Kim nə deyir desin, bu günlərdə məmləkətimizdə yaşananların ancaq bir adı var: Azərbaycanı ildırım sürəti ilə krallıqlar, şahlıqlar dövrünə – bir şəxsin iradəsinin hamının və hər şeyin üzərində dayandığı, bir nəfərin əli üstünə əl, sözü üstünə söz tanınmadığı qaranlıq keçmişə qaytarırlar. Illərdir buna nail olmaq üçün etmədikləri əməl, çıxmadıqları oyun qalmadı.
Məsələn, saray şairliyini öncə dirildib, sonra da ona görə onillər boyu dipdiri ayaqda tutdular ki, günün birində xalq soruşsun: saray şairi varsa, bəs şah özü niyə olmasın?
Və beləcə, yaşadığımız çağın ruhuna aykırı şəkildə bu müqəddəs vətən torpaqları üzərində yenidən şahlıq yaratmaq düşünüldüyündən qat-qat asan, rahat başa gəlsin.
Keçmişi yaşatmağı keçmişlə yaşamaqdan ayırd edə bilməmək
21-ci əsrdə bir ölkəni krallığa çevirmək istəyənlərin gətirdikləri bəhanələr, boğulmamaq üçün yapışdıqları saman çöpləri isə elə öz şahlıq, monarxiya arzuları qədər gülməlidir. Məsələn, Norveçdə, Belçikada, Böyük Britaniyada hələ də krallıq institutunun qalmasını xatırladırlar. Bu çürük arqumentin cavabı kifayət qədər verilib. Həmin ölkələrdə krallıq institutu öz funksionallığına görə bir mənəvi-tarixi irsdən, muzey effektindən ötəsi deyil. Deyək ki, bir Səudiyyə Ərəbistanı, ya da bir Mərakeş krallığında olduğu qədər idarəetmə tərz və təfəkkürünün hərəkətverici qüvvəsi kimi çıxış etmir.
Bir sözlə, keçmişi yaşatmaq başqa bir şeydir, keçmişlə yaşamaq başqa bir şey. Malı mala qatmayaq. Südə su qatmayaq.
Fransada prezident harada oturur? Qədim Yelisey sarayında.
Italiyada prezidentin rəsmi iqamətgahı Quirinal sarayında yerləşir.
Avstriyada prezident beş əsrlik tarixə malik Hofburq sarayında əyləşir.
Hətta bu sarayların mühafizəçiləri də lap keçmiş əsrlərdəki qiyafələrində – uniformalarında qalıblar.
Bunda pis, utanılacaq bir şey yoxdur. Əksinə, öz tarixinə sahiblənmə, ona sayğı duyma, onunla qürurlanma duyğusu var.
Əsas odur ki, idarətetmə tərz və təfəkkürü tamam yenidir, moderndir, demokratikdir, 21-ci əsrin daşıdığı dəyərlərin ruhuna uyğundur.
Bizdə isə…
Hə, bizdə isə tarixi binaları yıxır…
Onları üzdən ağardaraq, öz ilkinliyindən, qədimliyindən qoparır, restavrasiya adı ilə onlara tamam yeni görkəm biçir, amma əvəzində idarəetməni hər gün bir az da keçmişə qaytarırlar.
Qədim saraylarda oturub belə, ölkəni ən yeni dəyərlərlə, yöntəmlərlə idarə etməyin mümkünlüyü ortadaykən, bizdə tam əksi ilə məşğuldur yaptokratiya. Modern binalarda oturub ölkəni ən geriçi, ən çağdışı, ən arxaik tərz və təfəkkürlə idarə etməkdə israr edirlər.
Ziddiyyət burdadır. Təzad budur. Pis olan budur.
Uzun sözün qısası: bu gün Azərbaycanda monarxiyanı bərqərar etməyə çalışarkən Avropanın ən gəlişmiş ölkələrində belə, krallıq institutunun hələ də yaşadığını üzünə tutalğac etmək, onu öz çirkin əməlinə bəraət kimi göstərmək komikdir, cahillik nümunəsidir, məntiqdən uzaqdır.
Razıyam, etiraz etmirəm, keşkə bizdə də Prezident Administrasiyasının o müasir arxitekturalı binasını 600 yaşlı Şirvanşahlar sarayı əvəz edəydi, amma əvəzində də orada oturanların ölkəni idarəetmə şəkli Norveçi, Isveçi, Almaniyanı… idarə edənlərin tərz və təfəkkürünün heç olmasa, min ağac ötəsindən keçə biləydi.
Keçmişin adı
Hüqo deyirdi ki, gələcəyin bir neçə adı var. Zəif adamlar üçün gələcəyin adı – mümkünsüzlük, qorxaqlar üçün – naməlumluq, düşünə bilən insan üçün isə – idealizmdir.
Iki sual yaranır.
Bir: bəs görəsən, keçmişin neçə adı var?
Iki: istər bu günə, istərsə də gələcəyə yalnız arxaik gözlə, köhnəlmiş, çağdışı dəyərlərin pəncərəsindən baxanlar üçün keçmişin adı nədir?
Əliyevlərin Azərbaycanında birinci sualın olmasa da, ikincinin cavabını tapmaq düşünə bilənlərdən ötrü gərək ki, heç də çətin olmasın.