslərin bu çərçivədə davam etdirilməsi əzmi yeni xalq hərəkatının başlanmasının lap yaxınlarda olduğunu göstərir. Başlıca olan budur ki, seçkilərin total saxtalaşdırılması bu dəfə yalnız xalqı və müxalifəti deyil, hökuməti də çox məyus edib. Axı, itirilmiş legitimlik saxta hakimiyyət üçün ciddi təhlükələr vəd edir. Həm ölkənin daxilindən, həm də xaricindən.

Xalqa divan tutmaq vacib şərtə çevrilir

Ölkə daxilindəki vəziyyət aydındır. Hakimiyyət öz pərtliyini gizlətmək üçün ayrı-ayrı sosial qruplar üzərinə yeni hücumlar təşkil edə bilər və yəqin ki, edəcək. Bu, əsasən, hakimiyyətdə olan mafioz qrupların iqtisadi maraqlarını şərtləndirən layihələrlə bağlı olacaq. Yenə də hansısa yaşayış massivlərin yerlə bir edilməsi, hansısa unudulmuş və ya nəzərdən qaçırılmış iqtisadi fəaliyyət sahələrinin inhisarlaşdırılması kimi proseslər ictimai narazılığın yeni ocaqlarını alovlandırmağa başlayacaq. Bütün bunlar isə Milli Şuranın timsalında mərkəzləşmiş müxalifətin lehinə işləyəcək. Bir tərəfdə qanuni sayılmayan, legitimlik siması olmayan hakimiyyət, o biri tərəfdə isə daha da güclənmiş və repressiyalardan çəkinməyən müxalifət.

Dünya onu tanımır

Ölkə xaricində isə vəziyyət bundan daha da dumanlıdır. Dünyanın böyük dövlətləri və güc mərkəzləri İlham Əliyevi qanuni prezident saymırlar. ATƏT müşahidəçilərinin verdiyi rəy, birmənalı olaraq, təkrar seçkilərin keçirilməsini israr edir. Hətta Rusiyaya güvənməyin belə anlamı qalmayıb. Orada bir Orxan Zeynalov tapıb Azərbaycanı onun timsalında istintaq təcridxanasına yerləşdirməyə iddialı görünən Rusiyaya meyllənmək nə İlham Əliyev, nə də onun hökuməti adlandırılan çevrə üçün maraqlı perspektiv vəd edir. Rusiaya ilə oynamaq o zaman perspektivli sayıla bilər ki, seçim imkanı olsun. Belə bir seçim imkanı olmayanda isə Rusiya, sözün birbaşa mənasında istintaq təcridxanasıdır. (Rusiaya sığınmış sabiq prezident Ayaz Mütəllibov orada istintaq təcridxanasında keçirdiyi zamanları indi, artıq, barışmış sayıldığı İlham Əliyevə nağıl etməmiş olmaz).

Cəmil Həsənli

Və Cəmil Həsənli. Seçki prosesi Cəmil Həsənli ilə davam etməyə başladığı an, prosesi izləyənlərin yüzdə doxsan doqquzu əminliklə bildirdilər ki, bu, ən uğurlu seçimdir. Yüzdə bir isə sonradan göründüyü kimi ciddi analitik qabiliyyəti olmayan siyasətçi və ya politoloqlardan ibarət idi. Cəmil Həsənli müxalif düşərgənin imkanlarının səfərbər edilməsi və yeni sosial resursların legitim hakimiyyət uğrunda, demokratiya və insan haqları uğrunda mübarizəyə cəlb edilməsi üçün ən uğurlu siyasi fiqurdur. Hım seçki kampaniyası dövründə, həm də seçki sonrası davranışlarında Cəmil Həsənli nəinki siyasi mübariz, həm də Azərbaycanın siması sayılacaq ziyalı obrazı ilə əsl nümunələr yaratmaqdadır. Və yeri gəlmişkən, seçki sonrası proseslərdə Ziyalılar Forumunun da bir mərkəz olaraq böyüməkdə və güclənməkdə olacağını proqnozlaşdırmağa dəyər. Həm də çox sürətlə. Proseslər proqnozlaşırıldığı kimi davam etməkdədir. Siyasi, hüquqi, mənəvi legitimliyini itirmiş hakimiyyət öz qarşısında təşkilatlanmaqda olan xalq hərəkatını, cəmiyətin siyasi-intellektual resurslarını və bu hakimiyyəti tanımayan dünyanı görür. Təkrar seçkilər isə labüddür. Yaxın bir neçə ay ərzində.