Onlar seçkidə özlərinə yüksək səs faizi yazdırmaqla xalqın sevimlisi olduqlarını sübut etməyə çalışırlar
Oktyabrın 9-da keçirilən prezident seçkisi misli görünməmiş saxtakarlıqlarla tarixə düşdü. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə dairə və məntəqə seçki komissiyaları bu istiqamətdə xüsusi canfəşanlıq edib. Bu fəallıq rəqəmlərdə də özünü göstərib. Ümumiyyətlə, istər MSK-nın, istərsə də DSK-nın açıqladığı rəqəmlər seçkinin hansı şəraitdə keçdiyini aydın şəkildə ortaya qoyur. Xatırladaq ki, MSK-nın məlumatına görə, seçicilərin 73% faizinin qatıldığı seçkidə Ilham Əliyev 84,54% səs toplayıb.
Hətta bəzi məntəqələrdə seçicilərin hamısı “səsvermədə iştirak edib” və səslərin hamısı Ilham Əliyevə yazılıb, üstəlik də heç bir bülleten korlanmayıb. Bu da indiyə qədər görünməmiş hadisədir. Bir neçə məntəqədə nəticələr daha insaflı olub. Belə ki, seçicilərin hamısı səsverməyə “qatılsa da”, onlardan biri Ilham Əliyevə deyil, başqa namizədə səs verib. Yaxud məntəqədə bir neçə bülleten etibarsız sayılıb. Bir neçə bülletenin korlanması, yaxud etibarsız sayılması bütün məntəqələr üçün normal haldır. Ancaq seçki komissiyası üzvlərinin başı saxtakarlığa necə qarışıbsa, bunu unudublar.
Demokratiyaya qapı açan… saxta seçkilər
Cəmiyyətdə bəzən belə bir fikir yer alır ki, avtokratiya şəraitində seçkilərdə iştirak etmək mənasızdır. Çünki bu seçkilərin nəticələri əvvəlcədən məlumdur. Ancaq tarixdə nəticəsi əvvəlcədən məlum olan seçkilərin sonradan gözlənilməz, yəni avtoritar rejimin planına uyğun olmayan şəkildə nəticələnməsi halları da az olmayıb. Bu seçkilərin ssenarisi hakimiyyət dairələrində qurulsa da, məhz cəmiyyətin fəallığı iqtidarı geri çəkilməyə məcbur edib. Bəzi hallarda isə hakimiyyət öz istəyinə nail olsa da, məhz saxtalaşdırılmış seçki ölkədə demokratik dəyişiklikləri sürətləndirib. Bəzən diktatura şəraitində seçkilər demoratiyaya keçidin nəticəsi kimi deyil, katalizatoru kimi tarixə düşür. Nəticəsi gözlənilməz olan bəzi seçkilərə nəzərə salaq:
– Braziliya, 1974-cü il. Hərbi xuntanın təşkil etdiyi seçkilərdə müxalifət parlamentdə yerlər qazanır. Xunta yumşalma prosesinə başlamaq məcburiyyətində qaldı, bu da demokratiyaya keçidlə başa çatdı.
– Hindistan, 1977-ci il. Indira Qandi üç illik təkbaşına hakimiyyətindən sonra (1974-cü ildə parlament buraxılandan sonra faktiki rolunu yerinə yetirirdi) parlament seçkiləri keçirdi və bu seçkilərdə məğlub oldu. Onun partiyası tarixində ilk dəfə olaraq müxalifətə keçməli oldu.
– Peru, 1980-ci il. Hərbi xuntanın dəstəklədiyi APRA partiyası prezident seçkilərində müxalif Milli Alyansa məğlub olur. Peru demokratiyaya keçid edir.
– Uruqvay, 1980-ci il. Hərbi xunta təşkil etdiyi referendumda istədiyinə nail ola bilər. Iki il sonra isə seçkilərdə məğlub olub hakimiyyətdən gedir.
– Argentina, 1983-ci il. Xuntanın keçirdiyi seçki nəticəsində Radikal partiya qalib gəlib. Hərbçilərin dəstəklədiyi peronistlər ilk məğlubiyyətini alır.
– Türkiyə, 1983-ci il. Hərbçilərin keçirdiyi seçkilərdə müxalifət qalib gəlir. Türkiyədə demokratiya bərqərar olunur.
– Cənubi Koreya, 1985-ci il. Parlament seçkilərində müxalif Demokrat Partiyası 275 yerdən 102-in qazanır. Müxalifət təşəbbüsü ələ alır və üç il ərzində ölkədə idarəetmə dəyişir.
– Pakistan, 1985-ci il. Hərbi hakimiyyətin keçirdiyi və müxalifətin boykot elədiyi seçkilərdə gözlənilmədən çoxlu sayda müxalif yönlü müstəqil namizədlər qalib gəlir. “Hakimiyyət partiyası”sının namizədləri məğlubiyyətlə barışmalı olurlar.
