
Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlər təzminat tələb edir
Sumqayıtda “Karvan” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlər Sumqayıt Şəhər Icra Hakimiyyətinin qarşısına toplaşıblar. Hadisə dünən baş verib. Sumqayıtdan verilən məlumata görə, ticarət mərkəzinin icarədarları onlara dəyən ziyanın məbləğinin araşdırılması və kompensasiya məsələsini müzakirə etmək istəyirlər.
Icra Hakimiyyətindən zərərçəkənlərə bildirilib ki, ticarət mərkəzinin rəhbərliyi və Icra Hakimiyyətinin məsul şəxsləri oktyabrın 22-də saat 15.00-da onlarla görüşərək məsləhətləşmələr aparacaqlar.
Sumqayıt şəhər Polis Idarəsindən APA-ya verilən məlumata görə, Icra Hakimiyyətinin qarşısına toplaşanlar bir qədər sonra dağılışıblar.
Yanğınla bağlı stasionar müalicə alan 4 nəfər evə buraxılıb. Təcili tibbi yardımdan verilən məlumata görə, hadisə ilə bağlı ümumilikdə 32 müraciət daxil olub. Onlardan 10-nu müxtəlif bədən xəsarətləri, 22 nəfər isə tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı ilkin istintaq araşdırmaları aparıldığından ötən gün günorta saatlarına kimi ticarət mərkəzinə sahibkarın girişi qadağan olunmuşdu. Günorta saat 16:00 isə polis əməkdaşlarının nəzarəti altında sahibkarlar bazara buraxılıb. Onların qəfildən içəri girmək istəməsi zamanı isə böyük izdiham yaşanıb.
Ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən bütün mağazalar əşyaları ilə birlikdə təmamilə yanaraq külə dönüb. Birinci mərtəbənin böyük bir hissəsi yanıb. Qalan hissədə sahibkarlar onlara məxsus malları çıxartmağa çalışırdılar.
Ticarət obyektlərinin sahiblərinə dəyən ziyana gəldikdə isə bu rəqəm müxtəlifdir. Əksər sahibkarların banklara olan kredit borcları üstəlik mağazaların əksəriyyətinin sığortalanmaması onları çıxılmaz vəziyyə salıb.
Xeberle.com saytının yaydığı xəbərə görə, günortadan sonra “Karvan” ticarət mərkəzinin rəhbərliyi bəzi sahibkarlara pul paylamağa başlayıb. Güman olunur ki, bu pullar ticarət mərkəzində obyekt almaq istəyən, ancaq bəlli səbəblərdən buna müvəffəq olmayanların puludur.
Sahibkarlar Haqqin.az saytına bildiriblər ki, yanğın zamanı yerli hakimiyyət orqanları ticarət mərkəzindəki mağazaların təhlükəsizliyini təmin etməyiblər. Nəticədə bir qrup adam yaranmış qarışıqlıqdan istifadə edərək mağazaları qarət ediblər. Sahibkarlar Icra Hakimiyyətindən talançıların vurduğu ziyana görə də təzminat tələb edirlər.
Xatırladaq ki, oktyabrın 19-da saat 19:25-də Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər, ərazidəki şəxslər təhlükəsiz məsafəyə uzaqlaşdırılıblar.








