aljazeera-logo

Əliyev rejiminin repressiyaları “Əl-Cəzirə”də

“Qərb Əliyevə təzyiq göstərməsə…”

Azərbaycandakı seçkidən on gündən çox vaxt keçir. Amma dünya mətbuatı Azərbaycanda seçkinin saxtalaşdırılması, bu ölkədə insan hüquqları və demokratiyanın acınacaqlı durumu və Qərbin baş verənlərə münasibəti haqda materialların yayımını davam etdirir. Bu qəbildən olan daha bir material “Əl-Cəzirə”də yayımlanıb. Müəllif Tamila Varşalomidzenin hazırladığı “Qərbdən Azərbaycanda demokratiyanı dəstəkləmək çağırışı” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycanda insan hüquqlarının pozulmasına dair məlumatların fonunda Ilham Əliyev üçüncü dövr prezidentliyə başlayır.
Cənubi Qafqazın neftlə zəngin ölkəsi olan Azərbaycanda Ilham Əliyev mübahisəli üçüncü dövr prezidentlik üçün and içib. Baxmayaraq ki, o, ölkəni repressiyalarla idarə etməkdə, fərqli fikrə qarşı son dərəcə dözümsüzlükdə ittiham olunur.
2003-cü ildə atasının ölümündən sonra mübahisəli seçkilər vasitəsilə hakimiyyətə gələn 51 yaşlı Ilham Əliyev oktyabrın 19-da ən azı, daha beş illik “xalqına layiqincə xidmət edəcəyini, milli dəyərlərə və Azərbaycan xalqının ənənələrinə sadiq olacağını” vəd etdi.
Tənqidçilər deyir ki, əgər Qərb Əliyevə təzyiq göstərməsə, onun qarşısında tələb qoymasa, Azərbaycanda çox geniş yayılmış korrupsiya, insan haqları sahəsindəki pozuntular dayanmayacaq.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo seçkidən sonra Əliyevi təbrik edib. Hərçənd, ATƏT bu seçkini sərt tənqid edərək, səsvermənin ciddi qanun pozuntularıyla keçdiyini bəyan edib.
Azərbaycandakı fəallar hesab edir ki, xarici dövlətlər Əliyev hakimiyyətinin törətdiyi qanunsuz