– Filippin, 1986-cı il. Ölkəyə 20 il rəhbərlik etmiş Ferdinand Markos prezident seçkilərində məhz onun əmri ilə güllənən müxalifət liderinin həyat yoldaşı olan Korason Akinoya məğlub olur. Seçkiləri saxtalaşdırmaq cəhdləri kütləvi etirazlar və rejimin devrilməsi ilə nəticələnir.
– Çili, 1988-ci il. Pinoçet öz səlahiyyət müddətini uzatmaq məqsədi ilə keçirdiyi referendumda uğursuzluğa düçar olur və iki ildən sonra hakimiyyətdən gedir.
– Polşa, 1989-cu il. Müxalifət mandatların üçdə ikisi uğrunda mübarizə apara biləcək seçkilərə qatılır. Qalan mandatların əvvəlcədən kommunistlərə veriləcəyi deyilir. Daha radikal sağ partiyalar seçkiləri saxta adlandırır və boykota çağırış edirlər. Həmrəylik partiyası parlamentdə mümkün yerləri qazanır, bundan sonra kommunistlər hakimiyyətdən getmək məcburiyyətində qalır.
– Birma, 1989-cu il. Hərbi xunta seçkilərdə demokratlara məğlub olur.
– Nikaraqua, 1990-cı il. Sandinistlər prezident seçkilərində məğlub olurlar, bu da onların on illik diktaturasına son qoyur.
– Əlcəzair, 1990-cı il. Müxalifət parlament seçkilərində ölkəni 28 il ərzində təkbaşına idarə edən Milli Azadlıq Cəbhəsinə qalib gəlir.
– Nigeriya, 1992-ci il. Müxalifət namizədi hərbi xuntanın təşkil etdiyi prezident seçkilərində qalib gəlir.
– Serbiya, 1997-ci il. Müxalifət yerli seçkilərdə qələbə qazanır. Seçkilərin nəticələrini ləğv etmək cəhdi etirazlara səbəb olur. Ancaq müxalifət daxilində ixtilaf Miloşeviçə daha üç il hakimiyyətdə qalmaq imkanı verir.
– Çernoqoriya, 1998-ci il. Çernoqoriya prezidenti, Miloşeviçin əlaltısı olan Momir Bulatoviç qərbyönlü Milo Jükanoviçə məğlub olur.
– Serbiya, 2000-ci il. Müxalifət namizədi Voislav Koştunitsa tarixi prezident seçkisində məğlubedilməz Slobodan Miloşeviçi məğlub edir.
Bütün bunlar göstərir ki, diktatorların seçkidə məğlub olması, yaxud saxtalaşdırdığı seçkilərdən sonra hakimiyyəti ilə vidalaşması istisna olunmur. Yuxarıda göstərilən rejimlərin hər biri öz sərtliyi ilə seçilirdi. Düzdür, bu seçkilərdən sonra bəzən real demokratiyaya keçid o qədər hamar olmayıb. Bəzi hallarda (Birma, Nigeriya, Əlcəzair) seçkilərin saxtalaşdırılması yeni çevrilişlərə səbəb oldu. Amma bunun da günahkarı demokratik seçkilər keçirmək istəməyən avtoritar rejimlər olub. Amma hər halda seçki bülleteni avtoritar rejimlərlə mübarizədə onlara qarşı istifadə olunan ən təhlükəli silahdır.
Legitimlik tələsi
Ölkədə hər şeyə nəzarət etmək illüziyası ilə yaşayan diktatorlar bəzən öz güclərini həddən artıq şişirdirlər. Istənilən yolla qalib gələcəklərinə əmin olduqları halda təşkil etdikləri seçki prosesi özlərinə qarşı çevrilir. Həm ictimaiyyət, həm də beynəlxalq aləm qarşısında öz legitimliyini sübut etmək məcburiyyətində qalan diktatorlar bu istəklərinin tələsinə düşür. Çünki təkcə seçki keçirməklə beynəlxalq aləmdə legitimlik qazanmaq mümkün deyil. Bu baxımdan ədalətli seçki hakimiyyətin də maraqlarına xidmət edə bilər.
Diktatorların dilleması: seçkidə neçə faiz qazanmaq
Bir qayda olaraq diktatorlar seçkilərdə özlərinə mümkün qədər çox səs yazdırır. Bununla da ölkədə nüfuzlarının yüksək olduğunu nümayiş etdirmək istəyirlər. Bu göstəricilər adətən 80 faizdən yüksək olur. Məsələn, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov son seçkilərdə 97% səs qazandır. Qalan 3 faiz seçki kampaniyasını Berdıməhəmmədovun tərifinə sərf edən “müxalifət” namizədləri arasında bölündü. Bu, Azərbaycan üçün də tanış situasiyadır. Türkmənistan prezidenti birinci müddətə 89% səslə seçilmişdi. Ancaq bu məsələdə o, sələfi Saparmurad Niyazovdan – Türkmənbaşıdan geri qalır. Keçmiş prezident 99,5% səs qazanaraq prezident postuna keçmişdi. Bununla belə Berdıməhəmmədov 90,77% göstəricisi olan Özbəkistan prezidenti Islam Kərimovu və 80,7%-lə dövlət başçısı postuna seçilən Qazaxıstan prezidenti Nursultan Nazarbayevi geridə qoyub.
Ancaq avtoritar rejim rəhbərlərinin “qazandığı” yüksək faizlər heç də onların öz yerində möhkəm otura biləcəyindən xəbər vermir. Misirin devrilmiş prezidenti Hüsnü Mübarək son seçkilərdə 88,6% seçicinin səsini qazanmışdı. Doğrudur, bu əvvəlki seçkidəki göstəricidən bir qədər az idi. O zaman Mübarək 90% səslə qələbə qazanmışdı. Hazırda vətəndaş müharibəsinin davam etdiyi Suriyanın diktatoru Bəşər Əsəd isə müxalifət namizədlərinin qatılmadığı seçkidə 97,62%-lə qalib gəlib. Ancaq bu da rekord deyil. Kubada Kastro qardaşları və dünyanın ən sərt diktatura rejiminin hökm sürdüyü Şimali Koreyada Kim Çen Ir seçkilərdə 99% səs qazanmağa nail olublar. Mütləq rekord isə Iraqın keçmiş prezidenti Səddam Hüseynə məxsusdur. O, hakimiyyətdən devrilməzdən bir il əvvəl seçkilərdə 100%-lik nəticə göstərdi. Amma bu da onu hakimiyyətdə saxlaya bilmədi. Görünür, 80 faizdən səs yığmaq avtoritar rejim rəhbərləri üçün yaxşı əlamət sayılmır.
Sovet Ittifaqı Kommunist Partiyası 1984-cü ilə qədər Ali Sovetə bütün seçkilərdə 100 faizlik nəticə göstərirdi. 1984-cü ildə Çernenkonun rəhbərliyi ilə kommunistlər 71,5 faiz aldı, qalan yerlər isə xüsusi seçilmiş “bitərəflərə” verildi. 7 ildən sonra kommunstlər hakimiyyəti itirdi.
Hazırkı Rusiyada da seçkilərdə hakim partiya “əminliklə” qələbə çalır. Son parlament seçkilərində hakim “Vahid Rusiya” partiyası 64,3% səs qazandı. Ölkədə müxalifətin olduğunu göstərmək istəyən avtoritar rejim üçün bu normal göstərici sayılır. Ancaq Çeçenistanda “Vahid Rusiya” Türkmənistansayağı – 99,48% səs qazanıb.
Avtoritar rejim rəhbərlərinin məhz bu qədər yüksək nəticə göstərməsində onların ətrafının da rolu az deyil. Bu mənada onların arasında da rəqabət olur. Heç bir məmur onun nəzarətində olan ərazidə təmsil olunduğu hakimiyyətin başçısının az nəticə göstərməsini istəmir. Avtoritar sistem şəraitində onların bu işlərlə məşğul olmaq üçün ciddi stimulları da var. Ali rəhbərə daha da yaxın olmaq və onun etimadını qazanmaq üçün saxta seçkilər, bu seçkilərdəki “fəallıq” ən yaxşı şans hesab olunur.
***
Demokratik ölkələrdə keçirilən seçkilərdə isə yüksək faiz göstəricisi ya avtoritar rejimdən demokratiyaya keçiddən sonra ilk seçkilərdə, ya da ikinci turda olub. Məsələn, Polşada ilk demokratik seçkilərdə Leh Valensa 74,3% səs qazandı. Ölkədə yüksək nüfuzu olan və Polşanın demokratikləşməsində müstəsna xidmətləri olan Valensa növbəti seçkilərdə məğlub olub.
Cənubi Afrika Respublikasında aparteid rejiminə son qoyan və 20 əsrin ən nüfuzlu siyasi xadimlərindən sayılan Nelson Mandela 65%-dən az səs toplayaraq ölkə başçısı seçilmişdi.
Bütün bunlar onu deməyə əsas verir ki, demokratik seçkidə real rəqiblərlə yarışda heç bir namizəd 80-90-100 faiz səs toplaya bilmir. Hətta bu şəxs ölkəsinin və xalqının xilaskarı və qəhrəmanı olsa da.
Fizzə