uqlara görə tənqidləri artırmalıdır.
“Beynəlxalq ictimaiyyət Azərbaycandakı rejimin legitimlik qazanmasına dəstək verməyə son qoymalıdır. Əliyev Qərbin bir parçası olmaq istəyir. Qərbin bir üzvü olmaq istəyirsə, buyursun, islahatlar həyata keçirsin”, – deyə “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova bildirib.
Azərbaycan Gənclərinin Avropaya Inteqrasiyası Təşkilatının rəhbəri Gülsel Səfərova isə hesab edir ki, Əliyev hakimiyyəti ölkənin və xalqın çiçəklənməsi üçün son on ildə çox çalışıb. “Hökumətyönlü fəal” adlandırılmaq istəməyən Səfərova “Əl-Cəzirə”yə deyib ki, seçki demokratik keçib və Əliyevin üçüncü dövr prezidentliyindən gözləntiləri müsbətdir.
Politoloq və hüquq müdafiəçisi Qeysər Qurbanov isə Səfərovanın dediklərilə razılaşmır. O, hesab edir ki, neft-qaz hasilatı Azərbaycan üçün bəlaya, lənətə çevrildi.
“Azərbaycan enerji ehtiyatlarının daşınması, neft idxalı baxımından Avropanın Rusiyadan asılılığını azaltdığına görə Avropa dövlətləri bu ölkədə insan hüquqları sahəsində baş verənlərə göz yumurlar”, – deyə Qurbanov bildirib.
Oktyabrın 9-da keçirilmiş seçkidə müşahidə missiyasının tərkibində olmuş isveçrəli deputat Andreas Qross da təxminən eyni fikirdədir: “Azərbaycanda demokratik proses xüsusən çətindir. Çünki xırda istisnalarla, Avropa hökumətləri enerji təhlükəsizliyi barədə düşünürlər, demokratiya məsələləri onları maraqlandırmır”.
Bununla belə, ABŞ-ın reaksiyası yüngül tənqidlə məhdudlaşdı. ABŞ Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, “seçki beynəlxalq standartlara cavab verməyib”.
Qurbanov deyir ki, Azərbaycan ABŞ-la Rusiya arasında yeni böyük bir oyunun tərkib hissəsi kimi kilidlənib. Onun fikrincə, Vaşinqton insan hüquqları kimi daha ağır məsələləri nəzərə alaraq, Əliyevi Qərbdən uzaqlaşdırmaq istəmir. Çünki Azərbaycan Qərbdən uzaqlaşanda Rusiyaya yaxınlaşır. Bu da Vaşinqtonu narahat edir.
Karnegi Fondundan bildirilib ki, Azərbaycan neft gəlirləri sayəsində Cənubi Qafqazdakı iki qonşusu – Gürcüstan və Ermənistandan ən azı iki dəfə zəngindir.
Hakimiyyətin tənqidçiləri deyir ki, ölkənin sərvətinin böyük bir hissəsi ölkəni idarə edənlərin əlində cəmləşib. Beləcə, neft gəlirləri ölkənin 9 milyon vətəndaşına çatmayıb.
“Neft pulları xalqın rifahına sərf oluna bilərdi. Lakin bu pullar Əliyev və onun ailəsinin zənginləşməsinə sərf olundu. Azərbaycanda hər dörd uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir. Ölkədə ana və uşaq ölümünün səviyyəsi yüksəkdir. Həyatın bütün sahələrində korrupsiya tüğyan edir”, – deyə Xədicə Ismayılova bildirib.
“Transparency International” təşkilatının hesabatlarına görə, Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir. 2012-ci ilin nəticələrinə görə, Azərbaycan şəffaflığa görə 174 ölkə arasında 139-cu yerdədir.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı da bu ölkədə Əliyevin tənqidçilərini susdurmaq üçün repressiyalara əl atdığı, siyasi fəallara, jurnalistlərə qarşı hücumlar barədə tez-tez xəbər verir.
Xədicə Ismayılova öz başına gələnlərə görə yaxşı bilir ki, Azərbaycanda hakim ailəyə qarşı çıxanın aqibəti necə olur. Ötən il “Azadlıq” radiosunda Əliyev ailəsinin korrupsiya əməlləri barədə jurnalist araşdırması yayımlanıb. Bundan sonra Xədicə Ismayılova öz evində yataq otağında lentə alınmış görüntülərin əks olunduğu video-material və şantaj məktubu alıb. Həmin məktubda ondan araşdırmalara son qoymaq tələb olunub, əks halda, həmin videogörüntülərin yayılacağı bildirilib.
“Hökumət orqanları mənim yataq, vanna və qonaq otaqlarıma videokamera quraşdırmışdı. Təbii ki, mən şantaja baş əymədim, bundan sonra həmin videonu yaydılar”, – deyə Ismayılova bildirib.
Avqustda “Sərhədsiz reportyorlar” və daha 10 beynəlxalq təşkilat Əliyevə və ölkənin baş prokuroru Zakir Qaralova müraciət edərək, Xədicə Ismayılova ilə bağlı olayın araşdırılmasını istəmişdilər. Lakin onlara heç bir cavab verilmədi.
Xədicə Ismayılova onu da qeyd edib ki, o, təzyiqlərə məruz qalan yeganə adam deyil: “Hazırda Azərbaycanda 142 siyasi məhbus var ki, onların da 9-u jurnalistlərdir. Jurnalistlər oğurlanır, döyülür, şantaj olunur, rüşvətlə susdurulur. Ölkədə bircə müstəqil telekanal yoxdur. Hamısı hakim ailənin nəzarətindədir”.
“Amnesty International” xəbər verir ki, Ilham Əliyev Xədicə Ismayılovanı “müxalifətçi və hökumətin düşməni” kimi təqdim edərək, ABŞ-ın Bakıdakı səfirindən onun Amerikanın maliyyələşdirdiyi “Azadlıq” radiosundan çıxarılmasını istəyib.